Moderator.az xəbər verir ki, 2017-ci ilin 14 iyul tarixində dünyada ali təhsili dəyərləndirən beynəlxalq QS təşkilatı “QS Top 50 Under 50” illik universitet reytinqini açıqlayıb. Bu reytinq bütün dünya üzrə 50 ildən az fəaliyyət göstərən gənc universitetləri əhatə edir.
Bu reytinqin əsas məqsədi yaşlarının az olmasına baxmayaraq, artıq özünü sübut etmiş və uzun tarixə malik olan universitetlərlə yarışa biləcək universitetlərin dəyərləndirilməsidir. 53 ölkədən 150 ən yaxşı gənc universitet bu siyahıya daxil edilib.
Qeyd edək ki, Xəzər Universiteti Azərbaycandn 150 ən gənc dünya universitet arasında yer alan yeganə universitetdir. Xəzər Universiteti Middlesex Universiteti (Birləşmiş Krallıq), Dublin Texnologiya İnstitutu (İrlandiya), Bielefeld Universiteti (Almaniya), London Metropolitan Universiteti(Birləşmiş Krallıq), Nottingham Trent Universiteti (Birləşmiş Krallıq) və George Masov Universiteti(ABŞ) kimi tanınmış universitetlərlə bir sırada yer alıb.
Keçmiş sovet ölkələrindən dörd ölkə - Azərbaycan, Qazaxıstan, Rusiya və Ukrayna hər biri bu siyahıda bir universitetlə təmsil olunub. Türkiyədən bu siyahıya dörd universitet (Bilkent Universiteti, Koç Universiteti, Sabancı Universiteti və Çukurova Universiteti) daxil olub.
Dünyanın gənc universitetlərinin fəaliyyəti bir sıra meyarlar üzrə qiymətləndirilib: elm və təhsil dünyasında nüfuz, işəgötürənlər arasında nüfuz, müəllim-tələbə nisbəti, nəşr etdirdiyi elmi məqalələr və onlara istinad, xarici müəllimlərin nisbəti və xarici tələbələrin nisbəti.
Xəzər Universitetinin qazandığı bu uğur bəzi millət vəkillərinin də diqqətindən qaçmayıb. Saytımıza açıqlamasında professor Hamlet İsaxanlını rəhbəri olduğu universitetin qazandığı uğur münasibəti ilə təbrik edən millət vəkili Vahid Əhmədov, sözügedən universitetə, onun kollektivinə yeni-yeni müvəffəqiyyətlər arzulayıb:
“Xəzər Universitetinin 53 ölkə arasında ən yaxşı universitetlərdən biri kimi belə bir mötəbər nəticə qazanması heç şübhəsiz ki, çox böyük uğurdur. Bu, həmin universitetin öz gücünü, imkanlarını beynəlxalq səviyyədə təsdiqləməsi, özünü dünya miqyaslı universitetlərə qəbul etdirməsi deməkdir. Geniş anlamda isə bu uğur Xəzər Universiteti ilə yanaşı, həm də doğma Azərbaycanınımızın, onun təhsil sisteminin nailiyyətidir.
Mən bu münasibətlə həm sözügedən universitetin rektoru H.İsaxanlını, həm də həmin universitetin dəyərli müəllim-tələbə kontingentini təbrik edir, onlara yeni uğurlar, nailiyyətlər arzulayıram. Hesab edirəm ki, Xəzər Universitetinin Azərbaycan təhsili adına ortaya qoyduğu bu nəticə ölkə prezidenti cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi müstəsna diqqət və qayğının nəticəsidir. Hansı ki, ölkəmizdəki bütün elmi müəssisələr, təhsil ocaqları, onların əməkdaşları daim bu diqqət və qayğını öz üzərlərində hiss edir.
Düşünürəm ki, Xəzər Universitetinin beynəlxalq QS Top 50 Under 50” illik universitet reytinqində yer alması bütövlükdə Azərbaycan təhsilinin inklişaf dinamikasının təbliği, onun dünya təhsil sisteminə inteqrasiyası baxımından da mühüm addımdır. Xəzər Universitetinin bu uğuru ölkəmizin təhsil sisteminə marağı artıracaq, dünyanın ən müxtəlif dövlətlərindən universitetlərimizə tələbə axınını sürətləndirəcəkdir.
Mən bir daha bu böyük uğur münasibəti ilə Xəzər Universitetinin bütün kolektivini təbrik edir, onlara yeni-yeni uğurlar arzu edirəm. Arzu edirəm ki, Xəzər Universiteti bundan sonra da beynəlxalq reytinq cədvəllərində əldə etdiyi qabaqcıl yerlərlə bütün xalqımızı qürurlandırsın, bizlərə sevinc bəxş etsin”.