“Bizdəki əmlak qeydiyyat sistemi Fransada Napoleon dönəmində tətbiq edilib...”
İqtisadiyyat
3336
30 Nov 2018 | 18:41

“Bizdəki əmlak qeydiyyat sistemi Fransada Napoleon dönəmində tətbiq edilib...”

Bu gün Vergilər Məcəlləsinə edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı aparılan müzakirələr bərbərlərin, ofisiant və dərzilərin də vergi verməsi məsələsini aktuallaşdırıb.

Sözügedən təbəqəyə məxsus şəxslərin vergi prosesinə cəlb edilməsi məntiqlidirmi? Bu, müəyyən sosial gərginliyə və ya narazılığa səbəb ola bilərmi?

Moderator.az-a açıqlama verən iqtisadçı ekspert Rövşən Ağayev bu yeniliyi təqdir etdiyini, lakin islahatların kompleks şəkildə həyata keçirilməsinin zəruri olduğunu qeyd etdi:

“Mən çalışan, işləyən hər kəsin dövlət büdcsinə kiçik də olsa töhfə verməsini istəyirəm. Bu, sadəcə iqtisadi məsələ deyil. Bu, həm də siyasi məsələdir. Vətəndaş qazandığı puldan ölkəsinin inkişafına töhfə verməlidir. 100 manat qazanan 100 manata, 100 milyon qazanan da 100 milyona görə büdcəyə töhfə verməlidir. Vergilər Məcəlləsində də göstərilir ki, vergilər ədalətli olmalıdır. Mən ədalət və bərabərlik prinsipinin qorunması şərti ilə hər kəsin vergi verməsinin tərəfdarıyam. Məmur, həkim, müğənni və s. kim olursa-olsun, hər kəs vergi verməlidir. Şəffaflıq olmalı, hamı şəffaf şəkildə fəaliyyət göstərməlidir. Xərclərin uçatonun aparılması, hesabatlılığın olması və s.kimi ideyaları prinsip olaraq bəyənirəm.

Sizə bir fakt deyim. Fransa dünyada əmlak haqqında, əmlak haqqında vergi ilə bağlı dolğun sistem formalaşdıran, bu sahədə zəngin təcrübəyə malik qədim tarixə malik ölkələrdən biridir. Bizim indi gördüyümüz əmlak qeydiyyat sisteminə Fransada Napoleon 200 ildən də artıq dövrdə  başlayıb. Orada əmlakı dəyəri ilə uçota almağa başladılar.  Bunu ona görə etdilər ki, kimin hansı məbləğdə mülkə malik olduğunu bilsinlər. Mülkün dəyərinə uyğun olaraq da hökumət vergi müəyyənləşdirirdi. Bilirdi ki, kimin qazancı nə qədərdir.

Mən hər kəsin gəlirlərinin uçotunun olmasını istəyirəm. Amma bundan sonrasını da eləmək lazımdır. Hamı büdcəyə vergi ödəyirsə, hökumətin borcu bu büdcəni şəffaf xərcləməkdir. Hansısa biznesin hansısa oliqarxa malik olması, kiminsə vergidən yayınması yolverilməzdir. Yaxud kiminsə fəaliyyətinin davamlı yoxlanılması, kiminsə sərbəst buraxılması da düzgün deyil. Hesab edirəm ki, biz bu islahattlardan ciddi nəticə gözləyiriksə, o zaman bu tədbirləri kompleks olaraq həyata keçirməliyik.

Mən istənilən halda islahatların keçiriməsini təqdir edirəm və düşünürəm ki, bu səylər davam etdirilməlidir”.

 

Seymur ƏLİYEV  

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər