“Azərbaycan ya odun içinə atılacaq, ya da terrorla çalxalanacaq” - Elçin Qurbanov
8217
21 Feb 2016 | 19:43

“Azərbaycan ya odun içinə atılacaq, ya da terrorla çalxalanacaq” - Elçin Qurbanov

 

İqtisadçı ekspert Elçin Qurbanovun Moderator.az-a müsahibəsini təqdim edirik:

 

-Rusiya Türkiyənin Suriyaya quru hərəkatı başlamaq ehtimalını əsas gətirərək, BMT TŞ-nı toplantıya çağırıb. Sizcə, özü Suriyada hərbi əməliyyat keçirdiyi halda, Türkiyəni buna görə qınayan Rusiyanın bu hərəkətinə nə ad vermək olar?


-Rusiya BMT TŞ  toplantıya çağırmaqla affekt vəziyyətində olduğunu büruzə verir. Belə görünür ki,  Xəzərdən Suriyanı raket atəşinə tutan, qırıcılarla müxalifəti və dinc əhalini bombarduman edən Rusiya öz müdaxiləsini beynəlxalq hüquqa zidd hesab etmir, amma Suriya ilə qonşu olan, 3 milyondan artıq qaçqınına qucaq açmış və problemin həllində ən çox maraqlı olan Türkiyə həmin ərazidə terroçulara qarşı hərbi əməliyyatlar həyata keçirə bilmir. Halbuki, bir qaçqına belə sığınacaq verməyən Rusiya özünü Suriyanın siyasi müttəfiqi kimi göstərməklə, yalnız həyasızlıq edir. Əlbəttə ki, Rusiyanın niyyətləri  başqadır. Yəqin eşitmisiniz, İsrail mətbuatı Rusiyanın son zamanlarda Türkiyə ilə İsrailin siyasi yaxınlaşmasından narahat olduğundan yazır. Hətta Moskvada İsrailin baş naziri Netanyahunun xüsusi nümayəndəsi və xarici işlər müşaviri Dore Goldla görüşü zamanı  Lavrov həm Rusiyanın, həm də Misirin bu yaxınlaşmadan narahat olduğunu birbaşa diplomatın özünə bildirib. Narahatlıq əsaslı görünür. Əslində isə şoudur. Müvəqqəti xarakter daşıyan yaxınlıq, gərginliyin artırıldığı dövrdə İsrailin Türkiyə təhlükəsini neytrallaşdırmasına xidmət edir. Bu, İsrailin  öz təhlükəsizlik tədbirlərindən biridir. İstənilən halda Türkiyə tərəfdən sığortalanmaqdır. Ümumiyyətlə isə Rusiyanı bu məsələlərdə müstəqil siyasi iradə sahibi hesab etmirəm.


-Son zamanlar müsəlman ölkələrinin yaratdığı hərbi koalisiyanın Suriyaya müdaxilə etməsi və bunun açıq şəkildə ABŞ tərəfindən dəstəklənməsi sanki belə bir təəssürat yaradır: ABŞ öz rəqibini müsəlmanların əliylə zəiflətmək istəyir. Bu döyüşdən hansısa tərəfin qələbəylə çıxması şansı varmı?


-Siz Səudiyyəni nəzərdə tutursunuzsa, qeyd etmək lazımdır ki, bu ölkə Yəmənin başına bomba yağdıran heç bir siyasi mövqeyi olmayan sərsəm koloniyadır. ABŞ dəstəyi isə  göründüyü kimi deyil. O, hər zaman yalnız öz maraqlarını dəstəkləyib.  Bu gün də drijorluq edir.  Hansı tərəfin qalib çıxacağına gəlincə isə demək istəyirəm ki, plana görə, guya dollar qalib çıxmalıdır. Başqa hər hansı tərəfin döyüşdən  qələbəylə çıxması absurddur. Çünki bu döyüş heç bir müsbət siyasi nəticə vəd etmir. 


-Bu savaşın qalıibu olmayacaqsa və hamısı bunun fərqindədirdə tərəflər niyə bu məkrli siyasətə gedirlər?


 -Tərəflərin getməməsi mümkün deyil. Tərəflərin dediyiniz məkrli siyasətə getmələri iradi xarakter daşımır. Hadisələrin inkişafı yaradılan siyasi şəraitə bağlıdır.


-Son zamanlar Türkiyədə terror hadisələrinin artdığı müşahidə olunur. Ölkəni daxili ziddiyyətlərə aparan bu hadisədə Rusiyanın barmağının olması ehtimalı nə qədərdir?


