Xəbər verdiyimiz kimi, fevralın 20-də Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim “əhalinin hava hücumundan müdafiəyə hazırlanması məqsədi ilə” növbəti təlim keçirib.
Moderator.az-ın əldə etdiyi son məlumata görə, hava hücumundan müdafiə təlimi “Berdzor” adlandırılmış Laçın rayon mərkəzində də keçirilib. Separatçı saytlar xəbər verir ki, dünən saat 11-də şəhərdə səslənmiş həyəcan siqnalı zamanı idarə, məktəb, uşaq bağçası, xəstəxana və s. obyektlərdə olan ermənilər sığınacaqlara yığışıb. “Kaşataq rayonu” nun faktiki başçısı olan ABŞ vətəndaşı Stepan Sərkisyan təlimlərə nəzarət edib. Laçındakı yaşayış, idarə və s. binalarında sığınacaqların vəziyyəti yoxlanılıb, sığınacaqları olmayan binalar müəyyənləşib. Məsələn, müəyyən olunub ki, 1 nömrəli şəhər məktəbinin sığınacağı yoxdur.
Xatırladaq ki, ötən il “icra başçısı” S.Sarkisyanın rəhbəri olduğu “Hayrenaser” təşkilatının da sponsorluğuyla Laçın rayon mərkəzinin binalarında yeni sığınacaqlar tikilib.
P.S. Ötən yazıda da dediyimiz kimi, işğal altındak torpaqlarımızdakı həyəcan siqnalı əslində bizim üçündür. 26-28 ildir ki, Laçın kimi, Şuşa, Xankəndi, Kəlbəcər, Qubadlı, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və s. da bizi səsləyir... 27-ci ildir ki, Laçın da bizsizdir..
Sultan Laçın