Son vaxtlar ölkə mediasında ömrünün qürub çağını yaşayan ahıl insanlara qarşı qətllə nəticələnən hücum və zorakılıqlarla bağlı işıqlandırılan məqalələrin sayı sürətlə artmaqdadır. Bu istiqamətdə bəlli bir statistika olmasa da, bir tək mediada dərc edilən məlumatların ümumi təhlili göstərir ki, manatın devalvasiyasından sonra kəskinləşən iqtisadi böhran digər qəbildən olan cinayətlərin sayını artırmaqla yanaşı, yaşlı insanlara qarşı hücumların da sayını nəzərəçarpacaq dərəcədə artırıb.
Son iki ay ərzində tənha yaşayan ahıl insanlara öldürülməsi ilə nəticələnən qarət əməllərinin artması bu sahədə vəziyyətin getdikcə kəskinləşdiyindən xəbər verir. Görünən odur ki, kütləvi işsizlik və aclıq fonunda cinayətə üz tutan insanların bəzisi məhz yaşlı insanları hədəfə alır ki, bunun da özünəməxsus səbəbləri mövcuddur.
Bu səbəblərdən ən başlıcası ahıl insanların cinayətkarlara daha zəif müqavimət göstərməsi və ya tamamilə müqavimət göstərməməsidir. Fiziki baxımdan zəif, müxtəlif xəstəliklərdən əziyyət çəkən yaşlı insanların digər insanlarla müqayisədə qatillə mübarizədə qurtuluş şansı olmur. Məhz bu amil yaşlı insanı öldürərək onun olan-qalanını qarət etməyi planlaşdıran şəxsə öz niyyətini həyata keçirməyə, uğuru əvvəlcədən sığortalamağa imkan verir. Ahıl bir şəxsi qarət etməyi qarşısına məqsəd qoyan cinayətkar əvvəlcədən fiziki müqavimətdən, ciddi dirənişdən məhrum olan bu şəxsi qısa zamanda neytrallaşdıracağından əmin olur. Və bu əminlik ona güvən və qətiyyət bəxş edir, təşviş və həyəcanını azaldır.
Ahıl insanların hədəf seçilməsi həm də onları qətlə yetirən şəxslərin qorxaq təbiətindən xəbər verir. Çünki məhz qorxu hissi onlara ən varlı, ən zəngin şəxsləri deyil, ən müqavimətsiz, ən çarəsiz şəxsləri axtarıb tapmağı, öz niyyətlərini bu şəxslər üzərində gerçəkləşdirməyi diktə edir. Onların xislətində oturuşan bu qorxu təhtəlşüur olaraq onlara bildirir ki, başqa cür uğur qazanmaq mümkün deyil.
Bir sözlə, ölkədəki iqtisadi-sosial durum ağırlaşdıqca ahıllıq qatillər üçün qızılı dəvətnaməyə, israrlı çağırışa çevrilir. Hansı ki, bu çağırış ölkənin yaşlı sakinlərinin bəzisinə həyatla öz əcəli ilə vidalaşmağa imkan vermir.
Ölkənin yaşlı, tənha vətəndşlarına yönəlik hücumların artması bu insanların təhlükəsizliyi ilə bağlı ciddi addımlar atmağı, həmin şəxslərin hər hansı formada xüsusi nəzarətə götürülməsini zəruri edir. Tənha yaşayan yaşlı insanlar üzərində belə bir nəzarət mövcudluğu tamamilə olmasa da, bu cür cinayətlərin qarşısını müəyyən qədər ala bilər. Bu məqsədlə tənha yaşayan ahıl insanların xüsusi təhlükəsizlik proqramına daxil etmək olar.
Ahıl insanlara təhlükəsizlik məqsədi ilə nəzarətin sahə müvəkkilləri, əraziyə təhkim edilən post-patrul xidməti əməlkdaşları və s. qismində bilavasitə dövlət tərəfindən həyata keçirilməsi də, yaxın qonşular, məhəllə sakinləri tərəfindən gerçəkləşdirilməsi də mümkündür. Hansı ki, dövlət tənha ahıl insanlarla qonşuluqda yaşayan şəxsləri müqavilə əsasında da bu əməkdaşlığa cəlb edə, yaşlı insanların nəzarətdən kənarda qalmasını əngəlləyə bilər.
Əks-təqdirdə, yaxın gələcəkdə ahıl insnalara qarşı həyata keçirilən zorakılıqların miqyası daha da genişlənə, bu proses qorxulu tendensiyaya çevrilə bilər. Bu isə daha çox insanın ölümü, daha çox həyatın yarıda qırılması deməkdir.
Bütövlükdə isə problemin köklü şəkildə həlli, bütün növ cinayətlərin sayının azaldılması üçün iqtsiadi durğunluğun aradan qaldırılması, insanların sosial rifhının əməli baxımdan yaxşılaşması istiqamətində ciddi addımların atılması zəruridir. Bu olmayacağı təqdirdə, qarşıdakı onillikləri də yaşlı, uşaq, qadın və s.kateqoriyalı insanların təhlükəsizliyini təmin etmək üçün xüsusi proqram və üsulların axtarılıb tapılmasına sərf etmək məcburiyyəti qarşısında qalacayıq.
Seymur Əliyev
e-mail: seymur_dq04@mail.ru