-Türkiyədə terror hadisələrinin intensivləşməsi, mənə görə, sifarişlidir. Rusiyanın barmağının olmasına gəlincə, bunun o qədər də fərqi yoxdur. Hal-hazırda qaçqın qəbul edən Türkiyə Cümhuriyyətinə Əsəd tərəfdarlarının diversiya dəstələri də asanlıqla gələ bilir. Xüsusi hazırlıq keçmiş diversantlar belə tapşırıqları çətinlik çəkmədən törədə bilərlər. Amma terrorda Rusiyanın barmağının olması barədə heç nə deyə bilmərəm. Terror hadisələri Rusiya ilə münasibətlərin pozulmasından öncə də var idi. Əksinə, bu, Rusiya və Türkiyə münasibətlərinin daha da gərginləşməsi məqsədinə xidmət edir. İnanmıram ki, Rusiya bilavasitə belə bir işə əl atsın. Çünki açıq-aşikar gərginliyin olduğu bir ərəfədə  buna cavab olaraq Rusiyada gözlənilə bilən terrora səbəb yaratmaq rəsmi Moskvaya lazım deyil. 

 

-Qardaş ölkə terrorizmə qarşı mübarizədə nə etməlidir?


Terrorizmlə mübarizəni necə aparmaqdan öncə çoxsaylı cəbhələr açılmamalıydı. Bir neçə gün öncə ABŞ rəsmisinin PYD-ni və onun silahlı qanadı sayılan YPG -ni   terror təşkilatı kimi tanımaması yəqin ki yadınızdadır. PKK, YPG, İŞİD, Əsəd silahlıları, Rusiya münasibətləri və.s. kifayət qədər əks cəbhə deməkdir. Olduqca mürəkkəb vəziyyətdir. Belə hallarda aqressivlik vəziyyəti daha da ağırlaşdırır. Əks koalisiyanın yaranması üçün şərait yaradır. Əsəd rejiminin məhv edilməsindən sonra , Suriyada sayca 5 milyondan az olmayan kürd toplumunun ortaya çıxması problemi də mövcuddur. Ona görə də Əsəd rejiminin dəyişməsinin  siyasi nəticəsi Türkiyə üçün olduqca böyük əhəmiyyət kəsb edir. Bütün bunlara rəğmən, qardaş Türkiyə üçün siyasi durğunluğun səbəblərindən biri, zənnimcə, yaratdığı xaotik aqressivlikdir. Terrorun törədilməsində isə başlıca tərəf, zənnimcə, müttəfiqin özüdür.


-Türkiyə prezidentinin Azərbaycana səfəri təxirə salındı. Bu səfərdən nə gözləyirdiniz ? 


-Baş tutmayan səfərdən xüsusi heç nə gözləmirdim. 


-Türkiyənin baş naziri Rusiyanın növbəti hədəfinin Azərbaycan ola biləcəyindən bəhs edib. Təhlükə nə qədər realdır və rəsmi Bakı vəziyyətdən çıxmaq üçün hansı addımları atmalıdır ?

 

