Ötən həftənin ən maraqlı olaylarından biri Afrika dövlətlərindən Benin Respublikasının müstəmləkə dönəmində Fransa tərəfindən qarət edilən incəsənət nümunələrinin geri qaytarılması ilə bağlı tələblə çıxış etməsi oldu. Daha dəqiq desək, Benin Respublikasının iki ildir ki, bu istiqamətdə apardığı mücadilə nəhayət ki, öz nəticəsini verdi və Fransa ilkin olaraq 26 bu cür əsəri adıçəkilən Afrika dövlətinə qaytarmağa razılıq verdi.
Bəli, hər zaman olduğu kimi bu gün də bütün dünyanın ən geridə qalmış regionu hesab edilən “qara qitə” yaxın-uzaq tarixin onlara yaşatdığı bir çox məhrumiyyət və ağrı-acını qismən də olsa kompensasiya etmək, öz mədəniyyət və incəsənətinə sahib çıxmaq, itirilən maddi-mədəniyyət nümunələrini yenidən geri qaytarmaq üçün prinsipial mövqe ortaya qoymaqdadır. Öz əzəli zənginliyinə qovuşmaq, dünyadakı qloballaşma və demokratikləşmə proseslərindən istifadə edərək milli maraqları daha dərindən və əhatəli şəkildə qorumaq, itirilən sərvətlərin yenidən ölkəyə qaytarılmasını təmin etmək bir çox Afrika dövlətinin yürütdüyü siyasətin əsas qayəsini təşkil edir. Və etiraf etmək lazımdır ki, bir çox parametrlər baxımından özünü Avropa ilə müqayisə edən, hətta bəzi nüanslara görə özünü Qərbdən belə üstün hesab edən ölkəmizin bu məsələdə Afrikadan öyrənməli olduğu çox şey var.
Son iki əsrdə maddi sərvətləri ilə yanaşı, həm də milli-mədəni və milli-mənəvi baxımından amansızcasına qarət edilən ölkəmizin incəsənət əsərlərinə, maddi-mədəniyyət nümunələrinə başda Rusiya və İran olmaqla dünyanın bri çox ölkələrində rast gəlmək mümkündür. Hansı ki, bu gün Azərbaycanın da həmin incəsənət nümunələrini ger qaytarmaq üçün bu ölkələr qarşısında konkret və qəti tələblərlə çıxış etməsi, həmin əsərlərin ölkəmizə qaytarılmasını təmin etməyə ciddi ehtiyac var.
Bu gün ölkəmizdən kənardakı hər bir mədəniyyət və incəsənət nümunəsi bizim tariximizin, milli ruhumuzun, sivilizasiyamızın, özünütəsdiqimizin bir parçası, bir hissəsidir. Həmin sənət əsərlərini, abidələri geri – aid olduqları yerə qaytarmaq hər şeydən öncə milli tariximiz və əcdadlarımız qarşısında yerinə yetirilməsi gərəkən bri borcdur. Ölkəmizin hazırkı durumu, beynəlxalq aləmdəki nüfuzu, maliyyə imkanlarının genişliyi və s. bu borcu layiqincə ödəmək üçün yetərlidir.
Bunu da unutmaq olmaz ki, həmin incəsənət nümunələrini geri qaytarmaq həm də bir şərəf məsələsidir və milli özümüzütəsdiq baxımından da mühüm əhəmiyyət kəsb edir.
Odur ki, Azərbaycan da gec də olsa bu istiqamətdə sistemli addımlar atmalı, qonşu ölkələrdə, eləcə də bəzi Avropa dövlətlərində ona məxsus olan incəsənət nümunələrini geri qaytarmağa müvəffəq olmalıdır. Azərbaycan sübut etməlidir ki, dünya onun yaratdığı, bəşəriyyətə bəxş etdiyi incəsənət nümunələrindən faydalana bilər, lakin bu incəsənətə, onun ölümsüz nümunələrinə sahib çıxa bilməz. Bu, tariximizin, incəsənətimizin bütöv bir dövrünün oğurlanması, əlimizdən alınması deməkdir və buna göz yummaq bizə əsla və əsla şərəf gətirməz.
Seymur ƏLİYEV
e-mail: [email protected]