İşğaldakı Azərbaycan torpağı olan Dilicanda ermənilərin təşkilatçılığı ilə 6-cı beynəlxalq incəsənət səergisi keçirilib. Sərgidə ermənilər Azərbaycana aid bir sıra musiqi alətlərini, eləcə də tarı ermənilərə məxsus alət kimi təqdim edib.
Bu günə qədər Azərbaycana aid əksər maddi-mənəvi dəyər və abidələrə iddia irəli sürən, bunları öz adlarına çıxmağa cəhd edən ermənilərin bu kəs musiqi alətlərimizə əl uzatması erməni həyasızlığının yeni bir nümunəsi kimi dəyərləndirilə bilərmi? Milli musiqi alətlərimizi qorumaq, onların dünya ictimaiyyətinə ermənilərə məxsus alətlər kimi çatdırılmasını önləmək üçün hansı addımlar atılmalıdır?
Moderator.az Sherg.az-a istinadən xəbər verir ki, tarzən Ayaz İmranov baş verənlərin ciddi narahatlıq doğurduğunu vurğuladı:
“Ermənilərin Azərbaycanın milli musiqi aləti olan tarı beynəlxalq sərgidə özlərinə məxsus musiqi aləti kimi təqdim etməsi saysız-hesabsız erməni həyasızlığının davamı kimi qiymətləndrilməlidir. Ermənilərin bu iddiası onların nə qədər riyakar və simasız olduğunu göstərməklə yanaşı, həm də nə qədər aciz və milli-mənəvi dəyərlərdən məhrum toplum olduğunu göstərir. Çünki özü dəyər formalaşdıran, dəyər yarada bilən heç bir xalq başqa bir xalqın dəyərlərinə iddia etmir. Buna yalnız o toplumlarda rast gəlmək mümkündür ki, onlar ortaya öyünə biləcəkləri yüksək bir dəyər, ali bir mədəniyyət ortaya qoya bilmirlər. Ermənilər məhz belə toplumlardandır. Ona görə də Azərbaycan xalqına məxsus maddi-mədəniyyət və incəsənət nümunələrini öz adlarına çıxmaqla sivilizasiyalı dünyaya özlərini mədəni bir toplum kimi təqdim etməyə çalışırlar.
Tar sadəcə musiqi aləti deyil. Tar həm də xalqımızın tarixinin ayrılmaz bir parçası, onun ruhi-mənəvi dünyasının bir hissəsidir. Tar həm də xalqımızın xarakterinin, onun əxlaq və mənəviyyatının simvoludur. Təsadüfi deyildir ki, böyük Çin filosovu Konfutsi hər bir xalqın milli musiqini o xalqın xarakterini müəyyən edən ölçü vahidi kimi dəyərləndirib. Konfutsi deyirdi ki, bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin.
Bu fikirlərdə çox böyük həqiqət var. Doğrudan da, heç nə xalqın xarakterini onun musiqisi qədər dəqiq əks etdirmir. Bu isə o deməkdir ki, ermənilər tara əl uzatmaqla xalqımızın mənəvi dünyasına, onun tarixinə, mübarizə ruhuna əl uzatması deməkdir.
Ümumiyyətlə, Azərbaycan xalqı ilə onun milli musiqi aləti olan tarın taleyi arasında da qəribə bir oxşarlıq var. Xalqımız kimi tarımız da bu günümüzə qədər ağır və keşməkeşli yol keçib. Xalqımız kimi tarımıza da zaman-zaman müxtəlif hücumlar, qərəzli yanaşmalar olub. Sovet dönəmində bu cür yanaşmalara daha çox rast gəlinir. Hansı ki, hələ o dövrdə Azərbaycan xalqının mərhum şairi Mikayıl Müşfiq “Oxu tar” şeiri ilə tara qarşı hücumlara üsyan etmiş, tarın xalqımızın mənəvi-mədəni həyatının bir hissəsi olduğunu poeziyanın əsrarəngiz dili ilə ortaya qoymuşdur. Yəni xalqımız tarı öz həyatı, canı və qanı bahasına tarixin keşməkeşli sınaqlarında qoruyaraq bu günümüzə gətirib çıxarıb. Bu gün onu qorumaq, ona sahib çıxmaq isə bizim hər birimizin mənəvi borcudur.
Hesab edirəm ki, ermənilərin milli musiqi alətimiz olan tarla bağlı atdıqları bu addım cavabsız qalmamalı, erməni yalanları fakt və sübutlarla dünya ictimaiyyətinə çatdırmalıdır.
Artıq bir neçə ildir ki, Heydər Əliyev Fondu Azərbaycan milli musiqisinin təbliği istiqamətində ciddi addımlar atmaqdadır. Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycan muğamı, onun bütün komponentləri, eləcə də milli tarımız beynəlxalq aləmdə təbliğ edilməkdə, tanıdılmaqdadır. Bu, milli musiqimizin, musiqi alətlərimizin və muğamımızın təbliği baxımından misilsiz bir addımdır.
Bununla yanaşı, bizim hər birimiz milli mədəniyyətimizin elementlərinin təbliğində yaxından iştirak etməli, erməni yalanlarının ayaq açıb yeriməsinə imkan verməməliyik. Biz erməni riyakarlığını ifşa etməklə göstərməliyik ki, bu toplum öz milli-mənəvi və mədəni kasadlığını başqa xalqlara məxsus dəyərləri mənimsəməklə pərdələməyə çalışır. Və heç cür anlamaq istəmir ki, özü bir dəyər yaratmayan xalqa hər hansı bir dəyəri yaşatmağa, onu ayaqda tutmağa qadir deyil”.