Özbəkistan prezidentinin vəfatı mənə Makiavellinin “Hökmdar” əsərindən 5 əsr əvvəl Nizamülmülkün qələmə aldığı “Siyasətnamə” kitabının “Padşahların Allah-Taalanın verdiyi nemətin qədrini bilmələri haqqında” adlı ikinci fəslini xatırlatdı. Buyurun oxuyun:
“Şahlar Allahı - onun şəni böyük olsun - razı salmalıdırlar, Allahın (adı böyük olsun) razılığı ilə xalqa edilən ehsan, onlar arasında yayılan ədalətlə olar. Xalqın dühası şahın dühası ilə birləşdikdə ölkə mökəmlənir, günü-gündən inkişaf edər, dövlət qapıları və xoşbəxtlik hökmdarın üzünə gülər; bu dünyada yaxşı ad qazanar, o dünyada hesabı yüngül olar. Odur ki, deyiblər: "Dövlət küfr ilə dağılmaz, zülm ilə dağılar".
Haman mənada bir hekayət. Belə rəvayət edirlər ki, Yusif ə.s. öldükdə belə vəsiyyət edir ki, onu babası İbrahim ə.s.-ın yanında basdırsınlar. Yusifın tabutunu onun qəbrinin yanına gətirdikdə Cəbrayıl ə.s. gəlib deyir: "Onun yeri bura deyildir, çünki o etdiyi şahlıq üçün qiyamət günü cavab verməlidir."
Yusifin halı belə olanda gör başqalarınınkı necə olacaq!
Rəvayət. Peyğəmbər ə.s.adından belə bir rəvayət söyləyirlər: "Xalq üzərində hökmranlıq etmiş adamları məhşər ayağına əlləri boyunlarına bağlı gətirəcəklər, adil olublarsa, ədalət onların əlini açacaq, behiştə gedəcəklər, zalım olublarsa, eləcə əlibağlı cəhənnəmə salacaqlar".
Rəvayət. Yenə də rəvayətdə deyilir ki, hər kəs xalqa, saray adamlarına və ya əli altında olanlara hökmranlıq edibsə məhşər günü bunun cavabını ondan soruşacaqlar. Qoyunu saxlayan çobandan da qoyunun hesabını istəyəcəklər.
Rəvayət. Deyirlər Abdullah ibn Ömər Əlxəttab (Allah onların hər ikisindən razı olsun) atası can üstündə olarkən ondan soruşdu: "Ey ata, səni nə vaxt görəcəyəm?". Dedi: "O dünyada". Dedi: "Tez istəyirəm". Dedi: "Ya birinci, ya ikinci, ya da üçüncü gecə məni yuxuda görəcəksən". On iki il keçdi, lakin onu yuxuda görmədi. On iki ildən sonra bir dəfə yuxuda gördü və soruşdu: "Ey ata, sən deməmişdinmi ki, üç gecədən sonra səni yuxuda görəcəyəm?!” Dedi: "Başım qarışıq idi. Bağdadın ətrafında bir körpü uçulmuşdu, məmurlar isə onu təmir etməmişdilər. Bir qoyunun ayağı körpüdəki deşiklərdən birinə keçib sınmışdı. İndiyə qədər onun cavabını verməklə məşğul idim".
Dünyanın hökmdarı (Allah onun dövlətini əbədi etsin) həqiqətən bilməlidir ki, onun hökmü altında olan bu camaatın cavabını o böyük gündə ondan soruşacaqlar və əgər başqasının boynuna atsa, qəbul etməyəcəklər.
İndi ki belədir, şah bu mühüm işi heç kəsə tapşırmamalı, özünün və xalqının işindən qafil olmamalıdır, açıq və gizli məsələləri bilməli, xalqın halına qalmalı, uzun əlləri qısaltmalı, zalımların zülmünün qarşısını almalıdır, onda o tək Allahın köməyi ilə onun dövləti güclənər, çörəyi bərəkət tapar, ölkədə bolluq olar.”
P.S. İslam Kərimov çox ziddiyyətli şəxsiyyət idi. Diktator idi. Amma pis-yaxşı təhlükəli regionda yerləşən ölkəsində əmin-amanlığı təmin etmişdi, müasir olmasa da, çoxşaxəli iqtisadiyyat qura bilmişdi və s. Bütün bunlara qiymət vermək bizim işimiz deyil, qardaş özbək xalqının işidir. Bizə vacib olan demokrat hesab etdiyimiz dövlət başçılarından fərqli olaraq Kərimovun Ermənistana qarşı soyuq münasibəti idi. Allah rəhmət eləsin, günahlarını bağışlasın!
Əkrəm Həsənov, iqtisadçı ekspert