Millət vəkili Vahid Əhmədov Moderator.az-a müsahibəsində cəbhə xəttindəki son olayları və bu olayların doğuracağı siyasi nəticələri dəyərləndirib.
-Vahid müəllim, cəbhədəki son gərginliyin və erməni təxribatının pərdəarxası səbəbləri barədə qənaətiniz nədən ibarətdir?
-Sizin dediyiniz kimi, bu gerçəkdən də növbəti erməni təxribatıdır və əslində bu nankor qonşularımızdan hər zaman belə yaramaz hərəkət gözləməliyik və buna hazır olmalıyıq. Konkret olaraq cəbhədəki son gərginliyə gəldikdə isə böyük ruh yüksəkliyi ilə ifadə etməliyəm ki, atəşkəsdən ötən 22 ildə ali baş komandanın da ifadə etdiyi kimi, heç vaxt ermənilərə belə sarsıdıcı zərbə vurulmamışdı. Bu dəfə onlar Silahlı Qüvvələrimizdən elə zərbə alıblar ki, çətin ki, özlərini düzəldə bilsinlər. Onlar Silahlı Qüvvələrimizi məcbur etdilər ki, onlara haqq etdikləri qulaqburmasını verək və dişi qana batmış işğalçının tezliklə gəldiyi yerə qədər qovacağımıza əmin olsunlar. Axı işğalçını başqa hansı aqibət gözləyə bilər ki? Fikir verdinizsə, cənab ali baş komandan da keçirdiyi Təhlükəsizlik Şurasının toplantısında qətiyyətlə bildirdi ki, erməni əsgəri ölmək istəmirsə rədd olsun, işğal etdiyi torpaqdan çəkilib getsin. Bu hər bir azərbaycanlının ürəyindən xəbər verən mövqedir və məmləkətimizdə bu gün hamı silaha sarılaraq torpaqlarımızı işğalçılardan azad etmək üçün ali baş komandanın bircə əmrinə bənddir.
-Sizcə erməniləri bu təxribata vadar edən səbəblər nədir?
”“Hesab edirəm ki, bu təxribatın arxasında daha böyük və məkrli planlar olub. Prezident İlham Əliyevin Vaşinqtondakı Nüvə sammitindəki iştirakı və ABŞ-ın beynəlxalq siyasətini istiqamətləndirən vitse- prezident və dövlət katibi ilə görüşləri, Ağ Evdən Azərbaycanın ərazi bütövlüyünün sonadək dəstəklənəcəyi mövqeyi erməniləri xeyli pərt etdi və onlar da pərtliklərini gizlədə bilmədilər, nəticədə Azərbaycan mövqelərinə soxulamağa cəhd etdiklərinə görə də peşman oldular. O da ola bilər ki, bu, təkcə ermənilərin öz planı olmayıb, onları bu yola “xozeyinləri” vadar edib. Diqqqət edirsinizsə son günlər rəsmi Moskvanın xeyli nüfuzlu rəsmisi Azərbaycan tərəfinə mesajlar verərək az qala atəşi dayandırmaq üçün minnətçi düşürlər. Azərbaycan prezidenti də birmənalı olaraq bəyan etdi ki, biz sadəcə erməni hücumunu dəf etmişik və birtərəfli qaydada atəşi dayandırırıq, amma təbii ki, ermənilərin təxribatçı addımları da cavabsız qalmayacaq. Görünən odur ki, ermənilər sakit dayanmaq istəmirlər və yenidən cəbhədə baş verən gərginlik, hətta mülki əhalini bilə-bilə raket atəşinə məruz qoymaları işğalçının xislətini bir daha ortaya qoyur. Bir məsələ də var ki, Azərbaycan yaranmış fürsəti də dəyərləndirərək torpaqlarını işğalçıdan azad etmək üçün kimsədən çəkinmədən addımlar atmalıdır. Çünki haqq bizim tərəfimizdədir və biz öz halal və müqəddəs torpaqlarımız uğrunda savaşırıq, Kimsənin torpağında gözmüz yoxdur, baxmayaraq ki, kimsə deyəndə yenə də bu günki Ermənistan torpaqlarının Azərbaycanın əzəli torpaqları olduğunu da dünyaya hər fürsətdə deməliyik ki, gözləri kor, qulaqları kar olan beynəlxalq hüquq bu həqiqəti unutmasın.
-Diqqətlə analiz etdikdə təkcə Nüvə sammitinə görə deyil, ümumiyyətlə postneft dövründə də Azərbaycanın inamlı, müstəqil, kimsəyə boyun əyməyən siyasət yürüdəcəyi ilə bağlı İlham Əliyevin atdığı addımlar, enerji və nəqliyyat layihələrinin ikinci qızıl dövrünə qədəm qoyulması təşəbbüsləri kimlərisə yaman narahat edib, o üzdən sanki Azərbaycana “yerində otur” mesajı vermək istəyirlər...
