Vergilər Nazirliyinin yaydığı məlumata görə, bu ilin I rübündə 70 min vergi ödəyicisinin 728 milyon manatlıq vergi borcu silinib.
Maraqlıdır, sadəcə 3 ay ərzində 70 min vergi ödəyicisinin vergi borcunun silinməsi nədən xəbər verir? Bu, ölkəmizdə vergi mədəniyyətinin görülən bütün tədbirlərə rəğmən hələ də aşağı səviyyədə olmasının göstəricisidir, yoxsa bu, sahibkarların kütləvi şəkildə vergi ödəmək iqtidarında olmadığını təsdiqləyir?
Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən iqtisadçı alim Vüqar Bayramov Vergilər Nazirliyi tərəfindən atılan bu addımın mühüm önəm kəsb etdiyini vurğuladı:
“Vergi borclarının silinməsi qanunveriliyə əsasən həyata keçirilib. I rübdə vergi borclarının silinməsi ilə bağlı Vergilər Nazirliyi təırəfindən bir kampaniya həyata keçirildi. Həmin kampaniya çərçivəsində də vergi borclarının silinməsi reallaşdı. Kampaniyada yanvar ayında vergi borcunun müəyyən bir hissəsini ödəyən sahibkarların vergi borcunun daha böyük hissəsindən azad olunması nəzərdə tutulurdu. Fevral və mart aylarında da bu kampaniya davam etdirildi. Yəni cari ilin I rübündə vergi borclarının silinməsi qanunvericiliyə əsasən həyata keçirilib.
Kampaniyanın keçirilməsində bir neçə məqsəd var idi ki, bunlardan da biri sahibkarlardan alınması gərəkən vergi borcunun bəllli bir qismini almaq idi. Digər bir məqsəd isə sahibkarların borc asılılığından azad edilməsi idi. Hansı ki, bu, sahibkarların fəaliyyəti üçün əlavə situmul yaradır.
Mən cari ilin I rübündə vergi borclarının silinməsini müsbət addım kimi qiymətləndirirəm. Bu, həm də vergi amnistiyası idi. Yəni sahibkar vergi borcunun bir hissəsini ödəməklə digər hissəsindən azad edildi. Hesab edirəm ki, bu kimi addımların davam etdirilməsinə, vergi və maliyyə amnistiyalarının keçirilməsinə ehtiyac var”.
Seymur Əliyev