Moderator.az xəbər verir ki, “Hərbi Jurnalistlə” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov facebook səhifəsində Qarabağ problemi ilə bağlı maraqlı fikirlər səsləndirib. Hərbi ekspert problemin hazırkı durumu ilə bağlı narahatlığını dilə gətirib:
“Əziz dostlar! Hörmətli həmkarlarım!
Baxın, dünən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə görüşüb. Bu görüş barəsində Azərbaycan mətbuatı o qədər də geniş məlumat verməsə də, ermənilər operativ şəkildə öz XİN-lərinə istinadən bəzi məlumatları çox sevincək yayıblar.
Qeyd edim ki, görüşdə tərəflər regional və beynəlxalq məsələlərə toxunublar. Yəqin ki, diqqətli dostlarımızın bu görüş zamanı Yaxın Şərqdə, miqrasiya axınları ilə bağlı problemləri, qaçqınların vəziyyətinin müzakirə edilməsi və ən başlıcası BMT baş katibinin "QAÇQINLARA SIÄžINACAQ VERİLMƏSİ üzrə Ermənistanın səylərini qiymətləndirik" sözləri diqqətlərindən yayaınmayıb.
Bu cümlənin özü bir daha Ermənistanın bütün dünyaya Suriyadan, Livandan olan erməniləri qəbul etdiyini və onları çox rahatlıqla Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirilməsi faktının təsdiqidir. Özü iqtisadi cəhətdən çətin bir durumda olan Ermənistanın nəyin və kimin hesabına qaçqın qəbul etməsi şəxsən çox maraqlıdır. Və BMT baş katibi Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi zamanı rəhbəri olduğu təşkilatın 4 məlum qətnamələrinin niyə indiyə qədər icra edilməməsini erməni nazirdən soruşmaq əvəzinə, onunla hansısa Vyana və Sankt-Peterburq görüşlərinin nəticələrini dəstəklədiyini qeyd edib.
Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin BMT-dəki daimi nümayəndəsi vasitəsiylə BMT baş katibinə sərt etirazını bildirməli və ondan izahat tələb etməlidir ki, nədən bu şəxs hazırda rəhbəri olduğu ən ali qurum sayılan bir təşkilatın 1993-cü ildən bu günə kimi icra edilməmiş 4 məlum qətnaməsinin Ermənistan tərəfindən icra edilmədiyinin səbəblərinə aydınlıq gətirməyib.
Ya biz birdəfəlik o məlum qətnamələri unutmalıyıq, ya da onların İCRASINA nail olmalıyıq. Əgər elə belə söz xatirinə biz o qətnamələrdən danışacağıqsa, şəxsən mən bundan sonra heç vaxt o qətnamələrin olmasını dilimə gətirməyəcəyəm. Ən azından çalışacağam ki, bu haqda ümumiyyətlə heç nə deməyim. BMT rəhbərliyi, ATƏT və onun bivec Minsk qrupu,digər təşkilatlar görəndə ki, Azərbaycan haqqında bəhs edilən qətnamələrin icrası ilə bağlı yalnız quru fikirlər səsləndirməklə kifayətlənir, onlar daha da uzağa gedib, bir gün bizi haqlı olduğumuz halda, haqsız çıxaracaqlar. Belə davam edəcəksə, mənə elə gəlir bizi qarşıda daha ağır və çətin vəziyyətlər gözləyir. Bu bayram günlərində hörmətli xarici işlər nazirimiz Elmar Məmmədyarov və komandası zəhmət çəkib BMT-dəki daimi nümayəndəmiz vasitəsiylə əlaqə saxlamalı və tez bir zamanda A.Quterreşin "BMT ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması istiqamətində səylərinə dəstək verməyə hazırdır" cümləsinə aydınlıq gətirilməsinin və nədən 4 qətnamə barəsində susduğunun səbəbini soruşmalıdır.
Mən başa düşürəm ki, Azərbaycanda Novruz Bayramı ilə əlaqədar 9 gün faktiki heç bir siyasi aktivlik və fəaliyyət müşahidə olunmayacaq. Amma unutmamalıyıq ki, elə bizim bayram günlərini qeyd etdiyimiz zamanlarda elə həmin xarici dövlətlər və BMT, ATƏT və digərləri Ermənistanla daha da dərindən təmas quraraq Qarabağla bağlı Azərbaycanın heç də mənafeyinə uyğun olmayan bir prosesi daha da mürəkkəbləşdirəcəklər.
Mən əsla panika yaratmaq üçün bu qeydlərimi yazmıram və xahiş edirəm ki, mənim narahatçılığımı düzgün qarşılıyasınız.Qarabağla bağlı beynəlxalq qurumların, elə başda bu BMT deyib təriflədiyimiz bir qurumun, ATƏT-in Minsk qrupu kimi tanıdığımız bir bivec qurumun son aylar açıq-aşkar bizim ziyanımıza olan məqsədyönlü fəaliyyətə keçdiklərinin fərqinə varmalıyıq. Onlar Ermənistanın işğalçılıq siyasətinə göz yummaqla yanaşı, həm də ona bir sıra fəaliyyətlərinə açıq dəstək nümayiş etdirirlər. Bu isə yaxın gələcək üçün Qarabağın sonrakı taleyi ilə bağlı çox ağır bir durumun yaranmasına gətirib çıxaracaq”.
Seymur Əliyev