Moderator.az - ın “Qürbətdəki məşhurlar” layihəsinin bu dəfəki qonağı hazırda İsveçrədə yaşayan tanınmış jurnalist Elbəyi Həsənli oldu.
- Elbəyi bəy, istədik ki, “Qürbətdəki məşhurlar” layihəmizin bu dəfəki qonağı siz olasınız. Sizi qürbətdəki qərib adlandırmağımızdan rahatsız olmazsınız ki?
- Elədir, biz qariban adamlarıq. Nə yazıq ki, Azərbaycanda mənim kimi İsveçrədə qərib olmaq istəyən o qədər adam var ki. Çoxlarına bu əlçatmaz xəyal kimi gəlir. Bəyənmədiyimiz gavurlar əl-ələ verib bütün dünyanın qibtə etdiyi möhtəşəm dövlət qurublar.
- İsveçrə həm də çoxlarının yuxusunu ərşə çəkən ölkədir. İsveçrənin gözəlliklərindən feyziyab olmaq arzusuyla yaşayan o qədər insan var ki. Oranın hansı gözəllikləri və özəllikləri sizi valeh edib?
- İsveçrənin özəlliyi və gözəlliyi çoxdur. Deməklə qurtarmaz. Ölkənin hər yerində yaşam standartları eynidir. Paytaxtla əyalətin heç bir fərqi yoxdur. Əksinə, bəzən əyalət daha cazibədar görünür. Düşünün ki, varlı şəhərlər paytaxta maddi yardım göstərirlər. Çünki İsveçrədə varlılar nisbətən kasıblara kömək etməyə borcludur.
Özəlliyi odur ki, ölkəni 7 adam idarə edir və rotasiyaya uyğun olaraq hər il ölkə prezidenti dəyişir. Yəni həmin 7 nəfər növbə ilə bir il ərzində prezident olur. İsveçrədə prezident icra başçısını təyin etmir. Xalq bələdiyyələri özü seçir. Bələdiyyələrin səlahiyyəti çoxdur. Ölkəni bələdiyyələr idarə edir. Burada rüşvətdən və korrupsiyadan danışmağa belə dəyməz.
- Gavurların qurduğu İsveçrənin gözəlliklərindən yetərincə feyziyab ola bilmisinizmi?
- Bəli, İsveçrə cənnətdir və mən də cənnət əhliyəm. Amma xoşbəxt deyiləm. Çünki millətim cəhənnəmdə can verir. Vəziyyətin dəyişəcəyinə isə ümid yoxdur. Biz yazıq millətik. Çağdaş dünyanın tələblərinə cavab verə bilmirik. Ona görə də bütün sahələrdə geridə qalmışıq. Pafosla vətən sevgisindən danışırıq. Amma hər addımda vətənə xəyanət edirik. Xalqımızın maraqlarını ayaqlar altına atırıq. Mədəni dünyadan geridə qalmışıq.
- Əvvəlki cavabınızda icraedici orqanları müqayisə etdiniz. Bəs mediamız necə fərqlənir? Azərbaycan mediası İsveçrə, ümumiyyətlə Avropa mediasının kandarında olsa belə durmağa layiqdirmi? Yoxsa ki, ancaq qapının gözlüyündən boylanası səviyyədədir?
- Azərbaycanda Qərb standartlarına uyğun nəsə tapmaq çətindir. Mediadan isə danışmağa belə dəyməz. Düşünün ki, 8 milyon əhalisi olan ölkədə 1 milyon tirajla qəzet çıxır və pulsuz paylanır. Mən 16 min əhalisi olan bələdiyyədə yaşayıram. Yerli bələdiyyənin qəzetində Mercedes, Toyota kimi nəhənglərin reklamı gedir. Bizdə isə medianın 95 faizi iqtidarın nəzarətindədir.Onların işi-gücü iqtidarı tərifləyib müxalifəti söyməkdir. Müxalifətin nəzarətində olan mediada isə bunun tam əksidir. Onlar da iqtidarı söyüb müxalifəti tərifləyirlər. Məsələn, "Azadlıq" və ya "Azərbaycan saatı" TV İlham Əliyevi vətən xaini elan edib. Əvəzində bütün dərdlərin dərmanı kimi Əli Kərimlini xalqa sırıyırlar. Məndən olsa "Azərbaycan saatı"nı "Əli Kərimlinin saatı" adlandırmaq lazımdır. Azərbaycam mediası bütövlükdə it günündədir.
