Azərbaycanda həm 20 Yanvar, həm də Xocalı faciəsində əli olan şəxslərin cəzalandırılması, məsuliyyətə cəlb edilməsi mümkün olmayıb. Buna səbəb isə həmin faciələrdə əli olan şəxslərin Rusiya və Ermənistan hakimiyyətində təmsil olunması, habelə Kreml tərəfindən himayə edilməsi olub. Hansı ki, dünyanın bir çox dövlətlərində hökumətlər hüquqi baxımdan cəzalandırmaqda çətinlik çəkdikləri şəxsləri xüsusi xidmət orqanlarının köməyi ilə qətlə yetirərək cəzalandırır ki, bu da sadəcə ədalətin yerini almasına şərait yaratmır, həm də həmin dövlətin prinsipiallığını göstərir, başqaları üçün çəkindirici faktor rolunu oynayır.
Maraqlıdır, rəsmi Bakı da xüsusi xidmət orqanlarının köməyindən istifadə edərək əli Azərbaycan xalqının qanına batan şəxslərin qeyri-hüquqi çərçivədə cəzalandırılmasına nail ola bilərmi? Bunu etməyə mənəvi haqqı varmı?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər bunun istənilən hökumətdən ikiqat cəsarət tələb etdiyini vurğulayıb:
“Bu kimi məsələlər mətbuat səhifələrində müzakirə olunmur. Öncə bu şəxslərin cəzalandırılması üçün hüquq çərçivəsində addımlar atılmalıdır. Hüquq bizə hərtərəfli addımlar atmağa imkan verir. Lakin hökumət hüquqi çərçivədə lazımi addımlar atmağa cəsarət etmir. İndi siz hüquqi çərçivədə addım atmağa cəsarət etməyən hökumətdən qeyri-hüquqi addımlar atmağı gözləyirsiniz?”
Seymur Əliyev