Bugünlərdə maliyyə naziri Samir Şərifov maraqlı açıqlama ilə çıxış etdi. Evdə pul saxlamağın riskli olduğuna, bu pulların hər an oğurlana biləcəyinə diqqət çəkən maliyyə naziri, əhalini öz pullarını banklara qoymağa səslədi. Maliyyə nazirinin boşalan bankları zəhmətkeş əhalinin qəpik-quruşu ilə doldurmaq həvəsindən doğan bu tövsiyyəsindən sonra, bəzi telekanallar da məlum istiqamətdə geniş təbliğat kampaniyasına start verdi. Bu gün də davam edən kampaniyadan belə anlaşılır ki, ölkədə saysın-hesabsız cinayətkar dəstə at oynadır və əgər kiminsə evindən nə isə oğurlanarsa vətəndaş buna görə yalnız və yalnız özünü təqsirkar bilməlidir.
Doğrudan da qəribə məntiqdir.
On minlərlə polis əməkdaşının büdcədən
maliyyələşdiyi, kriminogen duruma tam nəzarət edildiyi ilə bağlı vaxtaşırı rəsmi
bəyanatların verildiyi bir ortamda insanları oğru dəstələrinin aktivliyi ilə
qorxutmaq, bu yolla onlara psixoloji təsir edərək öz vəsaitlərini banklara
qoymağa vadar etmək dövlət adına utancdır. Belə bir təbliğatın aparıldığı dövlətdə insanların mallarının və canlarının təhlükəsizliyindən
dolayı güvənsizlik duymasından təbii heç nə ola bilməz.
İnsanları banklara
oğurluqların artmasını əsas gətirərək təşviq etməyin digər bir zərərli tərəfi
onları xırda oğrudan qorumaq adı altında daha böyük oğruya yönləndirməkdir.
Bu gün ölkədə ən böyük
oğru rolunda məhz banklarının çıxış etdiyi kimsəyə sirr deyil. Kimsəyə sirr
deyil ki, uzun illlər hesabına qazandığı 5-10 manat pulu banka qoyan vətəndaşlar
aylar, illər ərzində banka ayaq döysə də, bəzi hallarda öz halal pullarını ala
bilmir, bəzən isə buna uzun məşəqqətdən sonra nail olurlar. Banklar tərəfindən
aldadılan və ya süründürməçiliyə məruz qoyulan minlərlə insanın yaşadıqları
buna nümunə sayıla bilər. Odur ki, insanlara oğurluqların sayının artmasını
xatırladaraq onları banklara yönləndirmək bir insanı timsahdan qoruyub əjdahanın
qucağına atmaq, əjdahaya yem etməyə bənzəyir. Hansı ki, timsahdan fərqli
olaraq, əjdaha ilə mübarizədə onun cüzi də olsa şansı olmur.
İnsanları qorxudaraq
onları banklara istiqamətləndirməyə çalışan bzi rəsmilərin bu təhlükəli
qayğıkeşliyi Bakı kəndlərində məşhur olan bir hadisəni yada salır.
Deyilənə görə, II Dünya
müharibəsi illərində Bakı kəndlərinin birində kolxoz sədri cəbhəyə yollanan
anbardarın yerinə adam təyin etmək üçün kolxozçuların toplantısını çağırır. Məqsəd
səsvermə yolu ilə, əksəriyyətin münasib hesab etdiyi şəxsi anbardar qoymaq idi.
Kolxoz sədrinin məlum toplantısından xəbər tutan Xanbaba adlı məşhur oğru və dələduz
bu fürsətdən yarralanmaq, anbardar vəzifəsinə keçib anbarı talamaq həvəsinə
düşür. Bu məqsədlə də o, yaxın adamlarından birinə toplantı zamanı onun namizdəliyini
irəli sürməyi təklif edir.
İclas başlayan zaman
kolxoz sədri kənd sakinlərindən anardar vəzifəsinə münasib bildikləri şəxslərin
adlarını çəkmələrini istəyir. Bildirir ki, yeni anbardar səs çoxluğu ilə seçiləcək.
Kolxoz sədrinin yaratmış
olduğu bu vəziyyətdən istifadə edən Xanbabanın dostu söz alaraq ayağa qalxır və
anbardar vəzifəsinə Xanbabanın namizədliyini irəli sürür. Məşhur oğrunun dürüst,
namuslu şəxs təqdimatında anbardar vəzifəsinə namizədliyi iclasdakıların qəhqəhəsinə
səbəb olur. Bu ideyanın hardan gəldiyini və nəyə hesablandığını başa düşən
kolxoz sədri isə üzünü Xanbabanın namizədliyini irəli sürən şəxsə tutaraq
deyir: “Bizdən Xanbabanı anbardar qoymağımızı istəyirsən. Bizsə ona görə
anbardar axtarırıq ki, anbarı Xanbabadan qoruyaq”.
Bu gün əhalini banklara həvalə
etmək yox, xalqı, xalqın pulunu banklardan qorumaq üçün əlavə qanun və
strukturlar formalaşdırmağa ehtiyac var. Çünki bu gün heç bir oğru bank qədər təhlükə
törətmir və bank xaric heç bir oğru qanuna söykənib öz maraqlarını başqalarının
hüquqlarını pozmaq hesabına təmin etmir.
İnsanları banklarla əməkdaşlığa
həvəsləndirmək üçün ilk növbədə banklara, onların dürüstlüyünə inam yaratmaq
lazımdır. Nə qədər ki, bu inam yoxdur, nə qədər ki, bank vətəndaşın əmanətinin
qoruyucusu yox, qənimi qismində çıxış edir, insanların hətta oğru dəstələrinin
çoxluğu ilə də qorxudub banka yollamağa məcbur etmək mümkün olmayacaq.
Seymur Əliyv
e-mail: [email protected]