143 manatla vətəndaşı bir ay ərzində normal dolandırmaq yox, anormal yerinə qoyub yaxşıca dolamaq olar...
***
Rüşvətxorluq, korrupsiya, harınlıq, saxtakarlıq, özbaşınalıq, təkəbbürlülük və s. kimi günahlardan qaçmağa çalışmayan məmurlar media ilə səmimi, təmənnasız, isti münasibətlər qura bilməyəcək, daha doğrusu, qurmaq istəməyəcək və bacardıqca jurnalistlərdən(reketlərdən yox...) qaçacaq...
***
Əgər millətlər adına parlamentlərdə əyləşən deputatların hamısı əsl mənada millət vəkili olsaydı, dünya çoxdan düzələrdi; deputatların bəziləri doğrudan da mövcud gerçəklikdə bacardıqları qədər haqqı deməyə, millətin haqqını qorumağa çalışırsa, digərləri, ölkənin sərvətini talayaraq, vətəndaşları hər vasitə ilə soyaraq milləti zillətə salanların və özünün acgöz maraqlarını qoruyan, qanunları oliqarxların maraq çərçivələrinə uyğunlaşdıran zillət, şər vəkilləridir...
***
İrəvandakı məşhur Göy məscidi ziyarət edən Azərbaycan deputatları, yəqin, yaxşı bilirlər ki, Ermənistan hökuməti həmin məscidi dünyaya Azərbaycan məscidi kimi yox, İran məscidi kimi təqdim edir və onu İran Mədəniyyət Mərkəzinə icarəyə verib...
***
“Drakon”luğumuzu, “əjdaha”lığımızı, nə bilim, “Rembo”luğumuzu, “Polad Ələmdar”lığımızı, “akula”lığımızı Bakıda, Gəncədə, Bərdədə, Şəkidə... biri-birimizə, xüsusən də özümüzdən zəiflərə, arxasızlara yox, birləşib Qarabağda işğalçı, terrorçu ermənilərə göstərsək, yaxşı olar...
***
Lənkəranda, Astarada canavarların, filan yerdə çaqqalların, goreşənlərin camaata hücumu qorxulu deyil; bizi qanlı və dibsiz uçuruma aparan əsl təhlükə odur ki, nəfsimiz canavara, çaqqala dönüb imanımızı, inancımızı, vicdanımızı, mənliyimizi, qeyrətimizi, arımızı, namusumuzu, soykökümüzü gəmirdikcə gəmirir...
***
Haqqın başına elə oyunlar açmamışıq ki, haqqımızı da qoruya bilək: əməyimizə görə verilən cüzi maaşa da “haqq” deyirik, saxta yolla, başqasının haqqını tapdayaraq iş düzəltmək üçün verdiyimiz rüşvətə də “haqq” deyirik(“haqqını ver- işini gör”), konstitusion hüquqlarımıza da “haqq” deyirik: bütün bunlardan sonra da Allaha, ədalətə də “haqq” deyib “ya Haqq- Allah!” xitabı ilə imdad diləyirik...