Bir neçə gündən sonra Xocalı soyqırımının növbəti ildönümü qeyd olunacaq. İldönümü ərəfəsində Xocalı soyqırımının təbliği ilə bağlı bir sıra təkliflər səslənir ki, bunlardan da biri Xocalı muzeyinin yaradılması ilə bağlıdır.
Moderator.az-a açıqlamasında bu təklifə münasibət bildirən millət vəkili Nizami Cəfərov bunu mümkün hesab etməklə yanaşı, soyqırımının təbliği istiqamətdə atılan digər addımlara da diqqət çəkdi:
“Bu cür təkliflər zaman-zaman səslənib. Əlbəttə, belə bri muzey yaratmaq olardı. Amma məsələ burasındadır ki, Xocalı ilə əlaqədar bütün fotolar, lent yazıları, kitablar bizim müxtəlif muzeylərimizdə mövcuddur. Məktəb muzeylərimizdən başlamış tarix muzeylərimizə qədər bu soyqırımını əks etdirən fotolar, kitablar var. Xocalı soyqırımı ilə bağlı ayrıca bir muzeyin yaradılması elə bir problem deyil. Lakin gərək düşünülə, elə mükəmməl bir muzey yaradıla ki, turistlərin, gələn qonaqların proqramına daxil edilməsi üçün beynəlxalq aləmdə tanıdıla və s. Bu işi də görmək olar. Lakin bu cəhətdən düünmürəm ki, bizim problemimiz var. Çünki Xocalı soyqırımı ilə bağlı materiallar bir çox yerdə nümayiş etdirilir. Bundan başqa, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” kampaniyası həyata keçirilir. Bu kampaniya çərçivəsində Xocalı soyqırımının tanıdılması istiqamətində ciddi addımlar atılır. Xocalı soyqırımı haqqında bütün dünyaya mütəmadi şəkildə məlumat verilir. Bu, bizim dövlət siyasətimizin tərkib hissəsidir.
Əlbəttə, muzey də yaratmaq da olar, başqa işlər də görmək olar. Amma əsas məsələ Xocalını qaytarmaq, Xocalının intiqamını almaqdır. Ən başlıca məsələ məhz budur”.
Seymur ƏLİYEV