Milli Məclisin bu gün keçirilən iclasında Ali Məhkəmə və Apellyasiya Məhkəməsinə yeni hakim təyinatının müzakirəsi zamanı çıxış edən deputat İqbal Ağazadə yeni seçiləcək hakimləri ədalətə dəvət edib. Moderator.az-ın xəbərinə görə, deputat çıxışında Azərbaycanın məhkəmə sistemindəki vəziyyəti tənqid edib. Onun sözlərinə görə, Azərbaycanda hakimlər istənilən şəxs barəsində həbs-qətimkan tədbiri seçirlər: “Fərqi yoxdur ki, həmin adamın əməli ictimai təhlükəliliyinə görə ağırdır ya yoxdur. İstənilən şəxsin barəsində həbs-qətimkan tədbiri seçirlər. Bu yolverilməzdir. Xüsusilə, bu hallar siyasi cəhətdən aktiv olan adamların timsalında baş verir. Mən həbs olunan siyasi məhbusların işlərinə baxmışam. Hamısı quramadır. Lənkəranda həbs edilən Yadigar Sadıqovun işində “ştatlı üzəduran” şahidlik edir. Artıq hər bir rayonda bu cür adamlar var. Onların işi qurama proseslərdə üzədurmaqdır”.
İqbal Ağazadə sonda yeni seçiləcək hakimlərə bir çağırışda da bulundu: “Əgər sizə gələrsə, Tofiq Yaqublunun, İlqar Məmmədovun, Yadigar Sadıqovun və NİDA-çıların işinə ədalətli baxmağınızı xahiş edirəm”.