Xəbər verdiyimiz kimi, İrəvanda işinə başlayan Rusiya-Ermənistan “Lazarev klubu”nun ilk iclasında Ermənistanın ikinci terrorçu prezidenti, Xocalı soyqırımında iştirakı ilə fəxr etdiyini birbaşa Avropa Şurası tribunasından söyləyən Robert Köçəryan da çıxış edib.
Moderator.az erməni mənbələrindən həmin çıxışın video-yazısını əldə edib. Başdan-başa rus dilində aparılan iclasda qatı türk, müsəlman düşməni olan cani siyasətçi də rusca sığallı, ütülü bir nitq söyləyərək növbəti dəfə Kremldəki ağalarına yalmanıb.
R. Köçəryan bildirib ki, bu çətin dövrdə Ermənistanın ənənəvi geosiyasi prioritetlərindən yayınması barədə birbaşa və ya dolayı çağırışlar, hətta bunlar həyata keçməsə belə, ciddi təhlükə yaradır.
"Ermənistan-Rusiya münasibətlərinin xüsusi qayğıya ehtiyacı var. İnformasiya texnologiyaları və sosial şəbəkələr ictimai əhval-ruhiyyəni manipulyasiya etmək üçün böyük imkanlar yaratmaqla cəmiyyətlərdə şübhə və inamsızlıq toxumları səpir ki, bu da uzunmüddətli əlaqələrimizin erroziyasının başlanmasına gətirib çıxaracaq...” –deyə işğalçı ölkənin Rusiya vassalı olan keçmiş başçısı ermənilərin tarixi ağalarından birdəfəlik ayrılmasınını qorxulu olduğunu ifadə edib.
Hazırda dövləti cinayətlərdə ittiham olunaraq məhkəmə nəzarəti altında olan R.Köçəryan çıxışının sonunda klubun təçkilatçısı Rusiya Dumasının ermənipərəst deputatı Konstantin Zatulinə xüsusi yaltaqlanıb və ona yenicə çapdan çıxmış kitabını bağışlayıb. Rusiyalı qonaq da R.Köçəryanın xidmətlərini(!) xüsusi olaraq qiymətləndirib...
Xatırladaq ki, sözügedən kluba adı verilmiş Lazarev Rusiyada yaşayan məşhur erməni nəslinin adıdır. Belə bir klubun yaradılması təşəbbüsüylə bu il məhz Konstantin Zatulin çıxış edib. “Lazarev klubu”ndan öncə Ermənistanda “Qriboyedov klubu” fəaliyyət göstərib. 2012-ci ildə yaradılan klub 2015-ci ildə fəaliyyətini dayandırıb. Klubun yaradıcısı rusiyalı jurnalist Dmitri Kiselyov olub.
Sultan Laçın