ABŞ və Türkiyə arasına gərgin olan münasibətlər kəskinləşməkdə davam edir. ABŞ-ın bəzi türk məmurlarına qarşı tətbiq etdiyi sanksiyaların ardınca, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin istehsal etdiyi elektron məhsulların idxalından imtina edəcəklərini bildirib.
Mövcud situasiyada türk dünyası, eləcə də Azərbaycan Türkiyə ilə ən azından mənəvi baxımdan birlik sərgiləməlidirmi? Türk dünyasının indiki halda Türkiyəyə verəcəyi dəstək rəsmi Ankara və türk xalqının maraqları baxımından nə dərəcədə əhəmiyyətlidir?
Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev belə bir dəstəyin olduqca vacib olduğunu vurğuladı:
“Türkiyə həmişə Azərbaycanı dəstəkləyib. İndi isə həm Azərbaycan-Türkiyə münasibətləri, həm türk xalqları arasındakı mənəvi birliyə, qardaşlıq münasibəti və s. baxımından ölkəmizin Türkiyənin yanında olması vacibdir.
ABŞ Türkiyəyə qarşı oyunu təkbaşına qurmayıb. ABŞ bunu kiminləsə razılaşdırıb. Bu oyunda bəzi dövlətlərin izi görünür ki, bunlardan da biri İsraildir. Türkiyə qarşı münasibət Putin-Tramp görüşündən sonra kəskinləşdi. Doğrudur, Rusiyaya qarşı da müəyyən sanksiyalar var. Amma Türkiyəyə qarşı daha alçaldıcı 8 təklif irəli sürülüb. Amerika türk xalqının qürurlu xalq olduğunu bilir. Bilir ki, onların 600 illik imperiya tarixi var. Onlar Türkiyəni çökdürmək istəyir.
Burada bir amil də var. 2023-cü ildə Türkiyə boğazlara tam sahiblənəcək. Ötən əsrdə bağlanmış 100 illik müqavilənin müddəti qurtarır. Əgər bu gün yalnız Rusiya boğazlardan keçəndə vəsait ödəyirsə, 2023-cü ildən sonra digər dövlətlər də Türkiyəyə vəsait ödəməli olacaq. Avropa dövlətlərinin bu işdə qeyri-real mövqe sərgiləməsi bununla bağlıdır. Türkiyənin çökməsini istəyən qüvvələr var.
Avropadan türklərin sıxışdırılması planını həyata keçirməyə çalışırlar. Buna isə Almaniya rəhbərlik edir. Onlar türkləri ərəblərlə əvəzləməyə çalışırlar.
Baş verənlrədə məqsəd Türkiyədə hakimiyyəti dəyişmək, hakimiyyətə yeni gələn qüvvələrə bu müqavilənin müddətini uzatmaqdan ibarətdir. Buna görə yunanlar deyir ki, görək 2023-cü ilə qədər İstanbul türklərdə qalacaq, ya yox. Onların belə bir məkrli planları var.
Türkiyəyə olan hücumlar təsadüfi deyil. Böyük siyasi oyunlar gedir və qardaş Türkiyəni bu cür oyunların getdiyi meydanda tək qoymaq olmaz. Yalnız Azərbaycan deyil, bütün türk dünyası Türkiyəni dəstəkləməli, Türkiyənin yanında olmalıdır. Bütün dünya görməlidir ki, Türkiyə tək deyil və bütün türk dünyası onu dəstəkləyir”.
Seymur ƏLİYEV