- “Yeni Musavat”la bağlı nə düşünürsünüz? Bir zamanlar işlədiyiniz qəzet də onların sırasındadır?
- İstisna tapmaq çətindir. Vəziyyətin belə olmasının səbəbi media qurluşlarında deyil. Hökumətin yeritdiyi siyasətlə bağlıdır. İqtidarın mediaya yersiz müdaxiləsi jurnalistikanın inkişafına imkan vermir. Xədicə İsmayılın həbsi isə ümumiyyətlə, biabırçılıqdır. Bizim millətə yaraşmayan bir hərəkətdir. Düzdür, Xədicə xanım özünü Azərbaycanda ABŞ-ın səfiri kimi aparırdı. Amma istənilən halda onu həbs etmək olmaz. Ümumiyyətlə, Azərbaycanda siyasi məhbus olmamalıdır. İqtidarı bütün siyasi məhbusları azad etməyə çağırıram”¦Başqa bir misal. Qulu Məhərrəmli Azərbaycan jurnalistikasının simvollarından biridir. AZTV-nin sədri Arif Alışanov onu məhkəməyə verib. Onun həbsinə nail olmaq istəyir. Şübhəsiz ki, hökumətin razılığı olmadan cənab Alışanov belə bir addım ata bilməzdi. Çox ayıb bir şey. Azərbaycan jurnalistikasında mənəvi aşınma son həddədir.
- Heç bir cəbhəyə əyilmədən haqqı yazdığını düşündüyünüz, maraqla oxuduğunuz yeni imzalar varmı?
- İstedadlı gənclərimiz çoxdur. Mən onların uğurlarına sevinirəm. Onu da deməliyəm ki, cavanların irəli getməsinə imkan vermirlər. İstər siyasətdə, istər jurnalistikada. Ancaq heç bir cəbhəyə əyilmədən yazı yazmaq çətindir. Mən müsavatçıyam. Amma Müsavat Partiyasının indiki və keçmiş başqanlarını həvəslə tənqid edirəm. AXCP sədri Əli Kərimlini də büt saymıram. İlham Əliyevi də həmçinin. Çoxları mənə deyir ki, sən niyə hamını tənqid edirsən. Axırda tək qalacaqsan. Ancaq mən əminəm ki, xalqın yanında olan jurnalistin hər kəsi tənqid etmək haqqı var. Yetər ki, jurnalist sözə xəyanət etməsin. Yəni maddi marağa görə kiməsə şər-böhtan atmasın. "Azadlıq" qəzetində bir yazarın həddi yoxdur desin ki, məsələn, Əli Kərimli sağ qulağını sol əli ilə qaşıdı, yaxşı olardı ki, sağ qulağını elə sağ əli ilə qaşısın. Hətta belə xırda iradları belə dilə gətirə bilmirlər. Amma danışanda ağızlarına çullu dovşan sığışmır. Yeri gəlmişkən, Əli Kərimlini tənqid etsəm də onun evinin qarşısında iqtidar tərəfindən təşkil olunmuş süni etiraz aksiyalarını da qınayıram. Bunu biabırçılıq sayıram”¦
- Partiya başqanlarından söz açdınız deyə bir məsələni də soruşmaq istəyirəm. Arif Hacılını niyə sevmirsiniz? Kiminsə yerini tutduğunu düşünürsünüz, yoxsa partiya sədri olacaq qədər böyük hesab etmirsiniz?