-Bu sualınıza bir qədər geniş və ətraflı cavab vermək istəyirəm.  Əvvəlcə Rusiyanın bütün münaqişələrin ətrafında hansı rolu ifa etdiyini dəqiqləşdirmək lazımdır. Mən bir qədər mövzudan kənara çıxmalıyam. İlk olaraq qeyd etməliyəm ki, Yaxın Şərqdə alovlandırılmış münaqişələrin batinində ABŞ ”“ın iqtisadi maraqları dayanır. Türkiyənin və Avropa dövlətlərinin, xüsusilə də Almaniyanın qanlı Suriya hadisələrinin nəticələrində zərərçəkmiş kimi payı ABŞ dollarının və NATO ”“nun möhkəmləndirilməsi məqsədi  daşıyır. Digər mətləblərə də toxunacağam. Bir müddət əvvəl Avropa mətbuatına ötürdüyüm alman dilinə təcümə edilmiş tənqidi bir yazıda “Dollar öz qitəsinə (sahibinə)  qaytarılmayınca, dünya dövlətləri, o cümlədən Avropa azad ola bilməz !”  kimi çağırış etmişdim. Orada sözügedən məsələni bir qədər ətraflı şərh etmişəm. Diqqət edin, Avropa ailəsinə daxil olan dövlətlərin ərazisində evro ilə paralel ölkələrin milli valyutaları da tədavül vasitəsi kimi istifadə olunur. Hazırda Almaniyanın milli valyutası evro hesab olunur. Bu o deməkdir ki, evronun sahibi və birliyin rəhbəri Almaniyadır. Bütün dünya iqtisadiyyatında payının 10 faiz təşkil etdiyi Almaniyanın siyasi nüfuzu və iqtisadi gücü artdıqca ABŞ-ın qitə xaricində təsir imkanlarına kölgə salır. Rusiyanın isə Avropa və Asiya qitəsində əsas yöndəmsiz güc kimi mövcudluğu Şimali Atlantika Alyansının ağsaqqalı ABŞ-ın ətrafında sıx birləşməni stimullaşdırır. Kobud desək Rusiya ABŞ-ın siyasi  və iqtisadi nüfuzunu Avrasiya materikində möhkəmləndirir . Ona görə də Yaxın Şərqdə və digər münaqişələrdə Rusiyanın qeyri-təbii iştirakına rəvac verilir. Yəqin ki, yadınızdadır, səhf etmirəmsə, 2009 ”“cu ildə Almaniyanın dollar ehtiyyatlarını qızılla əvəz etmək üçün göstərdiyi cəhdlər nəticəsiz qalmışdı. Ona görə də Avropada  enerji təhlükəsizliyi ilə bağlı idxal əməliyyatlarına dair mübadiləyə əsasən ABŞ dolları ilə həyata keçirildi. Avropa, xüsusilə də Almaniya ABŞ dollarının iqtisadi  və siyasi məhiyyətini yaxşı bilir. Bu valyutadan qismən qurtulmağın vacib olduğunu da yaxşı başa düşürdü. Ona görə də bir qayda olaraq dolların ikinci dərəcəli  ölkələrə yönəldilməsinə başlanmışdı. ABŞ-ın dünyada iqtisadi mövqeyinin zəifləməsi təhlükəsi iqtisadi sensorların real elementləri ilə xarakterizə edilirdi. Fizeokratlar məktəbinin banisi Fransua Kennenin təbirincə desək, “Əgər real sərvət yoxdursa, pul sərvəti əhəmiyyətsiz və faydasızdır”. Çağdaş dövrün bank faziləri və uçot siyasətini nəzərə almasaq, pul özü özlüyündə insanların tələbatını ödəmir və pul pul yaratmır. Bunları vurğulamaqla  xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu günümüzdə istənilən vayutanın arxasında qızıl və başqa qiymətlilər dayanırsa , dolların arxasında  müharibə və qan dayanır. Əlbəttə ki, qandan daha qiymətli nə ola bilər?  Bu günkü Türkiyə və Rusiya siyasi gərginliyinin həqiqi səbəbini subyektiv olaraq  yəqin ki, müəyyən qədər izah edə bildim.   


 -Azərbaycana beynəlxalq terrora qarşı müsəlman ölkələrinin koalisiyasına qoşulmaq təklif edilib. Xarici işlər naziri Elmar Məmmədyarov bu xəbəri təsdiqləyib və məsələnin müzakirə olunduğunu deyib. Necə fikirləşirsiniz, Azərbaycan bu təklifi qəbul etməlidirmi?


-Azərbaycanın beynəlxalq terrora qarşı müsəlman ölkələrinin  koalisiyasına qoşulması barədə təklifə münasibətimə gəlincə, onu demək istəyirəm ki, dünyada müsəlman ölkələrinin ayağına yazılmamış hansısa məşhur (beynəlxalq) terror təşkilatı tanıyırsınızmı ? Ümumiyyətlə bu nə plandır ? Müsəlmanların müsəlmanlar tərəfindən qətliamı ilə kənara zərər vurmadan demoqrafik reformaya nail olmaq. Azərbaycanın bu təklifi qəbul edib etməməsi dünya miqyasında heç nəyi dəyişmir. Qoşulmadığı təqdirdə terrorun bura yönəldilməsinə, qoşulduğu halda isə alovun içərisinə soxulma təhlükəsi ilə üz-üzə qalacaq. Əlbəttə, iqtisadi durğunluq dövründə terror probleminin yaradılması arzuolunan deyil. Bəli, söhbət problemin olmasından deyil, yaradılmasından gedir. Hər iki halda Azərbaycan bu gərginliyə sürüklənir. Real olaraq Azərbaycan üçün şimal və cənub sərhədlərindən terror küləyi əsə bilər. Qarşısını almağın  gerçək yolu, siyasi tarazlığa nail olmaqdır. Amma bu məsələdə qardaş Türkiyənin siyasi iradəsi ilə üst-üstə düşəcək addımların atılması, birgə təhlükəsizlik tədbirləri Azərbaycan üçün bu sahədə onsuz da əsas prioritet olacaq.

Link kopyalandı!
Son xəbərlər