Zaman-zaman ölkəmizdə ədəbi tənqidin mövcud durumunun qeyri-qənaətbəxş olması ilə bağlı fikirlər səslənməkdədir.
Maraqlıdır, doğrudanmı ölkəmizdə ədəbi tənqid ədəbiyyatın "sürətindən" geri qalır? Zəif ədəbi tənqidin mövcud olduğu ortamda güclü ədəbiyyatın var olması mümkündürmü?
Məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandıran tanınmış ədəbi tənqidçi İradə Musayeva ədəbi tənqidin ədəbiyyatdan geridə qaldığını təsdiqlədi:
“Baxmayaraq ki, bu barədə çox danışılır, hətta lap çoxdan danışılır, amma yenə də ədəbi tənqid elə ədəbiyyatdan geri qalmaqda davam edir. Bu uzun və mübahisəli məsələdir ki, tez-tez sual verirlər: ”ədəbiyyat tənqidə təsir edir, ya tənqid ədəbi prosesin inkişafına?” Əslində təsir qarşılıqlıdır. Yaxşı ədəbi material olmayanda tənqidin elmi-konseptual nəzəriyyəsi, ideyaları da olmur. Yəni zəif əsər haqqında ən güclü tənqidçi belə nəsə yaxşı bir şey yazmaq istəsə alınmaz. Məsələn, mən bəzən elə müəlliflər olur ki, məhz zəif olduqları üçün məqalə yazıb tənqid etmək istəyirəm ki, dayansın, ədəbi-estetik düşüncənin formalaşmasına mane olmasın. Yazı prosesində elə bilirəm ki, söz tapmıram yazmağa. Nə yazsam adi görünür. Lakin dünya ədəbiyyatı nümunələri, klassik ədəbiyyatımız, müasirlərimizdən istedadlı şairlər və nasirlər haqqında yazanda qələm dayanmır... Deməli, ilk növbədə güclü, yeni, maraqlı və milli, xəlqi, məhəlli sərhədləri aşan böyük ədəbi nümunələrin olması zəruridir. İkincisi isə, bizdə ədəbi tənqid tarixi bir az başqa cür yol keçdi. M,F,Axundov ilk nümunələri yazdı, amma Belinski tənqidi yarada bilmədi... Sovet dövründə ədəbi tənqid sırf tendensiyalı oldu. Tənqidçilər hakimiyyətə dəstək rolunu oynadı. Tənqid üçün xüsusi təlimatlarla işləyən, sözəbaxan adamlar seçirdilər, ədəbiyyatı estetik kateqoriyadan, sənətdən ayırıb siyasi -ideoloji təbliğat məqsədilə tərifləyən, ya da tənqid edən adamlar “tərifçilik məktəbi” yaratdı. Bu çox pis örnək və meyarsızlıq oldu. Akademik Məmməd Arifin, Cəfər Xəndanın ədəbiyyatşünaslıq məqalələrini tələbə vaxtı oxuyurdum və təəccüblənirdim. Çox hallarda ən səmimi, içdən gələn duyğularla yazılan şeirləri belə siyasiləşdirib, partiya marağı ampulasında təhlil edirdilər. Və bizim müəllimlər də heyrətlənə-heyrətlənə bu tənqidçiləri bizə “nəhəng” mübaliğəsi ilə tanıdırdı...
90-cı illərdən etibarən bütün sahələrdə, ədəbiyyatda və təbii ki, ədəbi tənqiddə də mənzərə dəyişdi. Azadlıq, söz azadlığı anlayışı ilə sərbəstlik, özbaşınalıq ifadəsinin məna sərhəddi qarışdırıldı. Və ən pisi, ədəbiyyata, söz adamlarına məqsədli bir laqeydlik, biganəlik jesti edildi. Xüsusən də ədəbi tənqidə... Əslində ədəbi tənqid öz etimadını hələ sovet hakimiyyəti illərində itirmişdi. 90-cı illərdən etibarən tənqidçilər hökumətə lazım olmadı... Ədəbiyyat, həqiqi böyük ədəbiyyat uğrunda mücadilə qəhrəmanlığı zamanı idi, amma tənqiddə olan adamların buna gücü çatmadı, başladılar özlərinə ədəbi bütlər, ədəbi sahibkarlar axtarmağa. Və tənqidin bu qayğıya ehtiyaclılığı onun simasını dəyişdi. Bütün tənqidçilər bir titullu müəllif, bir titullu müəllif də bütün “tərifləyən tənqidçilər” üçün “dost” rolunu oynadı, bu ittifaqdan ədəbiyyatımız uduzdu... Maddi sıxıntı da bir yandan...
Tənqidçi obrazı yeni çalarlar qazandı. Həm “söz haqqında söz demək” imtiyazından istifadə edib, iddialı görünmək ədası var idi bu sənətdə, həm də məqsədli, təmənnalı tərifləmək məcburiyyəti... İkisini bir qələmə sığışdırmaq istəyənlər daha eybəcər göründü. Təmənna ilə məqalə yazan tənqidçilər, sonra o adamlar haqqında yazdıqlarını kitablarına belə sala bilmədi... oxucu rəyindən az da olsa çəkindilər... bütün bunlar xırda, məişət zəminində fəaliyyət davranışları idi... Dünyada gedən ədəbi prosesin sürəti isə başqa cür fəaliyyət forması tələb edirdi...
Bu gün ədəbiyyatşünaslıq sistemsiz, pərakəndə və konsepsiyasız, özfəaliyyət yaradıcılığı şəklində mövcuddur. Ədəbiyyat nəzəriyyəçiləri, tənqidçiləri və tarixçiləri XXI əsr Azərbaycan ədəbiyyatının mövcud durumunu doğru-düzgün analiz edə bilmir. Ədəbi tənqid etimadını itirməkdədir, yazıçılar öz tənqidçisindən çox az şey gözləyir. Və bütün bunların hamısında həm də ədəbi qurumların və ədəbi mətbuatın günahı var...”.
Seymur Əliyev