Əhməd Davudoğlunun istefasına kim səbəb oldu? - Ekspert rəyi
7521
05 May 2016 | 21:07

Əhməd Davudoğlunun istefasına kim səbəb oldu? - Ekspert rəyi


Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlu arasında soyuq münasibət baş nazirin istefa verməsi ilə nəticələndi. Az əvvəl baş naziriƏhməd Davudoğlu AKP-nin Mərkəzi İdarə Heyətinin kritik iclasında qəbul edilən qərarı açıqladı. Gözlənildiyi kimi Davudoğlu AKP-nin mayın 22-də keçiriləcək növbədənkənar qurultayında partiya başqanlığına namizəd olmayacağını elan etdi. Bu, Davudoğlunun həm də baş nazir postundan getməsi deməkdir.
Türkiyə prezidenti ilə baş nazirin arasında yaranmış soyuq münasibətlərə səbəb olaraq Davudoğlunun Ərdoğanla məsləhətləşmədən Aİ-yə üzv ölkələrə Yunanıstana gedən miqrantları Türkiyəyə yönəltməyi təklif etməsi göstərilirdi. Ancaq bir çox politoloqlar iddia edirlər ki, Davudoğlu AKP hökumətinin, Ərdoğanın apardığı siyasətin, demokratiyanın zəiflədilməsinin Türkiyə üçün nə kimi fəsadlar verə biləcəyini gördü və istefaya getdi. 

Moderator.az "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu ilə Davudoğlunun istefa səbəblərinə aydınlıq gətirməyə çalışıb. 

V.Zifəroğlu baş nazirin istefasının bir neçə səbəbi olduğunu vurğulayıb:

 “Əslində Davudoğlunun mayın 2-də təyin olunan konqresdə namizədliyini verməyəcəyinin və bununla da faktiki olaraq istefa qərarı almasının bir neçə səbəbi var. Təbii ki, bu səbəblərdən də ən birincisi və görünməyən tərəfi Prezident Ərdoğanla arasındakı müəyyən fikir ayrılıqları, eləcə də görünən tərəfi partiyanın son Mərkəz Yürütmə Kurulunda baş verən narazılıqlardır. Bu, həmçinin yeni dönəmdə AKP-nin bir partiya olaraq yeni şəkildə addımlamaq strategiyası ilə də bağlı ola bilər. Partiya baş verən dəyişikliklərə daha adekvat reaksiya verməyə çalışır. MHP-də baş verənlər, əslində AKP üçün ciddi siqnallardır və əgər biz yaxınlarda yenilənmiş bir MHP görə bilsək, bundan ən çox ziyan çəkən ilk növbədə AKP olacaq. Bunu unutmaq olmaz.
Digər tərəfdən başqanlıq sisteminə keçid yolunda prezident-baş nazir əməkdaşlığında yeni modelə ehtiyac olduğu özünü getdikcə daha ciddi şəkildə göstərirdi. Unutmayaq ki, 14 avqust 2014-cü ildə Ərdoğanın baş nazirlikdən prezidentliyə keçməsinin və yerinə Əhməd Davudoğlunu gətirməsinin ardınca hər kəs, onun AKP liderinin idarəsi altında  olacağına inanırdı. Lakin zaman bunun əksini göstərdi”. 

V.Zifəroğlu baş nazirin prezidentdən xəbərsiz iş görməsi fikirlərinə də aydınlıq gətirib:

“Düzdür, Avropa İttifaqına daha sıx inteqrasiya məsələsi prezidentlə baş nazirin fikir ayrılığı olan ciddi məqamlardandır. Amma baş nazirin prezidentdən xəbəriz bu kimi addımlar atmasına ehtimal vermirəm. Fikir ayrılıqları strateji yanaşmalar və metodologiya ilə bağlıdır”.
Qeyd edək ki, Türkiyə mətbuatında Davudoğlunun yerinə gətiriləcək şəxslər arasında prezident Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrak, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuşun adı hallanır.

Rumiyyə
Link kopyalandı!
Son xəbərlər