Xarici mətbuatın verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan arasında baş tutan Vyana görüşündə həmsədrlər qoşunlaırn təmas xətti boyu kameraların quraşdırılması ilə bağlı təkliflə çıxış edib. Təklif müəllifləri hesab edir ki, bu yeniliyin tətbiqi atəşkəs rejiminin etibarlı şəkildə qorunması, atəşkəsin ilk olaraq hansı dövlət tərəfindən pozulmasını müəyyənlədşirmək baxımından səmərəli ola bilər.
Maraqlıdır, Silahlı Qüvvələrin
hazırkı təmas xəttində kameraların quraşdırılması dövlətimizin maraqları
baxımından nə dərəcədə mümkün və arzuediləndir?
Bununla bağlı
Moderator.az-a açıqlama verən “Trend" İnformasiya
Agentliyinin baş direktorunun müavini, politoloq, təhlükəsizlik məsələləri üzrə
ekspert Arzu Nağıyev məlum təklifin
heç də yenilik olmadığına diqqət çəkdi:
“Bu təklif ilk dəfə deyil ki, gündəmə gəlib. NATO standartlarına uyğun
olaraq iki dövlət arasında, həmsərhəd rayonlarda texniki vasitələrin quraşdırılması
təklifi bundan öncə də səsləndirilib. Lakin o zaman Dağlıq Qarabağ ərazisində
olan təmas xəttindən söhbət getməyib. Əsas söhbət Azərbaycan və Ermənistan
arasındakı həmsərhəd rayonlardan, məsələn, Tovuz, Qazax, Gədəbəy və s. ərazilərindən
gedib. Hansı ki, ermənlər öz ərazilərindən bizim əraziləri atəşə tuturdular.
Görünən odur ki, Təklif
müəllifləri texniki vasitələrlə ATƏT-in monitorinq qrupunu əvəz etməyə çalışırlar.
Fəqət Azərbaycan heç vaxt öz ərazisində,
işğal edilmiş torpaqlarla Azərbaycan ordusunun nəzarətindəki ərazi arasında
hansısa texniki vasitələrin quraşdırılmasına icazə verməz. Əsas məsələ Azərbaycanın
ərazi bütövlüyüdürsə, o zaman işğal edilmiş torpaqlarla Azərbaycanın nəzarətindəki
torpaqları ayırmaq heç bir məntiqə sığan hal deyil. Bu, beynəlxalq hüquq
normalarına sığmayan bir məsələdir. Buna görə də, kameralarla bağlı təkif
yalnız Azərbaycan və Ermənistanın BMT tərəfindən qəbul edilən və tanınan sərhədlərinə
aid edilə bilər”.
Seymur Əliyev