Son vaxtlar Ermənistanla Rusiya arasında artan ziddiyyətlər fonunda rəsmi İrəvanın İran qazına maraq göstərməsi müşahidə edilir.
Maraqlıdır, rus qazından imtina edə biləcəyini dilə gətirən Ermənistan qaza olan tələbatını İran qazı hesabına təmin edə bilərmi? İranın rus qazından imtina edən Ermənistanın qaza olan tələbatını ödəməklə Moskva ilə münsibətlərini zərbə altına qoyacağı nə dərəcədə inandırıcıdır?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbsov İranın Ermənistana görə Rusiya ilə münasibətlərini korlamayacağını vurğuladı:
“Rusiya şirkətləri qazın hər min kubmetrini Ermənistana 150 dollara satır. Bu 150 dollar qazın Ermənistan sərhəddinə qədər olan qiymətidir. Ermənistan daxilində isə bu qaz istehlakçılara daha baha qiymətə satılır. Bu isə ölkə daxilində ciddi narazılıq yaradır.
Paşinyan anti-Rusiya siyasətini gücləndirsə, ola bilsin ki, onlar Rusiya qazından imtina etməyə qərar versinlər. Belə olsa, onlar İran qazı almalı olacaqlar. İran isə onlar üçün nisbətən güzəştli qiymət təklif edir. Lakin İranla Ermənistan arasında qaz alqı-satqısı ilə bağlı razılığın əldə edilib-edilməyəcəyi hələ bəlli deyil. Şəxsən mən inanmıram ki, Ermənistana görə rəsmi Tehran Moskva ilə münasibətləri korlasın. Çünki İrana daha çox mənfəət vəd edən onun Rusiya, Çin, Hindistan və Türkiyə ilə olan münasibətidir. Bu dörd dövlət bildirb ki, Amerikanın sərt sanksiyalarına baxmayaraq, onlar İranla ticarət əlaqələrini davam və inkişaf etdirəcəklər. Odur ki, İranın Ermənistana görə Rusiya ilə münasibətlərini zərbə altına qoyması inandırıcı görünmür”.
Seymur ƏLİYEV