Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tabeçiliyindəki müavinlərlə münasibəti gərginləşməkdədir.
Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, hazırda icra başçısının müavini postunda çalışan şəxslər E.Əzizova keçmiş icra başçısı Vaqif Əliyevdən miras qalıb ki, yeni başçı bu kadrlardan yaxa qurtara bilmir: “Sumqayıt şəhərinə icra başçısı təyin olunandan sonra Gəncədəki “yaxın adamlarını” Sumqayıta gətirən və onları güc orqanlarından tutmuş digər dövlət müəssisələrinə qədər müxtəlif sahələrdə yerləşdirən E.Əzizov, müavin məsələsində ciddi problemlə üzləşib.
Uzun müddətdir ki, köhnə kadrlardan birini Sumqayıta müavin gətirmək istəyən E.Əzizov hazırda işlədiyi müavinlərdən heç birini vəzifədən uzaqlaşdıra bilmir. Buna səbəb icra hakimiyyətində müavin postunda çalışan şəxslərin hamısının “yuxarıların” adamı olması ilə bağlıdır. Başqa sözlə desək, E.Əzizov müavinlərinə hər hansı formada təzyiq göstərmək imkanından məhrumdur ki, bu da ona öz planlarını həyata keçirməyə imkan vermir. Məhz bu səbəbdən də E.Əzizovla müavinlərinin münasibəti getdikcə gərginləşməkdədir. Mövcud durumun tərəflərin heç biri üçün səmərəli olmadığını nəzərə alsaq, münasibətlərin yaxın gələcəkdə açıq konfliktə keçəcəyini təxmin etmək olar”.