Azərbaycanlı kəşfiyyatçı nüvə savaşını necə durdurdu?   - Merlin Monro ilə birgə...
8701
19 Apr 2018 | 12:11

Azərbaycanlı kəşfiyyatçı nüvə savaşını necə durdurdu? - Merlin Monro ilə birgə...

Bu günlərdə Rusiya-ABŞ münasibətlərinin kəskinləşməsi fonunda növbəti dəfə “III cahan savaşı olacaq” ajiotajı baş qaldıranda yadıma ötən illərdə də dəfələrlə qeyri-adi, ağlagəlməz mövzulu  və məzmunlu söhbətlərini təqdim etdiyimiz Azərbaycanın məşhur milli mason lideri- 1959-1982-ci illərdə Azərbaycanın milli müstəqilliyi uğrunda gizli mübarizə aparmış Milli Azadlıq Qərargahını rəhbəri Oqtay Eldəgəzlə daha bir söhbətimiz yadıma düşdü... 1990-cı illərin sonunda “Azərbaycan” nəşriyyatının 6-cı mərtəbəsindəki görüşlərimizdən birində 1962-ci ilin ABŞ və SSRİ arasındakı Karib böhranı zamanı planetin nüvə savaşından xilas edilməsində önəmli rol oynamış azərbaycanlı kəşfiyyatçı oğuldan bəhs etmişdi Oqtay əfəndi... O  vaxt bu söhbət yazıya da köçürülmüşdü. 

Aktuallığını nəzərə alaraq həmin söhbətin ən maraqlı məqamlarını Moderator.az oxucularının da nəzərinə çatdırırıq:

“...1985-ci ildən başlayaraq nüfuzlu-rütbəli detekaçıların Qərb kapitalist ölkələrinə qaçışları sürətlənəndə, SSRİ DTK-nın kəşfiyyat və əks-kəşfiyyat(2-ci və 9-cu) şöbələrinin məşhur xadimi, general-mayor Sergey Kovalyov öz keçmiş həmvətənləri Penkovskinin, Qordiyevskinin, Lavrovun yollarını tutmayaraq ölkəsindən qaçmaq istəmədi, cəsarətli müsahibələr verdi, sovet xüsusi idarələrinin paxırlarını açdı. Hətta parlamentə seçkilərdə öz namizədliyini irəli sürdü və ən başlıcası, səs-küylü “Mənim DTK-dakı günlərim”adlı kitabını böyük sayda xalqa çatdırdı. Sözügedən kitabda bizim bir soydaşımıza dair maraqlı  abzas var idi. Keçmiş “KQB” generalı yazırdı ki, SSRİ xüsusi xidmət idarəsinin ABŞ və Kanada üzrə baş kəşfiyyat rezidenti, “Ostap” ayamalı polkovnik Seyran Xələf oğlu Qasımlı 12 il ara vermədən bu təhlükəli və ağır vəzifəni şərəflə daşımışdır. Sonralar Amerikanın kəşfiyyatçı təyyarəçisi Payerslə dəyişdirilən məşhur sovet casusu Abel və yüzlərlə xəfiyyəmiz məhz onun rəhbərliyi altında uğurlu fəaliyyət göstərmişlər...  
“Ostap” Vaşinqtona  1950-ci ilin sentyabrında gəlmiş, 1962-ci ildə başqa bölgələrə göndərilmək üçün mərkəzə çağırılmışdır. Seyran Qasımlı Moskvada doğulmuş, orada həyat yoluna başlamış 39 yaşlı ifrat intizama malik   sovet xəfiyyəsi zabiti idi. O, Vaşinqtonda SSRİ-nin ABŞ-dakı səfiri A.F.Dobrıninin  mədəniyyət məsələri üzrə attaşe-müşaviri qismində çalışırdı. 

