Yeni ilin ilk günündən etibarən bir-birinin ardınca baş verən intiharlar yenidən bütün diqqəti bu qorxunc problemin üzərində cəmləşdirib. Problemin aktuallığına diqqət çəkən bəzi tanınmışlar yeniyetmə və gənc nəsil arasında sürətlə populyarlaşan bu təhlükəni önləmək üçün konkret təkliflər irəli sürməkdədir. Belə ki, ictimai-siyasi xadimlərin bir qismi nümayişkəranə intiharlar üçün seçilən ictimai məkanlara inzibati nəzarəti gücləndirməyi, digər qismi isə metro platformalarında şəffaf divarlar inşa etməyi, intiharları fiziki bariyerlər hesabına önləməyi təklif edir. Halbuki, beyində yaranan, beyində planlaşdırılan və ilk öncə beyində reallaşan intiharların qarşısını almaq, onun praktiki tətbiqini əngəlləmək üçün əsas profilaktikanın məhz beyində aparılmasına ehtiyac var. Biz sabahın intiharçısını üstündə polis postu olan körpülərdə, kənarında şüşə divarlar ucaldılan metro platformalarında, dəniz sahillərində deyil, məhz beyinlərdə axtarmalıyıq. Çünki körpü və binalara, metro və dəniz sahillərinə gedən yola ilk qapı məhz beyində açılır. Odur ki, nə edəcəyiksə, nə etməliyiksə, öncə beyində, düşüncədə etməliyik.
Səbəbi dəyişmədən nəticəni dəyişmək mümkündürmü?
Intiharların qarşısını almaq üçün təklif edilən fiziki əngəllər, sərt inzibati nəzarət tədbirləri problemin səbəbini deyil, nəticəsini aradan qaldırmağa hesablanan təkliflərdir. Halbuki, istənilən problemin nəticəsini ordadan qaldırmaq üçün hökmən onun səbəbini öyrənmək, səbəbini ortadan qaldırmaq lazımdır. Yalnız səbəbi dəyişməklə nəticəni dəyişmək mümkündür. Bu isə o deməkdir ki, öncə insanların hansı səbəblərdən, hansı məcburiyyətdən intihar etməsi ilə bağlı ətraflı araşdırma aparılmalı, onları intihara sövq edən amillər müəyyənləşdirilməlidir. Və bundan sonra insanı intihara sürükləyən məcburiyyətlərin aradan qaldırılması istiqamətində praktiki, real addımlar atılmalıdır. Nə qədər ki, bu yoxdur, nə qədər ki, intiharlara qarşı mübarizə quru çağırışlardan, psixoloq tövsiyyələrindən, körpü və damlara nəzarətdən uzağa getmir, intiharların qarşısını almaq mümkün olmayacaq.
Mənəvi intihar ”“ intiharın o biri üzü...
İntiharlar və onların önlənməsi ilə bağlı məntiqli-məntiqsiz irəli sürülən təkliflərin hamısı intiharın yalnız bir növünü- fiziki intiharı nəzərdə tutur. Halbuki, intiharların ən ağır və təhlükəli forması mənəvi intiharlardır. Bu qəbildən olan intiharları müəyyən etmək, onların dəqiq statistikasını aparmaq, həlli yollarını müəyyənləşdirmək fiziki intiharlardan qat-qat çətin və mürəkkəbdir.
Mənəvi intihar çox zaman qəti ümidsizlikdən, çarəsizlikdən, qələbəlik içərisindəki köməksizlikdən, mənəvi dəyərlər sistemindən qismən və ya tamamilə imtinadan qaynaqlanır. Mənəvi intihar hər şeydən öncə insanın müəyyən məcburiyyətlər səbəbi ilə öz dəyərlərinə, prinsiplərinə xəyanəti deməkdir. Və bu qəbildən olan şəxslər fiziki baxımdan intihar edən insanlardan fərqli olaraq cəmiyyət üçün daha təhlükəli olur. Çünki özündən üz döndərən, özünə düşmən kəsilən bir insanın kiməsə üz çevirməsi, kiməsə dost olması mümkün deyil. Bu cür insanları yenidən həyata qaytarmaq, üz döndərdikləri dəyərlər sistemini yenidən bərpa etmək də olduqca çətindir. Odur ki, cəmiyyət və dövlət olaraq fiziki intiharlarla yanaşı, mənəvi intiharların da qarşısını almaq istiqamətində konkret addımlar atılmalı, insanları həm mənəvi, həm də fiziki intiharların astanasından kənarlaşdırmaq üçün ciddi, kompleks tədbirlər görülməlidir. Əks təqdirdə, fiziki intiharlarla yanaşı, cəmiyyət arasında dolaşan, “yeriyən ölü” anlayışı ilə xarakterizə edilə biləcək mənəvi intiharçıların da sayı getdikcə artacaq və bu, bütün toplumun faciəsinə çevriləcəkdir.
Seymur Əliyev
E-mail: [email protected]