Rusiyada keçirilən son futbol çempionatı nəticəsində bu ölkənin idman biznesindən 11 milyard dollardan çox gəlir əldə etməsi ilə bağlı informasiya yayılıb.
Bəs ölkəmzidə necə, idman biznesi, idman iqtisadiyyatı mövcuddurmu? Əgər mövcuddursa, idman iqtisadiyyatının ümumi iqtisadiyyatdakı payı neçə faizdir?
Moderator.az-açıqlama verən iqtisadçı alim Vüqar Bayramovun Azərbaycanda idman iqtisadiyyatının potensialından hələ ki, tam istifadə edilmədiyinə diqqət çəkdi:
“Təbii ki, dünyada idman iqtisadiyyatı, idman biznesi mövcuddur. Futbol idman iqtisadiyyatında daha aparıcıdır. Futbol daha kütləvidir və bu idman növünə maraq böyükdür. Əgər hər hansı bir ölkənin infrastrukturu da lazımi səviyyədədirsə, o zaman bu biznesdən fayda əldə edə bilər. Braziliyada keçirilən fubol çempionatına nəzər salanda görürük ki, orada nəticələr fərqlidir. Braziliya elan etdi ki, xərclər çox olduğu üçün onlar bu yarışlardan gəlir əldə edə bilməyiblər. Lakin ümumilikdə bu cür çempionatlar onu keçirən ölkənin futbol biznesindən faydalanmasına səbəb olur. Ölkəyə çoxlu turistlər gəlir. Hansı ki, o turistlər çoxlu xidmətlərdən istifadə edirlər. Bundan isə nəticə etibari ilə ölkə iqtisadiyyatı qazanır.
Idman iqtisadiyyatı Azərbaycan üçün də aktual məsələlərdən biridir. Ölkəmizdə idman iqtisadiyyatı ilə yanaşı, idman turizminin inkişaf etdirilməsinə ehtiyac var. Bizdə idman iqtisadiyyatının inkişafına səbəb olacaq infrastruktur fomalaşmaqdadır. Lakin təəəsüf olsun ki, idman iqtisadiyyatının ümumi iqtisadiyyatdakı payı yüksək deyil. Mövcud infrastrukturdan gəlirlərin əldə edilməsi baxımından tam istifadə edilmir.
Azərbaycan qarşıda bir neçə idman yarışına ev sahibliyi edəcək. Bu baxımdan idman iqtisadiyyatından daha səmərəli istifadəyə ehtiyac var. Olimpiya stadionundan da daha səmərəli istifadə vacibdir.
Bu məsələdə idmanın inkişaf səviyyəsi də mühüm rol oynayır. Futbol biznesindən daha çox gəlir götürən ölkələr güclü futbola malik olan ölkələrdir. Söhbət Ingiltərə, İspaniya, İtaliya kimi ölkələrdən gedir. Futbolun inkişafı futbol biznesinin inkişafını situmullaşdıra bilər”.
Seymur ƏLİYEV