Moderator.az keçmiş nazir və keçmiş səfir Əli Nağıyevdən ölkə başçısı İlham Əliyevin İran İslam Respublikasına səfəri ilə bağlı fikirlərini öyrənib.
Əli Nağıyev ilk öncə ölkə başçısının yürütdüyü düzgün xarici siyasətdən danışıb: “Hesab edirəm ki, İran Azərbaycan münasibətləri hər zaman yüksək səviyyədə olmalıdır. Sözsüz ki, Azərbaycan dövlətinin Heydər Əliyevdən başlayan siyasəti Azərbaycanın bütün dövlətlərlə münasibətlərini dostluq və qarşılıqlı əməkdaşlıq əsasında qurmağa yönəlibdir. Prezident İlham Əliyev də bu xətti çox uğurla davam etdirir və deyərdim ki, bu məsələdə hətta Heydər Əliyevdən də qabağa gedib. Heydər Əliyev öz nüfuzundan istifadə edərək hansısa məsələləri tez həll edirdisə, İlham Əliyev xarici siyasətdəki aktivliyindən istifadə edərək bir çox həlli çətin olan məsələləri həll edir. Azərbaycanın xarici siyasətini, münasibətlərini bütün dövlətlərlə qarşılıqlı, faydalı əməkdaşlıq, dostluq əsasında qurmağa yönəldib, xüsusilə də qonşu dövlətlərlə. Bu da birmənalı şəkildə belə olmalıdır və bunu da Azərbaycan prezidenti yüksək səviyyədə həyata keçirir”.
Keçmiş nazir deyib ki, İranla münasibətlərimiz ən yüksək səviyyədə olmalıdır: "Bu da Azərbaycanın İrana qarşı olan xarici siyasətində bu günə qədər özünü göstərib. Hələ Heydər Əliyev Naxçıvanda olan zaman Azərbaycanın İranla münasibətləri çox gərgin bir vəziyyətə çatmışdı. Onda Heydər Əliyev Naxçıvandan İranla çox isti münasibətlər qururdu. O vaxt bu bəlkə də İran rəhbərlərinə bir mesaj idi ki, darıxmayın, bizim münasibətlərimiz yenidən lazımi səviyyədə qurulacaq. Allah böyük öndərə rəhmət eləsin! Bu səfərin təbliğatı öz daxilindədir, yəni ki, baş verənlər bu səfərin təqdimatını təbliğ edən bir vasitədir. Belə bir deyim var, fotoqraf o qədər peşəkar olmalıdır ki, şəkli göstərməklə yanaşı həm də danışdıra bilə. Və yaxud da operator elə kadrları tutmağı bacarmalıdır ki, həmin kadrların informasiya tutumu böyük olsun. Prezidentin təbliğatı ilə məşğul olanlar təkcə İlham Əliyevin İran prezidenti ilə danışıqlardan sonra mətbuata söylədiklərini insanlara doğru şəkildə təqdim etsələr çox böyük effekt verər. Bu, hansısa politoloqların, bayağı, primitiv şərhlərindən daha çox əhəmiyyət kəsb edər. Səfərlə bağlı bir neçə məqama xüsusi fikir vermək lazımdır, ilk növbədə Ruhani İlham Əliyevin danışıqlarına çox heyranlıqla qulaq asırdı. Daha sonra İlham Əliyevin verdiyi bəyanatları dinləyəndə İran nümayəndə heyətinin üzvlərinin, nazirlərinin üzləri gülürdü. Eyni zamanda Ruhaninin verdiyi bəyanat da çox yüksək səviyyədə Azərbaycan İran dostluq münasibətlərini şərh edir. Həmçinin, Ayətullah Xameneyi ilə görüşdə “Azərbaycanla İran təkcə dost deyil, təkcə strateji tərəfdaş deyil, bu münasibətlər daha yüksəkdir” deməsi Azərbaycan İran münasibətlərinin səviyyəsini göstərən təbliğatının ən əsas notları olmalıdır”.
Ə. Nağıyev prezidentin İran səfəri çərçivəsində önəmli olan əsas üç məsələni, dəmir yol nəqliyyatının birləşdirilməsi, enerji daşıyıcılarının mübadilə əsasında birləşdirilməsi, Xəzərin enerji resurslarının birgə işlənməsini xüsusi qeyd edib: “Səfərin əhəmiyyətinə gəlincə deyərdim ki, bu səfərin əhəmiyyəti ölçüyə gəlməyəcək qədər böyükdür. İndiyə qədər bəlkə də yatsaq da yuxumuza girməzdi ki, İranla Azərbaycanın dəmir yolları birləşəcək. Həmin dəmir yol xətti Avropadan Cənubi Şərqi Asiyaya gedib çıxacaq və burada da Azərbaycan bir körpü rolunu oynayacaq. Bu da o deməkdir ki, neftin ucuzlaşması hesabına müəyyən qədər çətin iqtisadi duruma düşdüyü vaxtda Azərbaycanın qarşısında birdən-birə bu qədər geniş imkanlar açılır. Bir tərəfdən Azərbaycan körpü olmaqla Avropa ilə Asiyanı birləşdirən dəmir yolu inşa olunacaq. Digər tərəfdən, Ruhaninin bəyənatında dəniz nəqliyyatının genişləşdirilməsi məsələsi də yer aldı. Bunun da çox böyük əhəmiyyəti olacaqdır. Digər bir məsələ isə enerji sistemlərimizin birləşdirilməsi təklifi idi, bunun da nə qədər yüksək perspektivləri var. Həmçinin, Xəzərin enerji resurslarının birgə işlənməsi məsələsi Azərbaycanın əldə etdiyi həm iqtisadi nailiyyətlərdir. Eyni zamanda da strateji əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək. Orada bir cümlə səsləndi ki, “İranla Azərbaycanın təhlükəsizlik məsələlərində birgə əməkdaşlığı”, bu hələ gözə görsənməyən böyük perspektivlərdən xəbər verir”.
Keçmiş səfir son olaraq vurğulayıb ki, prezidentin İran səfərinin Azərbaycana nə verdiyi bir ildən sonra görünən nəticə verəcək: “Üç il əvvəl heç kim təsəvvür etməzdi ki, Ələt terminalı bu qədər gərəkli olacaq. Bir dəqiqənin içində Türkiyə Rusiya münasibətlərinin pozulması Ələt terminalının konteynerlərlə, Türkiyə TIR-ları ilə ilə doldurdu. Həmçinin, Rusiya Ukrayna münasibətlərinin gərginləşməsi Ələt terminalının nə qədər gərəkli olduğunu göstərdi. Bu, həm də bir anın belə siyasətdə böyük rol oynadığının göstəricisi idi. İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan ancaq sülh və qarşılıqlı faydalı əməkdaşlıq məkanıdır. Bu regionda baş verən Rusiya Türkiyə münasibətlərinin pozulması, Ukrayna Rusiya qarşıdurması Azərbaycanın regionda nə qədər vacib olduğunu sübut etdi. İran Azərbaycan münasibətlərinin də bu qədər yüksək həddə qaldırılması sabah digər Avropa dövlətlərinə də Azərbaycanın regional əməkdaşlıqda, geosiyasi mövqedə nə qədər vacib məkan olduğunu diqqətdə qoyacaq. Ona görə də prezidentin İran səfəri ilə artıq sözlər deməyə ehtiyac görmürəm. Təklif edirəm ki, İlham Əliyevin bəyanatını tez-tez televizya proqramlarında göstərsinlər, oradakı xüsusi epizodları xüsusilə nəzərə alsınlar”.
Rumiyyə