Azərbaycan və Ermənistan XİN rəhbərlərinin dünən keçrilən görüşündə tərəflər arasında bir sıra məsələlər müzakirə edilib ki, bunlardan da biri hər iki dövlətin KİV təmsilçilərinin qarşılıqlı səfərləri ilə bağlıdır.
Azərbaycan və Ermənistan jurnalistlərinin Dağlıq Qarabağa, eləcə də bir-birlərinə qarşılıqlı səfərləri, habelə görüş zamanı səsləndirilən digər təkliflərin reallaşması Qarabağ probleminin həllinə müsbət təsir göstərə bilərmi? Bununla nəyisə dəyişmək, problemin ədalətli həllinə nail olmaq mümkündürmü?
Moderator.az-a açıqlama verən politoloq Arzu Nağıyev görüşdə müzakirə edilən bütün məsələlərin, xüsusilə də humanitar məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
“Bu görüş Rusiyanın təşəbbüsü ilə keçirilib. Görüşdə qlobal və detallı müzakirələr aparılıb. Ermənistan tərəfi əsasən iki məsələni təklif edir. Bunlar ümumi təhlükəsizlik və status məsələsidr. Azərbaycan tərəfi isə işğalçıların ərazisindən çıxarılması, qaçqın və məcburi köçkünlərin öz yerlərinə qayıtması məsələsini qoyub.
Görüşdə daha üç detal da müzakirə edilib. Birincisi, əsir və girovların qohumlarının bir-birləri ilə görüşməsinə imkan yaratmaq, eyni zamanda qohumu əsirlikdə olan vətəndaşlara onunla görüşə şərait yaratmaqdır. Ikinci məsələ KİV nümayəndələrinin qarşılıqlı səfərləri ilə bağlıdır. Üçüncü məsələ isə cəbhə bölgəsinə yaxın ərazilərdə əkin-biçin işləri ilə dinc şəraitdə məşğul olmaqla bağlıdır. Hər üç məsələ humanitar məsələdir.
Jurnalistlərin qarşılıq səfərləri mexanizmini təşkil etmək üçün çox güman ki, XİN, Mdüafiə Nazirliyi, Mətbut Şurası bütün bu proseslərdə iştirak etməli, bu səfərlər vahid koordinasiya mərkəzindən idarə olunmalıdır. Əsas məqamlar bundan ibarətdir.
Problemin mərhələli həllindən söhbət gedirsə, addım-addım bu məsələlər öz əksini tapa bilər. Əgər erməni tərəfi doğrudan da münaqişənin Azərbayacnın ərazi bütövlüyü çərçivəsində həllini istəyirsə, bu addımları atmaq lazımdır. Əks təqdirdə, sadəcə status-kvonu saxlamaqla məsələ uzana bilər.
Bu görüşdən dərhal sonra bir görüş də keçirmək lazımdır. Bu görüş məlum məsələlərin Azərbaycan və Ermənistan tərəfindən necə icra edilməsi ilə bağlı olmalıdır. Çalışmaq lazımdır ki, mərhələli şəkildə bu addımlar atılsın”.
Seymur ƏLİYEV