Aprelin 2-dən etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi, düşmən hücumunu dəf edən ordumuzun əks-hücumla bəzi kənd və yüksəklikləri düşməndən azad etməsi Rusiyanın ciddi narahatlığına səbəb olub. Ənənəvi forpostunun açıq-aşkar məğlubiyyətə düçar olduğunu görən Rusiya, Ermənistanın rüsvayçı məğlubiyyətini pərdələmək, Azərbaycan cəmiyyətindəki yüksək vətənpərvərlik əhval-ruhiyyəsini, döyüş əzmini gizlətmək, pozulan atəşkəsə görə məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq üçün rus KİV-lərinin vasitəsi ilə anti-Azərbaycan təbliğatına start verib. Rusiyanın aparıcı KİV-lərində Azərbaycanı gözdən salan, ictimai fikri çaşdıran yanlış, təxribat xarakterli informasiyalar tirajlayan Kreml, bununla sadəcə rus ictimaiyyətinə deyil, dünya ictimaiyyətinə heç bir əsası olmayan, təhrif edilən məlumatlar çatdırmaqdadır.
Maraqlıdır, Rusiya KİV-lərinin
informasiya təxribatımı de-şifrə etmək, bu təxribatın qarşısını almaq üçün Azərbaycan
tərəfi konkret olaraq hansı addımlar atmalıdır? Rusiya mediasının anti-Azərbaycan
təbliğatına qarşı mübarizəni kim necə aparmalıdır? Bu mübarizənin əsas yükü Azərbaycan
mediasının, Rusiyadakı azərbaycanlı diasporunun, yoxsa rəsmi dövlət
qurumlarının üzərinə düşür?
Məsələ ilə bağlı Moderator.az-a
açıqlama verən media ekspert Elçin Şıxlı Rusiya mediasının Azərbaycanla
bağlı siyasətinin arzuedilməz olduğunu, qərəz üzərində formalaşdığını bildirdi:
“Rusiya KİV-lərinin Azərbaycanın
xeyrinə hər hansı bir informasiya təqdim etdiyini yadıma sala bilmirəm. Onlar həmişə
qərəzli olublar. Suriya olayları ilə bağlı Türkiyəyə qarşı da qərəzli münasibət
sərgilədilər. Ondan öncə isə Ukrayna olayları ilə əlaqədar olaraq Ukraynaya
qarşı belə bir qərəzli münasibət ortaya qoyuldu. Ümumiyyətlə, KİV-lər ictimai tələbi,
ictimai sifarişi yerinə yetirir. Bu baxımdan Rusiya cəmiyyyətinin əksəriyyəti
hesab edir ki, dünyada ruslardan gözəl, onlardan daha üstün ikinci bir millət
yoxdur. Odur ki, onlar Dağlıq Qarabağ problemi ilə bağlı məsələyə də yalnız öz
nöqteyi-nəzərlərindən yanaşırlar. Ruslar hər zaman ermənilərin tərəfində
olublar. Dağlıq Qarabağ və onun ətrafındakı rayonları da işğal edən erməni yox,
rusların özü olub. Əgər Rusiya ermənilərin arxasında durmasaydı, ermənilər
ömürlərində belə bir şey edə bilməzdi”.
E.Şıxlı hesab edir ki,
Rusiya KİV-lərinin Azərbaycanla bağlı qərəzli informasiya siyasətinə qarşı
sistemli mübarizə aparmaq, bu mübarizəni vahid mərkəzdən koordinasiya etmək
lazımdır:
“Rusiya KİV-lərinin Azərbaycana
qarşı qərəzli təbliğatına gəlincə, bu təbliğata qarşı hamı ”“ həm Azərbaycan
mediası, həm ölkəmizdəki rəsmi dövlət qurumları, həm də Rusiyadakı Azərbaycanın
diaspor təşkilatı bir yerdə, mərkəzləşdirilmiş, qarşılıqlı şəkildə
uzlaşdırılmış halda həyata keçirməlidir. Bu, Rusiya KİV-nin informasiya təxribatına
qarşı səmərəli mübarizə baxımından zəruridir. Heç kim ayrı-ayrılıqda
informasiya müharibəsi aparmamalıdır. Normal, məntiqli və operativ qərarlar verən
düşüncə mərkəzi olmalıdır. O mərkəzdə strateji plan hazırlanmalıdır və bu plana
uyğun olaraq sadaladığımız strukturlar, tərəflər öz işini qurmalıdır”.
Seymur Əliyev