Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə naziri David Tonoyanın ordu ilə bağlı təqdim etdiyi layihəni təsdiqləyib.
Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, məlum layihə Ermənistan ordusunun əsgər kontingentinin aylıq məvacibinin 10% məbləğində artırılmasını nəzərdə tutur. Başqa sözlə desək, Paşinyan Ermənistan büdcəsində gərəkli vəsaiti tapa bilsə, işğalçı ordunun sıravi hərbçilərini maaşlarının 10% nisbətində sevindirə biləcək.
Orduya qayğı, yoxsa özünümüdafiə instinkti?
Paşinyan hökumətinin atdığı bu addım ilk baxışdan orduya qayğı təsiri bağışlasa da, əslində bu qərarı doğuran səbəblər fərqlidir. Məsələ bundadır ki, son bir ildə Paşinyanın bütün səylərinə baxmayaraq, erməni ordusunun generalitet heyəti ilə ziddiyyətləri aradan qaldırmağa, onları öz diktəsi altına almağa nail ola bilməyib. Əksinə, bu gün Ermənistan və qondarma Qarabağ rejiminin generalları Paşinyana qarşı açıq hərbi müxalifət formalaşdırıb ki, bu da Ermənistanın baş naziri üçün ciddi təhlükə deməkdir. Çox güman ki, siyasi hakimiyyət piramidasının zirvəsində təmsil olunmağına baxmayaraq, ordu üzərində gərəkli təsir gücünə malik olmayan, bu məsələdə daha çox generalitetdən asılı olan Paşinyan, bu addımı ilə əsgərlərlə generallar arasında puldan sədd çəkməyə, özünü sadə hərbçilərə sevdirməyi planlaşdırır. Başqa sözlə desək, əsgərləri generallardan mənəvi-psixoloji baxımdan uzaq salmağa çalışan Paşinyan, sadə hərbçilərə hərbi komandanlıqdan daha yaxın olmağa çalışır. Məqsəd generaliteti real gücdən məhrum etmək, mümkün hərbi qiyamın qarşısını almaqdır. Paşinyan çalışır ki, generalların çiyinlərindəki rütbədən başqa heç nəyi, heç bir faktiki gücü olmasın. Onun ali zabit heyətinin deyil, yalnız sadə hərbçilərin əmək haqqını artırması da bundan xəbər verir.
Əsgərini satın alan, generalından ehtiyat edən baş nazir!
Göründüyü kimi, Paşinyanın bu addımı onun sıravi erməni hərbçilərinin maddi-sosial durumunu düşünməsindən deyil, öz təhlükəsizliyinin qeydinə qalmasından irəli gəlir. Məhz bu səbəbdən də onun hərbçilərin əmək haqlarının artırılması ilə bağlı qərarını orduya qayğı deyil, əsgərlərin satınalınma kampaniyası kimi dəyərləndirmək daha doğru olar. Əsgərini satın alan, generalından ehtiyat edən Paşinyanın məlum manevrləri Ermənistan ordusunun, ordu ilə siyasi hakimiyyət arasındakı münasibətlərin faciəvi durumunu göstərir.
Seymur ƏLİYEV