Ağdamın cəbhə xəttindəki kəndlərində fəaliyyət göstərən fermerlər arasında təhlükəsizlik problemi ilə bağlı ciddi narazılıq hökm sürməkdədir.
Bu barədə Moderator.az saytını məlumatlandıran özəl mənbənin sözlərinə görə, fermerlər bir neçə ay bundan öncə bu məqsədlə onlardan müəyyən vəsaitin toplandığını da qeyd edib:
“Ağdam rayonunun düşmənlə sərhəd kəndlərində fermerlər min bir əziyyətlə əkib becərdikləri məhsulu yığa bilmir. Buna səbəb düşmən hərbçilərinin mülki sakinləri atəşə tutmasıdır. Fermerlər isə bildirir ki, bir neçə ay bundan öncə onlardan düşmənlə təmas xəttində təhlükəsizlik səddi ”“ torpaq dambalar tikmək üçün vəsait alınsa da, bu dambalar onların təhlükəsizliyini təmin etmir. Bəzi ərazilərdə tikilən dambaların hündürlüyünün lazımi səviyyədə olmaması, bəzi ərazilərdə isə relyef şəraiti ilə əlaqədar olaraq bu dambaların ümumiyyətlə heç nəyə yaramaması fermerləri açıq hədəf halına gətirir. Bu səbəbdən də fermerlər başda icra hakimiyyəti olmaqla əlaqədar qurumları təhlükəsizliklə bağlı ciddi addımlar atmağa səsləyir. Fermerlər tələb edir ki, ya onların təhlükəsizliyi təmin edilsin, ya da damba tikintisi ilə bağlı onlardan alınan vəsaitlər geri qaytarılsın”.