Son günlər manatın devalvasiyası nəticəsində ərzaq və qeyri-ərzaq məhsullarının qiymətindəki artım vətəndaşlar arasında ciddi təlaşa səbəb olub. Alıcılıq qabiliyyəti onsuz da aşağı olan sadə Azərbaycan insanının adi çörəyə olan tələbatını belə ödəyə bilməməsi onların bir qisminin küçə və meydanlara çıxaraq qiymət artımına etiraz etməsi ilə müşahidə edilməkdədir. Siyəzən, Füzuli və s. rayonlarda qiymət artımı ilə bağlı müşahidə edilən aksiyalar insanların “olummu, ölümmü” dilemması qarşısında qaldığını, bütün risk və təhlükələrə baxmayaraq, yeganə çıxış yolunu küçələrə çıxmaqda gördüyünü göstərir.
Rayonlarda baş qaldıran
aksiyalarla bağlı diqqət çəkən bir neçə məqam var ki, bunlardan da biri
etirazçı kütlənin qarşısına dərhal polislə yanaşı, Daxili Qoşun hissələrinin də
çıxarılmasıdır.
Tamamilə dinc xarakter
daşıyan, heç bir siyasi motiv daşımayan, sırf iqtisadi-sosial tələblərin səsləndirildiyi
aksiyaya qoşun hissələrinin cəlb edilməsi hər şeydən öncə xalqa olan xoş
olmayan münasibətin göstəricisi sayıla bilər. Hansı ki, Daxili Qoşun hissələrinin
hətta aksiyaya heç bir müdaxilə etmədən prosesləri kənardan seyr etməsinin özü
belə, görüntü etiari ilə insanlara psixoloji baxımdan mənfi təsir göstərən,
onları daha da qıcıqlandıran, aqressiyaya sövq edən amillərdən biridir.
Ümumiyyətlə, xalqa qarşı
ordudan, qoşun hissəsindən, silah və dəyənəkdən istifadə etmək, yaxud belə bir
niyyət sərgiləmək, bu niyyət üşün hazırlıq görmək hər şeydən öncə əxlaqi-mənəvi
baxımdan qəbuledilməzdir. Çünki bu, psixoloji anlamda ordu və xalqı üz-üzə
qoymaq, onlar arasında mənəvi uçurum yaratmaq, cəmiyyətdəki birliyi, bütövlüyü
parçalamaq deməkdir. Bu, həm də tamamilə faydasız, əks-effekt doğuracaq bir
addımdır. Xalqa qarşı ordudan istifadə etmək ətdən dırnağa, sağ gözdən sol gözə,
oğuldan ataya qarşı istifadə etmək qədər mənasız və ikrahedici bir təşəbbüsdür.
Ordu xalqın övladı, onun bətninin, bədəninin, ruhunun bir hissəsidir və ən həlledici
anda xalqın yanında olacaqdır.
Ordudan, DİN-nin və ya hər
hansı nazirliyin tərkibində olmasından asılı olmayaraq, istənilən qoşun növündən
yalnız xalqın, dövlətin düşmənlərinə qarşı istifadə oluna bilər. Daxili
Qoşunlar Qarabağ müharibəsində, Azərbaycanın ərazi bütövlüyünün qorunmasında
iştirak edən, bu müharibədə öz əzmkarlığı, qəhrəmanlığı ilə yadda qalan, Milli
Qəhrəmanları ilə şöhrət qazanan qoşun növüdür. Azərbaycan tarixində bu cür xidmətləri
olan qoşun növündən Azərbaycan vətəndaşlarının keçirdiyi dinc aksiyada istifadə
etmək, ilk növbədə bu qoşun növünün özünün nüfuzdan salınması deməkdir ki, buna
da əsla yol vermək olmaz.
Əyalətlərdə keçirilən
aksiyaların məcrasından çıxacağından, alovlanacağından, ümumxalq etirazına çevriləcəyindən
ehtiyat edərək Daxili Qoşun hissələrinin aksiyalara cəlb edilməsinin özü də məntiqsizdir.
Çünki ac mədəni bu günə qədər hakimiyyət təmsilçilərinin səsləndirdiyi yalan vədlər,
analoqsuz inkişafla bağlı nağıllar doyurmadığı kimi, dəyənək və güllə ilə də
doyurmaq mümkün deyil. Ac insanları güllə və ya dəyənək ziyafətinə dəvət etməklə
bu etirazları susdurmaq, coşan kütləni sakitləşdirmək, geri çəkilməyə vadar etmək
imkansızdır. Bu, yalnız epizodik “qələbə” ola bilər. Hansı ki, bu qanlı
“humanizmin” qarşılığı xalq tərəfindən on misli ilə verilə bilər.
Ac insanın küçəyə
çıxmağa, ona idarə edən hakimiyyətdən çörək və iş istəməyə haqqı var. Bu, onun
həm bəşəri, həm də ilahi haqqıdır. Burada ən kiçk qanunsuzluq, ən xırda
pozuculuq fəaliyyəti mövcud deyil. Ən böyük qanunsuzluq və əxlaqszlıq çörək tələb
edən insanları təhdid edərək, onlara hədə-qorxu gələrək geri qayıdıb evində
acından ölməyə məcbur etməkdir.
Ac insanı təsəlli etməyin
yeganə yolu onu kötəyə deyil, kökəyə qonaq etməkdir. Bu, qədim və sadə həqiqəti
dərk edilməməsi böyük faciələrə səbəb ola bilər.
Bəli, ac mədəni güllə ilə
doyurmaq mümkün deyil. Ac mədə ona atılan hər bir gülləni gec tez onu atanların
qəlbinə qusacaq, eyni “ərmağana” onların özünü qonaq edəcək. Tarix bu cür hadisələrlə
zəngindir və onu daha bir nümunə ilə zənginləşdirməyə ehtiyac yoxdur.
Seymur Əliyev
e-mail: [email protected]