Milli Məclisin bu günkü toplantısında bir sıra məsələlərlə yanaşı, Ələt iqtisadi zonası ilə bağlı məsələ də geniş müzakirə edilib.
Məlum məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov Milli Məclisdə keçirilən bu günkü müzakirələrin bütövlükdə azad iqtisadi zonaların yardılması, onların fəaliyyəti üçün hüquqi bazanın formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
“Bu, olduqca əhəmiyyətli bir qanundur. 2009-cu ildə xüsusi iqtisadi zonaların yaradılması ilə bağlı qanun qəbul etmişdirk. Bu cür zonaların yaradılması ilə bağlı müəyyən cəhdlər də oldu. Lakin bu cəhdlər real nəticə vermədi.
Azad iqtisadi zonaların yaradılmasında əsas məqsəd investorları cəlb etməkdir. Bunun üçün isə qanun cəlbedici olmalıdır. Qanunda qadağalar az olmalıdır. Buna görə də ikinci oxunuşda qəbul etdyimiz qanunun əhəmiyyəti böyükdür. Inşallah, onu üçüncü oxunuşda bir sıra normativ sənədlərlə birlikdə qəbul edəcəyik. Bu, ölkə iqtisadiyyatı üçün əhəmiyyətli bir qanun layihəsidir.
Ələt iqtisadi zonasından sonra bu cür azad iqtisadi zonalar digər regionlarda – Quba-Xaçmaz, Lənkərən-Astara, Naxçıvan və s. bölgələrdə də yaratmaq olar.
Ələt iqtisadi zonası ilə bağlı qanun mükəmməl hazırlanıb və investorlar üçün olduqca cəlbedicidir. Orada ticarət limanı tikilir. Hansı ki, bu ilin sonunda istifadəyə verilməsi gözlənilir. Orada böyük bir şəhərciyin tikilməsi də nəzərdə tutulur. Mən orda olmuşam və həqiqətən də ciddi işlərin aparıldığına şahidəm. Bakı-Qars dəmir yolu da çəkilib və Çin, Orta Asiya ölkələrinin yükü də bu dəmir yolu vasitəsi ilə daşınacaq. Bu zona mühüm əhəmiyyətə malik yerdə yaradılır. Elə ölkələr var ki, orada ümumdaxili məhsulun 30%-i azad iqtisadi zonalaırn payına düşür. İran, Çin və s. ölkələrdə bu göstərici yetərincə yüksəkdir. Bu baxımdan Ələt iqtisadi zonası Azərbaycan üçün azad iqtisadi zonalar məsələsində bir ilk, bir qaranquş hesab edilə bilər”.
Seymur Əliyev