Ayın əvvəlində ordumuzun 2016-cı ilin aprelində əldə etdiyi zəfərin üçüncü ildönümü böyük təntənə ilə qeyd edildi. Bəs ordumuzun 99 il bundan öncə ermənilər üzərində əldə etdiyi tarixi zəfərin ildönümünün də təntənəli şəkildə qeyd edilməsinə ehtiyac varmı? Tarixi qələbələrimizin yada salınması və təhlili bu günümüz və gələcəyimiz baxımından hansısa əhəmiyyət kəsb edirmi?
Moderator.az-a açıqlama verən Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu Cümhuriyyət dönəmindəki olayların ciddi şəkildə öyrənilməsinin zəruri olduğunu vurğuladı:
“Ümumiyətlə, yeni qurulan Azərbaycan Cümhuriyyətinin ən ağır şərtlər altında erməni separatizminə qarşı apardığı təsirli mübarizə dərindən öyrənilməlidir. Bilirsiniz, 1918-ci ilin sentyabr ayında Bakı Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edildikdən sonra Qarabağda dinc müsəıman əhaliyə qarşı qətliamlar həyata keçirən erməni daşnaq dəstələri zərrəsizləşdirilmişdi. Lakin ermənilər sonra Qarabağ və Zəngəzurda yenidən üsyan və separatizm hərəkatına rəvac verdilər.
Qarabağ qubernatoru Xosrov bəy Sultanovun rəhbərliyində Azərbaycan hökumətinin qətiyyətli mübarizəsiylə 1919-cu ilin oktyabr ayında erməni terror dəstəsrələri Zəngəzur və Qarabağda cidid bir məğlubiyyət yaşadılar. Ermənistan dövləti o dövrdə də məkrli davranaraq hay-həşir qaldırıb böyük dövlətlərdən hərbi əməliyaytların dayandırılması üçün yardım istədilər. Zəngəzurdan Qarabağa cəbhədə separatçı daşnaklara qarşı aparılan uğurlu əməliyatlar Qarabağ ermənilərini qurultay çağıraraq Azərbaycan hakimiyyətini tanımaq məcburiyyətində qoydu.
Ancaq Ermənistan dövlətinin təhriki və silahlandırmasıyla vaxtiylə ruslar tərəfindən türk yurdu olan Qarabağa yerləşdirilən etnik azlıq durumundakı ermənilər yenə də bizim torpalarımızda böyük Ermənistan qurmaq xəyalından vaz keçmədilər.
1920-ci ilin mart ayından başlayaraq təkrar Ermənistandan Qarabağın erməni kəndlərinə göndərilən daşnaqlar erməniləri Azərbaycan hökumətinə qarşı üsyana çağırdılar. Martın 20-də erməni silahlı dəstələri Azərbaycan ordusuna qaşrı hücuma keçdilər. O dövrün mətbuatı Azərbaycanın hər tərəfindən könüllü dəstələrin böyük ruh yüksəkliyi ilə Qarabağa separatçılara qarşı döyüşə getdiyini yazırdı. Bir tərəfdən də bolşevik Rusiyası bir an əvvəl Bakı neftini ələ keçirmək həvəsiylə Azərbaycanı işğala hazırlaşırdı. Çətin geopolitik vəziyyət yaranmışdı. Amma Azərbaycan ordusu və xalqı böyük qətiyyətlə Qarabağı separatçılardan qurtarmaq üçün hərəkətə keçdi. Parlament, ziyalılar, cəmiyyətimizin bütün fərdləri 90-cı illərdə olduğu kimi Qarabağ məsələsi ətrafında birləşmişdi. Diplomatik, hərbi, siyasi olaraq Azərbaycan cəmiyyəti səfərbər olaraq Qarabağda uğurlu əməliyyat aparan ordumuza dəstək olmuşdu.
Biz o günlər baş verən prosesləri, Azərbaycan hökumətinin mübarizəsini ətraflı öyrənmək, yeni nəsillərə öyrətmək, ciddi dərslər almaq məcburiyyətindəyik. Ordumuz o günlərdə də, 2016-cı ilin aprel döyüşlərində olduğu kimi böyük qəhrəmanlıq sərgiləmişdi. Allah bu vətən üçün can verən bütün şəhidlərimizə rəhmət eləsin, bizlərə də tezliklə torpaqlarımızı işğaldan azad etməyi nəsib etsin”.
Seymur ƏLİYEV