Rəsmi İrəvanın xeyir-duası və göstərişi ilə dünyanın harasında yaşamasından asılı olmayaraq bütün erməni “ziyalıları” yeni ianə kampaniyasına start verib.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, “ziyalılardan” bu kampaniyada iştirakı şərt kimi qarşıya qoyan İrəvan, bu məsələdə onların nüfuzundan, sosial şəbəkələrdəki hesablarından maksimum istifadə etməyə çalışır.
Ağır maliyyə durumundan əziyyət çəkən, ordunun ən zəruri ehtiyaclarını belə ödəməkdə böyük problemlərlə qarşılaşan İrəvan, bu problemlərin həllinə nail olmaq üçün bütün dünyada yaşayan ermənilərdən, eləcə də ermənipərəstr qüvvələrdən maddi yardım almağa çalışır. Elə bu məqsədlə də erməni ziyalılarının sosial şəbəkədəki hesabalarından yola çıxan İrəvan, dünya ermənilərinə müraciətlə “Ordu üçün siz nə edə bilərsiniz” sualı ilə çıxış etməyə, onlardan ordu, orduya dəstək üçün yaradılan qeyri-hökumət təşkilatlarının hesablarına vəsait cəlb etməyə çalışır. Rəsmi İrəvan hesab edir ki, dünya ermənilərinin bu kampaniyaya cəlb edilməsi Ermənistana müəyyən maliyyə axınına səbəb ola bilər.
Irəvan məlum prosesdə şəffaflığı təmin etmək üçün həmin ziyalıların səhifəsində, eləcə də hesabına pul daxil olan qurumların rəsmi səhifəsində ordu və ona bağlı qurumlara maliyyə yardımı göstərən şəxslərin adını, habelə köçürdüyü pulun məbləğini də qeyd edir. Məqsəd yeyinti hallaırna yol verməyi önləmək, habelə pul köçürən şəxslərdə kampaniyanın şəffaflığına inam yaratmaqdır.
Göründüyü kimi, artıq illər uzunudur ki, davam edən ağır iqtisadi-maliyyə probleminin öhdəsindən gələ bilməyən Ermənistan, ordunun problemlərini də öz vətəndaşlarını diləndirməklə həll etmək məcburiyyəti qarşısında qalıb. Bu kampaniyanın nə dərəcədə uğurlu alınacağı hələ bəlli olmasa da, Ermənistan ordusunun ianə hesabına yaşayan ordu kimi tarixdə qalacağı şübhəsizdir.
Seymur ƏLİYEV