-Mən bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm, baxmayaraq ki, medianı izlədikdə politoloqların, siyasi analitiklərin ehtiyatlı yanaşma sərgilədiyini görürük. Amma kimsəyə sirr deyil ki, Azərbaycanın bu uğuruna qısqananlar Moskva və onun diqtəsiylə davrananlardır. Heç kimə gizlin deyil ki, müstəqiliiyimizin ilk günlərindən bu günədək ölkəmizə hər zaman Rusiyadan açıq və ya gizli mesajlarla təhdidlər gəlib və bu gün də davam etməkdədir. Təsəvvür edin ki, cəbhədəki son gərginlikdə də haqlı tərəf Azərbaycan olduğu haldaRrusiya mediası və rəsmiləri çəkinmədən qatı ermənipərəst mövqe sərgiləməkdədir və Azərbaycan ordusunun təşəbbüsü ələ almasından pərtliklərini gizlədə bilmirlər. Bu azmış kimi Nikolay Bordyujanın açıq-aşkar Ermənistana tərəfkeşlik edərək Azərbaycanı hədələməsi də əndazənin aşmasının əlamətidir. Mən internet resurslarının birindən Gürcüstanın keçmiş prezidenti Saakaşvilinin də müsahibəsini oxudum. Deyirdi ki, Rusiyanın daha da zəifləməsini gözləmək lazımdır və bundan sonra regiondakı bir sıra konfliktlər öz həllini tapoacaq. Bundan əlavə Gürcüstanın baş naziri də dünən təcili iclas çağırdı ki, birdən daha bir Rusiya təxribatı onları da haqlaya bilər. Çünki orada da Rusiya hər zaman Cavaxetiyadakı erməni kartından məharətlə istifadə edərək hər zaman gərginlik və münaqişə oəcağı yaradıb, həmin ocaq əslində heç vaxt sönməyib, sadəcə tüstülənib, Moskvaya nə vaxt lazım olsa onu yenidən alovlandıra bilir.
-Amma Moskva hələlik Azərbaycanı gözaltı edib, Gürcüstanı isə obrazlı desək, dincə qoyub...
-Azərbaycan Gürcüstanla və ümumiyyətlə bölgənin digər dövlətləri ilə müqayisədə xeyli diqqətçəkən statusda və əhəmiyyətdədir. Azərbaycanın son dövrlər lokomotivi olduğu transmilli layihələrin həyata keçirilməsi təbii ki, çoxlarını narahat edir. Obrazlı desək, TANAP və TAP-ın tappıltısı bəzi paytaxtlardakı fitnəkarların qulaqlarını batırıb. Amma Azərbaycan prezidentinin qətiyyətli mövqeyi və başda ABŞ olmaqla Qərbin dəstəyi ondan xəbər verir ki, bütün çətinliklərə, təxribatlara sinə gərərək bu meqalayihələri uğurla həyata keçirəcəyik. -Azərbaycana dəstəkdən söz düşmüşkən, biz dar günün dostlarının kim olduğunu bu dəfə də gördük. Türkiyə və Pakistan xaric din və dil qardaşlarımızdan kimsə cınqırını çıxarmadı...
-Bilirsiniz, müsəlman dünyası çətin dönəmini yaşayır və belə demək mümkünsə onların başını elə qatıblar ki, kimsə yada düşmür.
-Yəni heç Belarus prezidenti Lukaçşneko da olmadılar ki, yalandan da olsa mesaj verib dəstək ifadə etsinlər? -Mən mediadan təkcə Türkmənistan prezidentinin bəyanatına rast gəldim ki, Azərbaycan istəsə biz dətsək göstərə bilərik. Buna da şükür. Digərlərinə baxan yerdə belə qardaşlıq mesajını da yüksək qiymətləndirməliyik.
-Növbəti dəfə atəşkəs rejimi hakim olandan sonra aparılacaq danışıqların növbəti mərhələsində Azərbaycan prezidenti məğlub kimi deyil, hər an işğalçının burnunu ovmağa qadir dövlət başçısı kimi davranacaq. Bu isə diplomatik cəbhədə də üstünlüyün Azərbaycanın tərəfinə keçməsidir.
-Tamamilə haqlısınız. Azərbaycan sülh danışıqlarının növbəti mərhələsinə tamam fərqli statusda qatılacaq və həmsdərlərdən tələb edəcək ki, işğalçını geri çəkilməyə vadar eməsəsiniz onu zorla özümüz çıxarmağa məcbur olacağıq. Ordumuzun son günlərdəki inamlı qələbələri və erməni təxribatına layiqli cavab verməsi İlham Əliyevin danışıqlara daha inamlı qatılması üçün bir stimul oldu.
-Azərbaycan prezidenti bir bəyanat da səsləndirdi ki, biz müharibə istəmirik, günahsız qanların tökülməsinə qarşıyıq, amma ermənilər bunu anlamırlar hələ də.
-Elədir. Ermənilər gec də olsa qanmalıdırlar ki, Azərbaycaın hər qarışı onlar üçün cəhənnəm olacaq. Biz öz torpaqlarımızın hər qarışı uğrunda mübarizə aparacaq, bir qarış torpağımızı belə düşmənə güzəştə getməyəcəyik. Ona görə də ermənilər gerçəkdən də o torpaqlardan rədd olmalıdırlar.Yoxsa Qarabağ onlar üçün məzar olacaq. Mən fürsətdən istifadə edərək torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə canını verən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir və yaralılara ən qısa zamanda sağalmalarını arzu edirəm.