Bugünlərdə ölkə mediasında problemli kreditlərə görə bank tərəfindən müştərilərə edilən zənglərə xitam veriləcəyi ilə bağlı informasiya yayılıb. Məlumata görə, bu barədə ölkə banklarına Mərkəzi Bank tərəfindən qadağa qoyulub. Qadağaya səbəb isə borclu müştərilərə edilən zənglərin onlarda psixoloji gərginliyi artırması, bəzi şəxsləri intihara təhrik etməsidir. Hansı ki, bu cür hallarda CM-nin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi qaldırılır ki, bu halda bütün məsuliyyət bankın üzərinə düşür.
Yazılanlara inansaq, baş bankir banklara kreditini ödəyə bilməyən müştərilərlə başqa cür “haqq-hesab çəkməyi” məsləhət görüb. Belə ki, banklara bildirilib ki, kreditini ödəyə bilməyən insanlar haqqında məhkəməyə müraciət olunsun və məsələ hüquq müstəvisində həll edilsin. Başqa sözlə desək, vətəndaşı borca görə bank deyil, məhkəmə narahat etsin.
Göründüyü kimi, Elman Rüstəmovun “humanizmi” əksər Azərbaycan reallıqları kimi əcaibdir. Çünki baş bankir bu məsələdə insanların intiharından deyil, bu intiharlara görə bankların məsuliyyətə cəlb edilə biləcəyindən, onların adının hallanacağından ehtiyat edir. Məhz buna görə də bankları bu problemi məhkəmə hakimlərinin vasitəsi ilə həll etməyə səsləyir. Halbuki, borclu müştərilərin məhkəməyə verilməsinin təşəbbüskarı qismində yenə də bank çıxış edir. Bu isə o deməkdir ki, kimsə borcunu ödəyə bilmədiyi üçün məhkəməyə düşəcək və intihar edəcəksə, baiskar yenə də bank olaraq qalacaq. Başqa sözlə desək, əlcək başqa olsa da, əl həmin əl olacaq. Hərçənd ki, baş bankir bu məsələdə sözün həqiqi mənasında humanist mövqe sərgiləyə, bankları daha anlayışlı olmağı, borcunu ödəyə bilməyən şəxslərin maddi durumunu nəzərə alaraq ödəniləcək kreditin şərtləri yumşaltmağı tövsiyyə edə bilərdi. Bu, həm bankı, həm də vətəndaşı məhkəmə süründürməçiliyindən xilas edər, intiharların bəlli bir qisminin qarşısını alardı. Lakin maliyyə naziri və ali siyasi hakimiyyətin digər təmsilçiləri kimi E.Rüstəmov da, sadəcə bankların qayğısına qaldığından, məhz onların maraq və imicinin müdafiəsinə hesablanan “çıxış yolu” təqdim edib.
Bəli, E.Rüstəmovun təqdim etdiyi bu çıxış yolu “öldür, amma iz qoyma” prinsipinə hesablanıb. Bu “humanizm” banklara icazə verir ki, vətəndaşın sinəsinə çöküb ona verdiyi krediti faizi ilə birlikdə son qəpiyinə qədər tələb etsin. Amma bunun ardınca vətəndaşın sinəsindəki barmaq izlərini məhkəmənin köməyi ilə diqqətlə silsin. Belə ki, əgər kimsə bankın təzyiqinə tab gətirməyib öznü öldürsə, o zaman onun üzərindən bankın deyil, məhkəmənin barmaq izləri çıxsın. Yəni hər şey türklər demiş, üsuluna, kitabına görə, “qanun çərçivəsində” həyata keçirilsin. Bankın həyatına qəsd edən vətəndaşa görə başı ağrımasın.
Bir sözlə, E.Rüstəmovun borclu vətəndaşlara bank zəngini qadağan edən göstərişi əl və əlcək oyunundan, ictimai rəyi çaşdırmaq cəhdindən başqa bir şey deyil. Bu, sifarişçinin qatilə öz qurbanını bu deyil, digər üsulla öldürmək tapşırığı verməsinə bənzəyir və bütün hallarda qurban üçün heç nə dəyişmir. Odur ki, borclu müştərilərdən pulun məhkəmə vasitəsi ilə alınacağı xəbərini elan edib vətəndaşların bundan sevinc duymasını gözləmək, bunu humanizm kimi qələmə vermək absurddur. Bu, qatildən fərqli metodla öldürüləcəyini eşidən qurbanın sevinməsini gözləmək kimi bir şeydir. Halbuki, nəticə qurban üçün istənilən halda eyni olaraq qalır. Kəsiləcək qoyun üçün isə məşhur məsəldə deyildiyi kimi, toyda, yoxsa yasda kəsilməyin heç bir əhəmiyyəti yoxdur.
Seymur Əliyev
e-mail: [email protected]