Rəsmi İrəvanın Ermənistan Daxili Qoşunlarını Azərbaycan Ordusu ilə təmas xəttində yerləşdirməklə bağlı qərarı, habelə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edərək bu qurumun qüvvələrini Naxçıvanla sərhəddə yerləşdirmək təklifi ölkəmizdə maraqla izlənməkdədir.
Mövzu ilə bağlı Moderator.az -ın əməkdaşı siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyevlə söhbətində Ermənistanın son addımlarını təhlil etməklə yanaşı, hadisələrin mümkün inkişaf trayektoriyasını da müəyyənləşdirməyə çalışıb:
-Cümşüd bəy, rəsmi İrəvan Daxili Qoşunların Azərbaycan Ordusu ilə təmas xəttində yerləşdirilməsi ilə bağlı qərar verib. Sizcə bu qərarın arxasında hansı maraqlar dayanır?
-Mənə elə gəlir ki, burada Ermənistanın maraqlarından çox Rusiyanın maraqları var. Çünki KTMT-nin 4-cü maddəsinə görə, Ermənistanın Daxili Qoşunları Ermənistanın sərhəd bölgəsinə yalnız o zaman yerləşdirilə bilər ki, həmin bölgədə KTMT-nin qərarı ilə hansısa bir əməliyyat həyata keçirilsin. Bu da ancaq sərhədyanı zonada terrora, narkotik və sialh qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində ola bilər. Yalnız bu məqsədlə əməliyyat keçiriləndə Daxili Qoşunlar sərhəddə yerləşdirilə bilər. Qalan hallarda isə Daxili Qoşunların sərhəddə cəmləşməsi nəzərdə tutulmur.
-KTMT-nin Ermənistana yardımını indiki situasiyada nə dərəcədə real hesab edirsiniz?
-KTMT-nin 7-ci bəndinə görə qurumun üzvləri digər üzvə yalnız o zaman kömək edə bilər ki, onun ərazisinə hər hansı müdaxilə olsun. Paşinyanın atdığı bu addım daha çox təxribat xarakteri daşıyır. Paşinyan iyulun 11-də NATO ilə müəyyən görüşlər planlaşdırılır. Sərkisyanın Amerika səfəri də o qədər də uğurlu olmadı. Rusiyanın başı isə futbol üzrə dünya çempionatına qarışıb. Iyulun 16-da isə Putin Tramp görüşü gözlənilir. Bütün bunlardan ermənilər öz xisətlərinə uyğun olaraq yararlanmaq istəyir.
-Ermənistanın istər Daxili Qoşunlar, istərsə də KTMT-ə məxsus qüvvələrin Naxçıvanla sərhəddə yerləşdirilməsi ilə bağlı təklifi Azərbaycanın 26 iyun paradının doğurduğu qorxu mühitinin nəticəsi hesab edilə bilərmi?
-Həqiqətən də, 26 iyun paradından sorna Ermənistanda əməlli-başlı qorxu mifi yaranıb. Indi isə onlar bu yolla məlum mifi aradanq aldırmağa çalışır. Lakin İrəvanın bu qorxunu ortadan qaldıra biləcəyi inandırıcı görünmür. Ermənistanın öz sərhədlərinə bu qüvvələri cəmləməsi həm də bir qədər gülməlidir. Ermənistan bu qüvvələri yalnız sərhəddin Qarabağ hissəsində yerləşdirirsə, deməli, bu, növbəti təxribatdır.
-Son vaxtlar Ermənistanda Naxçıvan məsələsinə daha çox diqqət ayırır. Hansı ki, Naxçıvan amili heç vaxt indiki qədər rəsmi İrəvanın diqqət mərkəzində olmayıb.
-Paşinyan hökuməti hazırda Ermənistanda mövcud iqtidara qarşı yönələn narazılığı gündəmdən çıxartmağa, diqqəti başqa istiqmaətə yönəltməyə çalışır. Paşinyanın əsas məqsədi Ermənistan hakimiyyətində olan, vaxtiylə ona qarşı çıxan Qarabağ klanını təmizləmək, onların yerinə “Amerika uşaqlarını”, “Qərbin uşaqlarını” gətirməkdir. Paşinyan hazırda Poroşenkonun yolu ilə gedir.
-Sizcə bu yol Paşinyan hakimiyyətinə və bütövlükdə Ermənistana nə dərəcədə uğur vəd edir?
-Paşinyanın seçdiyi bu yol Ermənistan üçün böyük faciələrə səbəb olacaq. Bunun Ermənistan üçün müsbət bir nəticəsini gözləmirəm.
-Bu yaxınlarda bir sıra rusiyalı politoloq Azərbaycana səfər etdi və Qarabağ məsələsində ölkəmizin haqlı mövqeyini müdafiə edən bəyanatlar səsləndirdi. Sizcə bu bəyanatlar Ermənsitanda kifayət qədər narahatlıq doğurdumu?
-Kreml politoloqlarının birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləməsi, bu mövqeyi gündəmə gətirməsi də ermənilər üçün siyasi məğlubiyyətdir. Ermənilər bu kimi addımlarla məğlubiyyətlərinin altından çıxmağa çalışırlar. Lakin onların bu kimi yollarla nəyəsə nail olacaqlarına inanmıram.
Seymur Əliyev