Artıq bir neçə gündür ki, ölkə ictimaiyyətinin əsas müzakirə mövzusu növbədənkənar prezident seçkiləridir. Əksər siyasi qüvvələr öz mərkəzi orqanlarını toplayaraq seçki hazırlıqlarını müzakirə edirlər. Lakin ənənəvi radikal düşərgə isə hər vasitə ilə növbədənkənar prezident seçkiləri ilə bağlı qərara don geydirməyə, seçkiöncəsi ictimaiyyətin fikrini çaşdırmağa çalışır. Bəs görəsən radikal düşərgə bu cür siyasi şoular əvəzinə nə üçün seçki hazırlıqları həyata keçirib sağlam mübaizəyə qoşulmur? Bu və ya digər suallarla müstəqil ekspert, Çağdaş Strateji Araşdırma Mərkəzinin rəhbəri Seymur Süleymanovla söhbətləşdik.
-Seymur bəy, müəyyən siyasi qüvvələr ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinə siyasi don geydirməyə çalışırlar. Sizdə bunda başlıca məqsəd nədir?
-Əvvəla bunu qeyd etmək lazımdır ki, vurğuladığınız müəyyən siyasi qüvvələr illərdir Azərbaycanda xaos yaratmaq üçün çırpınırlar. Həmin qaragüruh qüvvələr istəyirlər ki,ölkədə siyasi sabitlik pozulsun, ölkə 1992-ci illərə geri dönsün. Əgər ölkədə siyasi sabitlik pozulsa, bu ilk növbədə antiAzərbaycan qüvvələrinin işinə yarayacaqdır. Hər bir ölkə vətəndaşı bunu anlamalıdır. Bilməlidir ki, ölkəmizdə qardaş qanı axıtmaq istəyən qüvvələr mövcuddur. Və bu qüvvələrə qarşı həmrəylik göstərmək gərəkdir. Adlandırdığınız siyasi qüvvə, indiki müxalifətdir. O müxalifət ki, xarici dairələrdən idarə olunur.
-Ümumiyyətlə, növbədənkənar seçkilərin keçirilməsi sizcə hansı zərurətdən meydana gəldi?
-Düşünməyin ki, bu addım ölkədə hər hansı bir digər siyasi, iqtisadi zərurətdən atıldı. Xeyir. Bu Konstitusiyada nəzərdə tutulub və növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul edilmiş bir praktikadır. Azərbaycan da bu praktikanı həyata keçirdi. Burada qeyri-adi nəsə yoxdur. Prezident İlham Əliyev də Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirdi ki, bu il ölkədə bir sıra dövlət tədbirləri keçirilməlidir.Məsələn, Xalq Cumhuriyyətinin elan olunmasının 100 illiyi, Silahlı Qüvvələrin yaradılması, Parlamentin yaradılmasının 100 illiyi, Azərbaycan bayrağının qəbul edilməsinin 100 illiyi, mart ayında ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımın həyata keçirilməsinin 1 əsri tamam olur. Hakimiyyət əgər belə bir addım atıbsa, bilin ki xalqın və dövlətçiliyimizin mənafeini düşünərək edir.
-Müxalifət iddia edir ki, seçkinin belə tezliklə keçirilməsi onların namizəd müəyyən etməsi, seçki prosesinə hazırlaşmasına çətinılik yaradır. Sizcə, müxalifətə bir ilə yaxın vaxt verilsə belə seçkiyə monolit şəkildə hazırlaşıb ciddi bir namizəd ortaya çıxara bilərdilərmi?
-Məgər müxalifətə 25 il az bir müddətdir?! 25 il ərzində müxalifət ortaya əməlli bir namizəd meydana çıxara bilməyibsə, 6 aya çıxaracaqlardı? Bəlkə 2013-cü ildəki kimi müxalifətin ağ atlı oğlan adlandırdığı ikinci bir Cəmil Həsənli meydana gələcəkdi? Belə görünür müxalifətçilərin bir çoxu Əli Kərimlini və İlqar Məmmədovu potensial namizəd görürlər. Kimdir Əli Kərimili? Ölkədə vətəndaş qırğını başlayanda, Elçibəyə üz çevirib şəhərdən qaçıb villasında gizlənən Əli Kərimli?! Sizcə bu şəxsdən prezident çıxar? Birmənalı şəkildə yox. Yaxud da İlqar Məmmədov. İsmayıllı hadisələri ilə ölkədə xaos yaradıb, hakimiyyətə sahiblənmək arzusunda olan Məmmədov?! Məsələyə bu aspektdən yanaşsaq, görərik ki, müxalifət heç 25 il yox, 35 ildə keçsə, heç bir uğurlu namizədləri olmayacaq. Bilirsinizmi niyə? Çünki fəaliyyətləri şəffaf deyil.
-Yeri gəlmişkən, aprelin 11-də keçiriləcək seçkilərdə sizcə müxaliətdən İlham Əliyevə ciddi rəqib olacaqmı?
-Bunu hər zaman vurğulamışam. Azərbaycanda müxalifət düşərgəsindən heç bir şəxs İlham Əliyevə rəqib olacaq potensialda deyil. Bu bir reallıqdır ki, İlham Əliyev peşəkar siyasətçi, güclü liderdir. Bunu unutmayın. Və mən ölkədə elə bir şəxs tanımıram ki, İlham Əliyevə rəqib olacaq qədər güclü olsun. İstər savad, istər siyasət, istərsə də digər sahələrdə. İlham Əliyev Azərbaycanın təhlükəsizliyinin və sabitliyinin bir nömrəli qarantıdır. Bunu heç kəs unutmasın. Azərbaycanın ən böyük və illərdir çözülməyən problemi Dağlıq Qarabağdırsa, bu problemi də həll edəcək şəxs Cənab prezident İlham Əliyev olacaqdır. Qarabağa gedən yol, İlham Əliyevin siyasətindən keçir.
-Ümumiyyətlə, seçkilərdən gözləıntiləriniz nədir və Azərbaycan cəmiyyəti bu dəfə də Heydər Əliyev kursunun davam etməısinə səs verəcəkmi?
-Azərbaycanı xaosdan qurtaran və dirçəldən lider Ulu öndər Heydər Əliyev olmuşdur. Bunu müxalifət çox gözəl başa düşür. O vaxtlar Azərbaycan elə bir təhlükə ilə üz-üzə qalmışdır ki, heç kəs əlini bu təhlükənin altına qoymaq istəmirdi. Ancaq Heydər Əliyev bunu etdi. Heç şübhəsiz, bugünkü müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Və İlham Əliyev onun layiqli davamçısıdır. Mən əminliklə deyirəm ki, İlham Əliyev xalqımızın uğurlu seçimidir. Və bu seçkilərdə də cəmiyyətimiz səsini İlham Heydər oğlu Əliyevə verəcəkdir. Biz bir olmalıyıq. Ölkəmizi, xalqımızı və ən əsası sabitliyimizi istəməyən qüvvələrə qarşı, həmrəylik nümayiş etdirməliyik. Bu isə Heydər Əliyev kursunun davamçısı İlham Əliyevə səs verməkdən keçir.