Qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının qarşısında dayanan ən vacib məsələlərdən biridir. Maraqlıdır, artıq bir neçə ildir ki, ən mühüm iqtisadi hədəflərimizdən biri elan edilən qeyri-neft sektorunun inkişaf sürəti nə dərəcədə qənaətbəxşdir? Bu istiqamətdə hansısa əlavə tədbirlər həyata keçirməyə ehtiyac varmı?
Moderator.az-a açıqlama verən iqtisadçı alim Vüqar Bayramov qeyri-neft sektorunun 2014-cü ildən etibarən daha sürətlə inkişaf etdiyinə diqqət çəkdi:
“Qeyri-neft sektorunun inkişafı vacib məsələlərdən biridir. Qeyri-neft sektorunun daha ciddi inkişafı 2014-cü ildən sonraya təsadüf edir. Bu isə dünya bazarında neftin qiymətinin aşağı düşməsindən sonra qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlarla bağlıdır.
Qeyri-neft sektorunun inkişafı vacib olsa da, bu, qısa müddətdə nail olunacaq hədəf deyil. Bu, orta müddətdə nail olunması mümkün olan bir hədəfdir.
2014 və 2017-ci illəri müqayisə etsək, qeyri-neft sektorunun inkişaf tempini qənaətbəxş hesab etmək olar. Lakin bu sektorun inkişafı aparılacaq islahatlardan asılıdır. Islahatların genişləndirilməsi və intensivləşdirilməsi vacibdir. Qeyri-neft sekltorunun inkişafı mərhələli bir prosesdir və bu hədəfə nail olmaq üçün ardıcıl səy göstərmək laızmdır”.
Seymur Əliyev