- Arif Hacılının problemi ondadır ki, o, siyasi lider kimi özünü doğrultmadı. Ona görə mən onun istefasın tələb edirəm. Müsavat Partiyasın Azərbaycanı xilas edə biləcək sonuncu şans sayırdım. Arif bəy bu imkanı alt-üst etdi. Şəxsi müstəvidə mənim onunla heç bir problemim yoxdur. Amma mən hesab edirəm ki, İsa Qəmbərin xeyir-duası ilə o, Müsavat Partiyasını diri-diri qəbiristanlığa göndərdi.
- Demək ki, İsa Qəmbərlə də münasibətləriniz yaxşı deyil. Onun da səhvlərinin olduğunu düşünürsünüz?
- İsa Qəmbəri çox istəyirəm. Amma Müsavat Patiyasını ondan da çox istəyirəm. Məncə, İsa Qəmbər bütün yanlışlarına baxmayaraq Azərbaycanda ən üstün intellektə malik siyasətçidir. Mən indi də hesab edirəm ki, o, Azərbaycanı ən kritik məqamda xilas etmək gücündə olan siyasətçidir. Amma Müsavat Patiyasını belə rəzil günə qoyduğuna görə mən onu heç vaxt bağışlamayacam. Heç bir halda heç kim Azərbaycana istiqlal gətirmiş partiya ilə belə davranmamalı idi.
- Bir sual həcmində olsa da ön cəbhədə baş verən son hadisələrlə bağlı fikirlərinizi öyrənmək istərdim. Son döyüşləri necə dəyərləndirirsiniz, sizcə ordumuz erməniyə gücümüzü göstərə bildimi?
- Hesab edirəm ki, Azərbaycan Ordusu həmin günlərdə Dağlıq Qarabağın taleyin birdəfəlik Azərbaycanın xeyrinə dəyişdi. Hər bir əsgərimizin, hər bir zabitimizin qarşısında ehtiramla baş əyirəm. Müxalifətdə olan bəzi dostlarımız deyirlər ki, 2-3 qotur təpəyə görə yüz nəfərdən çox hərbçimiz şəhid oldu. Düşünürəm ki, bu, qərəzli münasibətdir. Bir şeyi də deyim. Qarabağ problemini yalnız İlham Əliyev həll edə bilər. Niyə bunu deyirəm. Çünki müxalifətçi dostlarım, xüsusən cəbhəçilər özlərin öldürürlər ki, İlham Əliyev Putinin əmri ilə Qarabağda hücumu dayandırdı. Düzdür, hücumun dayandırılması mənim də ürəyimcə olmadı. Ancaq mən bunu anlayışıla qarşıladım. Cəbhəçi dostlarımız isə özlərin elə aparırlar ki, guya Əli Kərimli prezident olsaydı Putinin ricasını (əslində tələbini) rədd edəcəkdi. Və orduya əmr verəcəkdi ki, gedib İrəvana Azərbaycan bayrağı sancın. Çox primitiv düşüncədir.
- Demək ki, Qarabağ düyününü çözəcək yeganə siyasətçi İlham Əliyevdir?
- İlham Əliyev beynəlxalq səviyyədə ligitim prezident kimi qəbul olunur. Allah eləməmiş, ona bir şey olsa Azərbaycan xaosa qərq olacaq. Yeni prezident seçmək isə sizə asan gəlməsin. Müsavat kimi demokratik təşkilatda seçkinin nəticəsi qəbul olunmadı. Düşünün ki, həmin seçkiyə ABŞ, Rusiya, Türkiyə, İran... müdaxilə edəcək. Radikal dinçilər və separatçılar aranı qarşıdıracaq. Azərbaycanı Suriya və Livandan pis günə qoyarlar. Belə həlledici məqamda prezidenti dəyişmək haqqında düşünmək belə Azərbaycana xəyanət deməkdir. Bir də müxalifətin heç belə bir gücü də yoxdur. Bir-birinə dodaq büzən müxalifət liderləri bunu heç vaxt bacarmaz.
Rumiyyə MİRASLAN