Təmas xəttində aprelin 2-də baş verən qarşıdurma, düşmən həmləsini dəf edən ordumuzun əks-hücumla işğaldakı bəzi kəndləri azad etməsi Qarabağ müharibəsi tarixində yeni bir dövrün başlanğıcını qoydu. 10-dan çox hərbçimizin şəhid olması ilə başlanan bu dövr Azərbaycanda ordu quruculuğu istiqamətində bu vaxta qədər həyata keçirilən islahatların heç də əbəs olmadığını, Silahlı Qüvvələrimizin işğaldakı ərazilərimizi praktiki baxımdan azad etmək potensiyalına malik olduğunu göstərir.
Cəbhə xəttində baş verən
son hadisələr müharibə ilə bağlı bir çox məqamı aktuallaşdırdı ki, bunlardan da
biri şəhid olan hərbçilərin ailələrinə dövlət qayğısının artırılması ilə
bağlıdır. Azərbaycan qanunvericiliyində şəhid ailələri ilə bağlı bir sıra imtiyazlar
nəzərdə tutulsa da, reallıqda bu imtiyazların şəhid ailələrinin sosial durumuna
ciddi mənada təsir göstərmədiyi heç kimə sirr deyil. Nə qədər arzuedilməz olsa
da, qeyri-şəhid ailələri kimi bir çox şəhid ailəsinin də sosial problemlərdən, xüsusilə
də kommunal xərclərdən əziyyət çəkdiyi hər kəsə məlumdur. Halbuki, Azərbaycanın
mövcud maliyyə imkanı şəhid ailələrinin sosial həyatını, dolanışığını, maddi
rifahını yüksəltməyə imkan verir. Hansı ki, bu, dövlətin həyatını
torpaqlarımızın azadlığı uğrunda qurban verən şəhidlərimiz qarşısındaki mənəvi
borcu da hesab edilə bilər.
Bu baxımdan Qarabağ
müharibəsində yeni bir mərhələnin başlanğıcı hesab edilən, 2 aprel tarixi, bu
tarixdən əvvək və sonrakı günlərdə şəhid olan, habelə, gələcək döyüşlərdə şəhid
olacaq bütün hərbçi ailələrinin ən azından bir neçə il müddətində kommunal xərclərdən
azad edilməsi məqsədəuyğun olardı. Bu, şəhid ailələrinin maddi-sosial durumunu əhəmiyyətli
dərəcədə yaxşılaşdırmaqla yanaşı, düşmənlə ölüm-dirim savaşı aparan hərbçilərimiz
üçün də mənəvi sitimul ola, onların dövlətə, dövlətin ədalət və humanizminə
olan inamını daha da artıra, güvəncini yüksəldə bilər.
Gəncliyini dövlətinə,
bayrağına fəda edən bir şəhidin ailəsinin qapısının hansısa dövlət qurumu tərəfindən
kommunal borca görə döyülməsi, övlad itirən bir ananın hər ayın sonunda
kommunal borc haqqında düşünməsi, bu borcu ödəmək üçün kiməsə əl açması yolverilməzdir.
Vətən torpağını atasının, qardaşının, oğlunun, həyat yoldaşının qanı ilə
suvaran hər bir ailənin dövlətin bütün imkanlarından, maddi gücündən gen-bol
faydalanmağa haqqı var. Bu haqqı onlara əbədiyyətə qovuşan, şəhidlik zirvəsində
qərarlaşan doğmaları verib. Bu məsələdə dövlətin üzərinə düşən yeganə iş bu
haqqı tanımaq onu hüquqi müstəvidə təsdiqləməkdir.
“Ölmək, bizi başqaları
qarşısında mÉ™suliyyÉ™t hissindÉ™n azad etmirâ€. Bu, məşhur fransız yazıçı Viktor
Hüqoya məxsus bir ifadədir. Dahi yazıçının da qeyd etdiyi kimi, hər bir insanın, hətta öləndən sonra belə
doğmalarına yardım etmək, onlara dəstək olmaq haqqı var və onların bu haqqına
hörmət etmək lazımdır. Sadəcə və sadəcə hörmət etmək...
Odur ki, dövlət də şəhid
olan insanların geridə buraxdıqları ailələrinin sosial rifahını yaxşılaşdırmaq,
onları borc və məhrumiyyət bataqlığından qismən də olsa xilas etmək haqqına
mane olmamalı, onların ailələri ilə bağlı nigarançılığına son qoymalıdır. Nə qədər ki, bu baş verməyib dövlət öz şəhidləri
və onların ailələri qarşısında borclu vəziyyətdə qalmaqda davam edəcək.
Seymur Æliyev
e-mail: [email protected]