Üç dövlət başçıları- Eyzenxauer, Makmillan və Xruşovun 1956-cı ilin iyununda yüksək səviyyəli Paris və Vyana görüşləri baş tutmayandan sonra soyuq müharibənin iti dişli çarxı daha yeyin dövr etməyə başladı. İrəlidə 1960-cı ilin noyabrında ABŞ-da yeni prezident seçkilərinə hazırlığın vüsətini, Demokrat Partiyasının nüfuzunun yüksəlməsini avqust qurultayında bu firqənin prezidentliyə namizədini qabaqcadan düzgün proqnozlaşdıran sovet rəhbərliyi uzun gedişli casus əməliyyatına yaşıl işıq yandırdı. Və az keçmiş bizim rezident Seyran Qasımlı yuxarı məqamlı DTK rəhbərliyindən əlahiddə tapşırıq aldı... 
Biz məşhur soydaşımızın sonrakı fəaliyyətini araşdırarkən öncə nüfuzlu “Zarubejom”, “Komsomolskaya pravda”, “Den” , “Nezavisimaya qazeta” gündəclərinə, “Azadlıq” radiosunun Münhen yayımları və xüsusən “Ekspres-qazeta”ya baş vurduq. Aydın oldu ki, azərbaycanlı sovet  kəşfiyyatçı rezidentinə  çox ağlasığmaz, ağır və məsuliyyətli bir tapşırıq verilib. Həmin tapşırığı yerinə yetirmək üçün onun qarşısında Amerika kişi və yeniyetmələrini yuxusuz qoymuş məşhur Hollivud ulduzları Elizabet Teylor və ya Merlin Monro ilə tanış olaraq onlardan birini öz məşuqəsinə çevirmək vəzifəsi dururdu. Ulduz ovuna çıxmağa məcbur edilmiş Seyran Qaslmlı, nəhayət, “Sınıq ox”, “Sonuncu gəliş”, “Cazda yalnız qızlardır” filmlərində qadın surətlərini yüksək ustalıqla ifalarına görə 3 dəfə “Oskar”a layiq görülmüş, əsl adı və soyadı Normana Cinz Beyker olan, fransız yazarlarının ona verdiyi “başçılar sevimlisi”, yəni “Merlin Monro” ayamalı gözəl üzərində dayandı...
1959-cu il iyunun 25-də bürkülü bir havada Miçiqan şəhərləri arasında işləyən “Vilson” gəzinti-əyləncə gəmisində onlar tanışlığın müjdəsini taparaq “bahar çiçəklərinin ürəyi qan olan gecə” keçirdilər. Beləcə bədəninin  cazibədar cizgiləri jurnalların ilk səhifələrindən düşməyən Amerikanın gözəllik ilahəsi-  Merlin Monro domino daşı kimi qalın qara bığ gəzdirən bizim əsl kişi biçimli azərtürk oğlumuzun məşuqəsinə çevrildi(Sonradan sovet DTK rəhbərliyi bunu “sovet kəşfiyyatının ən böyük uğuru” adlandıracaqdı)... 
Yazıqlar olsun ki, Seyran- Merlin sevdası şəffaf bəşəri duyğuların, sağlam insan şəhvətinin və ehtiraslarının  təntənəsinə deyil, iki super dövlətlər arasındakı qarşıdurmanın hikkələrinə xidmət etməli məqsədlərə yönələcəkdi. Vaşinqtonda Arlinqton hərbi qəbiristanlığı civarındakı gizli otaqda keçirilən aramsız yataq macəraları Merlin xanımı elə bihuş hala gətirmişdi ki, elə ofsunlamışdı ki, sanırdın, iki yeniyetmə ilk məhəbbətin dalğaları qoynuna atılmışdır. 13 yaşında bakirəliyi ilə vidalaşan gələcək super ulduzun bu qızlıq günahını hər bir amerikalı təfərrüatıyla bilirdi... 
Məşuqə(Merlin) öz məşuqu(Seyran) qarşısında dizin-dizin yeriyir, hər dəfə ona “ey mənim yeniyetməliyimin ik gecəsinin zövqünü qaytaran”, ey mənim yer allahım” deməkdən usanmırdı. Ostap- yeni şərqli məşuq onun nəinki tükənməz qadınlıq hislərinə, eləcə də əqlinə, zəkasına, fikirlərinə, düşüncəsinə hakim kəsilmişdi...”

(Davamı var)
Təqdim etdi: Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər