Fransa prezidenti Emmanuel Makronun Bakıya səfəri əsnasında müzakirə olunacaq məsələlərdən birinin də Azərbaycanın bu ölkədən silah idxalı ilə bağlı olacağı ehtimal edilir.
Xatırladaq ki, bir müddət bundan öncə ölkəmizin İtaliyadan 10 ədəd təlim təyyarəsi aldığı ilə bağlı informasiya yayılmışdı.
Azərbaycanın İtaliyanın ardınca Fransa silah bazarına üz tutması nədən xəbər verir? Bu, ölkəmizin tədricən Qərb bazarına üz tutması kimi dəyərləndirilə bilərmi?
Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov Azərbaycanın silah idxalı ilə bağlı müstəqil, sərbəst siyasət yürütdüyünü vurğuladı:
“Azərbaycan həmişə silah idxalında sərbəst olan bir ölkədir. Bu günlərdə Azərbaycanda böyük silah sərgisi də keçirildi. Bu sərgidə Fransanın da, İtaliyanın da şirkətləri iştirak edirdi.
Azərbaycan bir və ya iki ölkədən deyil, xeyli sayda ölkədən silah alır. Idxal bazarını genişləndirir. Hesab edirəm ki, “ADEX- 2018”-də bəzi müqavilələr ikitərəflidir.
Hər bir bazar dövlətlərarası münasibətlərin inkişafının göstəricisidir. Avropa dövlətləri ilə hərbi konteksdə hansısa əlaqələrə malik olmaq, həm də digər müstəvilərdə əlaqəyə malik olmaq anlamı daşıyır.
Fransada güclü erməni lobbisi mövcuddur. Hansı ki, onlar bəzi məqamlarda Fransa dövlətinin qərarlarına müəyyən qədər təsir edirlər. Yəni işin siyasi tərəfi də var. Fransanın hərbi sənayesi hər zaman güclü olub. Avropada da, dünyada da kifayət qədər tanınıb.
Bildiyim qədəri ilə Azərbaycan Fransanın dəniz-patrul katerlərinə maraq göstərir. Bu katerlərin uzunluğu 90 metrdir. Orada helekopter də, 3 ədəd qayıq da yerləşə bilir. Bu, dənizdəki strateji obyektlərimizin qorunması baxımından önəmlidir.
Azərbaycanın dünyanın bütün qabaqcıl ölkələri ilə əməkdaşlıqda maraqlıdır və baş verənlər də bu əməkdşlığın göstəricisidir”.
Seymur ƏLİYEV