Rusiyada korrupsiya əleyhinə keçirilən etiraz aksiyaları davam edir. Maraqlıdır, bu ölkədə daxili qarışıqlığın yaranması, gərginliyin artması Kremlin Azərbaycan və digər ölkələrə təzyiqinin azalmasına səbəb ola bilərmi?
Moderator.az-a açıqlama verən AZDP sədri Sülhəddin Əkbər məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Rusiya ilə bağlı bu hadisələr gözlənilən idi. Rusyanın apardığı aqressiv xarici hərbi siyasətə etiraz əlaməti olaraq dünya bazarında neftin qiymətinin ucuzlaşdırılması və bu ölkəyə qarşı tətbiq ediln sanksiyalar vəziyyətin daha da kəskinləşəcəyini düçünməyə əsas verirdi. Artıq bunun sosial-siyasi nəticələrini görməyə başlamışıq. Bu, Rusiyada üçüncü hərəkat dalğasıdır. Bu aksiyalar korrupsiya əleyhinə etirazlar kimi meydana çıxsa da, əslində əsas tələblər sosial-iqtisadi vəziyyətlə bağlıdır.
Rusiya bütün dünya, xüsusilə də post-sovet dövlətləri üçün başlıca təhlükə mənbəyidir. Azərbaycana qarşı da ən aktual təhdid Rusiyadır. Rusiyanın demokratikləşməsi istiqamətində aparılan hər bir addım Azərbaycanın da maraqlarına uyğundur. Gələn il Rusiyada prezident seçkiləri keçiriləcək. Bu isə o deməkdir ki, Rusiyadakı rejimin enerjisinin bir hissəsi bu daxili prosesə yönələcək. Rusiyanın başı öz daxili işlərinə nə qədər çox qarışacaqsa, onun xarici dövlətlərə təzyiqi də bir o qədər azalacaq. Rusiyanın resursları getdikcə tükənəcək. Azərbaycanda Rusiyanın mövqeyinin kifayət qədər güclü olduğunu nəzərə alsaq, əminliklə demək olar ki, bu ölkədə baş verəcək demokratikləşmə prosesi ölkəmizə də təsir göstərəcək”.
Seymur Əliyev