Azərbaycanın taleyüklü problemi olan Qarabağ münaqişəsinin uzun illərdir ki, öz həllini tapmaması, böyük güclərin bu problemdən öz məqsədləri üçün faydalanması kimsəyə sirr deyil. Bu da sirr deyil ki, Qarabağ probleminin donmuş vəziyyətdə qalması, özünü sadəcə təmas xəttində ara-sıra yaşanan qanlı toqquşmalar timsalında yada salması, hər şeydən öncə Minsk qrupuna həmsədr olan dövlətlərin işinə yarıyır ki, bunlardan da biri hər iki münaqişə tərəfinə milyardlarla dollar məblğində silah satan Rusiyadır.
Qafqazda axan qan Kremli necə varlandırır?
Qarabağ problemi Rusiyanı hər iki ölkənin iqtisadi-siyasi həyatına daha dərindən daxil etsə də, bu münaqişənin Kremlə ən çox pul qazandıran tərəfi münaqişə tərəflərinə satdığı silahlardır. Hansı ki, Azərbaycan və Ermənistana adi atıcı silahlardan tutmuş müasir raket sistemərinə qədər bir çox silah növlərini həvəslə ixrac edən Rusiya, öz nəhəng silah sənayesini münaqişə tərəflərinin dövlət büdcəsi hesabına bəsləməkdədir. Bir tərəfdən münaqişənin sülh yolu ilə nizamlanması üçün Minsk qrupunun həmsədri kimi “tər tökən” Rusiya, digər tərəfdən ABŞ-la rəqabət fonunda nəinki hər il, az qala hər ay inkişaf etdirdiyi hərbi sənayesinə məxsus silahları münaqişə tərəflərinə satmaqla hər iki tərəfi daha amansız müharibəyə hazırlayır. Başqa sözlə desək, Qarabağ problemi təxminən 30 ilə yaxındır ki, rus hərbi sənayesinin məhsullarıın idxalını təmin edən balıca amil rolulda çıxış edir. Bu isə o deməkdir ki, Qarabağ probleminin mümkün qədər uzanması üçün Rusiyanın əlində kifayət qədər sanballı səbəb var və bu səbəb bundan sonrakı daha 30 il üçün də ciddi arqument hesab edilə bilər.
Faciəmizdən daha kimlər “mənfəət payı” umur?
Bu günlərdə ABŞ prezidentinin köməkçisi Con Bolton münaqişə tərəflərinə açıq mətnlə silah təklif etməsi rəsmi Vaşinqtonun da Cənubi Qafqazın silahandırılması prosesində yaxından iştirak etməkdə qərarlı olduğunu göstərdi. Boltonun “amerikan silahı rus silahından daha yaxşıdır” ifadəsi və tərəflərin Amerika silahları ala bilməsinin mümkünlüyü ilə bağlı səsləndirdiyi fikirlər göstərdi ki, Ağ Ev gec də olsa münaqişə tərəflərinə silah satışından mənfəət əldə etməyə qərar verib. Görünür, amerikalı ideoloqlar və hərbi-sənaye rəhbərləri hesab edir ki, həm gəlir əldə etmək, həm də Rusiyanın Cənubi Qafqazdakı şəriksiz slah ticarətinə son qoymaq üçün bu günə qədər gözardı edilən bu bazara daxil olmağa ehtiyac var. Həmçinin, Amerikanın Cənubi Qafqaza silah ixracı onun digər müstəvilərdəki mövelərini də möhkəmləndirəcək ki, bu da Ağ Ev üçün əlavə qazanc hesab oluna bilər.
Bir sözlə, proseslərin gedişatı sübut edir ki, Qarabağ problemi uzandıqca bu münaqişənin həllinə cavabdeh olan beynəlxalq güclərin bu qarşıdurmadan mənfəət əldə etmək, öz büdcələrini müharibə şəraitindəki ölkələrin vəsaiti hesabına doldurmaq ehtirası da çoxalır. Qarabağın göz yaşları hesabına milyon qazanmaq istəyənlərin artması isə özü ilə birlikdə yeni problem və ziddiyyətlər deməkdir.
Qarabağ – illərin çözümə deyil, çıxmaza sürüklədiyi problem
ABŞ-ın Cənib Qafqaza silah ixracının doğura biləcəyini bir sıra problemlər var ki, bunlardan da ən başlıcası bu missiyanın Qarabağ probleminin həllini daha da uzada biləcəyi ilə bağlıdır. Çünki ABŞ Qafqaz bazarında yer alacağı təqdirdə, eynən Rusiya kimi Qarabağ problemminin həllində deyil, daha da uzanmasında maraqlı ola bilər ki, bu da beynəlxalq müstəviyə daşınan münaqişənin həllində əlavə problemlərə səbəb ola bilər.
Bundan başqa, ABŞ silahlarının Qafqaza yol tapması Azərbaycan və Ermənistan arasında silahlanma yarışının daha da qızışmasına səbəb olacaq ki, bu da hər iki tərəfdən əlavə maliyyə resursları tələb edəcək.
Bir sözlə, Qarabağ problemi ətrafında baş verənlər ötən zamanın münaqişənin həllinə deyil, daha da mürəkkəbləşməsinə xidmət etdiyini göstərir. Bütün bunlarla yanaşı, ermənilərin işğal edilmiş torpaqlarda sürətlə möhkəmləndiyini, yeni istehsalat müəssisələri, turizm obyektləri, məktəb və kilsələr inşa etdiyini nəzərə alsaq, o zaman bir-birini əvəz edən illərin heç də bizim xeyrimə işləmədiyi aydın olar.
Ağrılı da olsa anlamaq lazımdır ki, bizim üçün dərd olan bu problem bir çoxları üçün sadəcə qazanc mənbəyidir və onlar öz qazanc mənbələrini itirməmək üçün dərdimizə dərman tapmağımıza imkan verməməyə çalışacaq. Bu isə o deməkdir ki, bizi Qarabağ uğrunda umduğumuzdan, düşündüyümüzdən daha ağır və üzücü mübarizə gözləyir.
Seymur ƏLİYEV
e-mail: seymur_dq04@mail.ru