Son illər cəmiyyətdə aqressiya və gərginliyi artması göz önündədir. Bəs bu problemin meydana çıxmasında maddi-sosial amil nə dərəcədə rol oynayır? Uzunmüddətli maddi çətinliklər insanda hər hansı psixoloji problemin meydana çıxmasına səbəb ola bilərmi? Bu gün psixoloji xidmət müqabilində tələb edilən zəhmət haqqı qonşu ölkələrlə müqayisədə nə dərəcədə qənaətbəşxdir? Moderator.az olaraq bu və bu kimi məsələlərə tanınmış psixoloq Elnur Rüstəmovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
-Elnur bəy, insanın maddi durumu, sosial vəziyyəti ilə onun psixoloji durumu arasında bağlantı varmı? Maddi-sosial vəziyyətin insan psixologiyasına hər hansı təsiri mövcuddurmu?
-Insanın maddi durumu, onun həyat tərzi təbii ki, onun psixologiyasına təsir göstərir. Bu, danılmazdır. Bunlar insan psixologiyasına birbaşa təsir göstərən amillərdir. Bunu inkar etmək olmaz. Lakin insanın dünyagörüşü bütün bunların fövqündə dayanır. Burada gen faktorunu da əsas amillərdən biri kimi götürürlər. Cəmiyyətdə elə insanlar var ki, onların maddi durumu o qədər də yüksək deyil. Lakin onun içində o qədər hüzur var ki, o, maddiyyatın fövqündə dayanır. Insan da var ki, onun maddi durumu yaxşıdır, amma həyata baxış tərzi o qədər də yaxşı deyil. Yəni insan faktoru bütün bu amillərdən üstündür.
-Belə çıxır ki, yüksək maddi təminat insanı psixoloji problemdən sığortalamır?
-Təbii. “İnsanın maddi durmu yaxşıdırsa, onun psixoloji problemi yoxdur və ya ola bilməz” deyilən şey psixologiyada yoxdur. Maddi durumu yaxşı olduğu halda psixoloji problemləri olan o qədər insan var ki... Bu məntiqlə gərək onların heç bir narahatçılığı olmasın...
-Bəs maddi-sosial təminatın zəifliyi necə hansısa psixoloji problem səbəb ola bilərmi?
-Maddi-sosial problemlər zaman keçdikcə müəyyən psixoloji narahatlıqlara səbəb ola bilər. Bu, depressiya ilə, həyata neqativ baxışın yaranması ilə, yaxud aqressiya ilə nəticələnə bilər. Hətta zaman keçdikcə psixosaomatik problemlərə yol aça bilər. Eyni vəziyyət maddi durum yaxşı olduğu təqdirdə də baş verə bilər. Yəni maddi durumun yaxşı olması o demək deyil ki, heç bir problem yaranmayacaq.
-Maddi sıxıntısı olan və bu səbəbdən müəyən psixoloji narahatlıq yaşayan insanlar psixoloqa müraciət etməldirmi? Problemin kökü həll edilmədiyi halda onun doğurduğu fəsadlara qarşı mübarizə aparmaq nə dərəcədə faydalı hesab edilə bilər?
-Bu gün həqiqətən də belə düşünən insanlar var. Insanlar var ki, onların banka kredit borcları var. Eyni zamanda, müəyyən psixoloji narahtqlıarı mövcuddur. Lakin onlar psixoloqa müraciət etmirlər. Düşünürlər ki, mən psixoloqa getsəm də mənim kredit problemim yerində qalacaq. Yəni heç nə dəyişilməyəcək. Əslində isə bu yanaşmanın özü doğru deyil. Problem insan həyatının ayrılmaz hissəsidir. Lakin insan bu problemləri yenmək üçün özündə daxili güc də hiss etməlidir. Onda optimist yanaşma olmalıdır. Bu baxımdan psixoloq yardımı mühüm əhəmiyyət kəsb edir. Insan psixoloji baxımdan nə qədər möhkəmdirsə, onun problemləri yenmək şansı bir o qədər yüksəkdir.
-Azərbayanda psixoloji yardım müqabilində tələb edilən zəhmət haqlarının miqdarını necə, normal hesab edirsinizmi? Qonşu dövlətlərlə müqayisədə bu məbləğ nə dərəcədə aşağı və ya yuxarıdır?
-Düşünürəm ki, bu gün psixoloqların göstərdiyi xidmət müqabilində aldıqları haqq normaldır. Həqiqət həmişə müqayisədə meydana çıxır. Mən inkişaf etmiş ölkələri bir kənara qoyuram. Yaxın, qonşu ölkələrlə müqayisə etsək görərik ki, Azərbaycanda psixoloji yardıma görə xidmət haqqı bu ölkələrdən aşağıdır.
Bundan başqa, ölkəmizdə həm özəl, həm də dövlət müəsisəsləri var ki, orada insanlara psixoloji yardım xidməti təklif olunur. Elə dövlət müəssisələri var ki, orada insanlara ödənişsiz psixoloji yardım göstərilir. Yəni seçim istənilən halda vətəndaşlarındır. Kim hansı müəssisəni, hansı psixoloqu münasib hesab edirsə, ona da müraciət edə bilər.
Seymur Əliyev