Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ardınca Rusiya “Ümumrusiya Özbəklər və Özbəkistanlılar Konqresi”nin (ÜÖK) də fəaliyyətini dayandırıb. Rusiyanın Ədliyyə Nazirliyi çatışmayan sənədlərin tamamlanması üçün quruma 2017-ci ilin 24 noyabrına qədər vaxt verib.
Maraqlıdır, ÜAK-ın ardınca ÜÖK-nın da fəaliyyətinin dayandırılması sadəcə bir təsadüfdürmü? Yoxsa bu, Rusiyanın türk dünyasına qarı yürütdüyü siyasətin tərkib hissəsidir?
Moderator.az-a açıqlama verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli baş verənlərin təsadüf olmadığını vurğuladı:
“Mən baş verənləri təsadüf hesab etmirəm. Burada bir qanunauyğunluq var. Rusiya etdiyi bir xeyirxahlığın qarşılığını yüz qat istəyir. Rusiya post-sovet ölkələrinin istiqlalına son qoymaq niyyətindədir. Onun hədəfi keçmiş sovetlər birliyinə daxil olan türk dövlətlərini yenidən əsarət altına almaqdır. Hər hansı bir dövlət Rusiyanın istəyini yerinə yetirmək məsələsində tərəddüd edəndə, o zaman Rusiya cəza mexanimzlərini işə salır. Bunlardan da biri bu ölkələrin Rusiyadakı diaspor təşkilatlarını, mədəniyyət evlərini və s. bağlamaqdır. Və hesab edirəm ki, nə qədər ki, Rusiya demokratikləşməyib, onun post-sovet dövlətlərinə təzyiqi bundan sonra da davam edəcək”.
Seymur Əliyev