Son günlər Azərbaycanın terror əleyhinə islam koalisiyasına qoşulması ilə bağlı məsələ gündəmdədir. Səudiyyə Ərəbistanın təşəbbüsü ilə formalaşan, Türkiyə və Pakistan kimi nəhəng islam dövlətlərinin də daxil olduğu koalisiyada təmsil olunmaq bir sıra amillər səbəbi ilə cəzbedici görünür. İlk növbədə ona görə ki, bu koalisiya Qərbin erməniləri xristian təəssübkeşliyi fonunda dəstəklədiyindən şikayətlənən Azərbaycanın istinad edə biləcəyi güc mərkəzi deməkdir. Hansı ki, bu güc mərkəzinə Azərbaycanın ehtiyacı kifayət qədər böyükdür.
Bəzi
siyasilər hesab edir ki, Azərbaycanın terror əleyhinə islam koalisiyasına
qoşulması Rusiya tərəfindən davamlı şəkildə təhdid edilən Azərbaycanın təhlükəsizliyini
təmin etməklə yanaşı, Qarabağın işğaldan azad edilməsi prosesinə də öz töhfəsini
verə bilər. Belə ki, Azərbaycan Qarabağ probleminin hərbi yolla həllinə qərar
verdiyi təqdirdə bu koalisiyanın qüvvələrindən yararlana bilər ki, bu da Rusiya
faktorunu nəinki qismən, hətta tamamilə neytrallaşdıra bilər. Fəqət bütün
bunlarla yanaşı, məlum koalisiyaya qoşulmağın Rusiya və İranı daha da
qıcıqlandıracağını iddia edənlər də az deyil.
Moderator.az-a açıqlama verən millət
vəkili Fazil Mustafa hesab edir ki, Azərbaycanın terror əleyhinə islam
koalisiyasında təmsil olunmasına ehtiyac yoxdur:
“Bu
koalisiyada Azərbaycanın iştirakı məqsədəuyğun deyil. Çünki iki ermənipərəst
qonşu dövlətlə üz-üzə gəlmə risqimiz yaranar. Hələ ki, Qarabağın azad
olunmasının münbit şəraiti yetişməyibsə, indiki məqamda özümüzü düşmənlərin hədəfinə
çevirməyimizin bir faydası yoxdur. Bununla belə, ayrıca olaraq qardaş Türkiyəyə
qarşılaşdığı çətin durumlarda dəstək vermə mövzusunda tərəddüdümüz olmamalıdır”.
Seymur
Əliyev