Düz doqquz il öncə Tartuda gördüyüm universitet kimi...
4629
09 Jan 2016 | 10:50

Düz doqquz il öncə Tartuda gördüyüm universitet kimi...

2007 ”“ci ilin yazında altı nəfər həmkarımla birlikdə Estoniyaya səfər etmişdim. Səfərin məqsədi bu ölkənin təhsil sistemində həyata keçirilən təhsil islahatları, xüsusən də tələbə və şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi təcrübəsi ilə tanış olmaq idi. Bir gün ərzində Tartu Universitetində yüksək səviyyədə təşkil olunmuş seminarda həm nəzəri, həm də praktiki cəhətdən bu proseslə tanış olduq. Tələbələrin dərslərə davamiyyətindən başlamış, tapşırıqların verilməsində, biliklərinin qiymətləndirilməsində, müəllim-professor heyətinin tələbələrlə əlaqələrinin qurulmasında, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində İnformasiya Kommunikasiya Texnologiyalarından yüksək səviyyədə istifadə edilməsi bizi çox heyrətləndirmişdi. “Kaş, bizdə də belə bir universitet olaydı” fikri o gün bir-birimizə söylədiyimiz bir istək və arzu idi. Bizə Universitetin bu başarıya gənc, perspektivli idarəedicilərinin səyi nəticəsində nail olduğunu söylədilər. Bu çox vacib bir məsələdir. Çünki aparılan müşahidələr göstərir ki, islahat proqramlarının istər ümumtəhsil orta məktəblərində, istərsə də ali məktəblərdə müvəfəqiyyətlə aparılması həmin təhsil osaqlarını idarəedənlərdən çox asılıdır. Son zamanlarda ölkəmizin təhsil sistemində aparılan islahatlar təhsili idarəedənlərin yenilənməsi, rəhbər kadrların təyinatı ilə yeni bir mərhələyə daxil oldu. İstər orta məktəblərdə, istərsə də ali məktəblərdə bu kadr islahatları artıq öz bəhrəsini verməkdədir. Buna mən bir qrup Qeyri-Hökümət Təşkilatlarının nümayəndəsi tərkibində Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin qış semestr imtahanlarının təşkili və gedişatı ilə tanış olduqdan sonra bu qənaətə gəldim. Bu yazımda heç də Universitetdə 2-3 il öncə baş verən neqativ hallardan bəhs etməyəcəyəm, fikrimcə, ölkə mətbuatı çox da uzaq olmayan bir dövrdə nələrin baş alıb getdiyi haqqında yetərincə məlumat vermib. Hal-hazırda Universitet öz yeni rəhbəriliyi ilə yeni bir yolda öz uğurlu addımlarını atmaqdadır. Auditoriyaları gəzdikcə, tələbələrlə söhbət etdikcə qısa bir müddət ərzində Universitetdə əldə edilən başarılar diqqəti cəlb edir. Haqlı olaraq ölkə üzrə ali məktəblərin reytinq cədvəlində birinci yeri tutub. Öyrədənlərlə öyrənənlər arasında davamlı əməkdaşlığın yaradılmasında, kadr hazırlığına müsbət təsir edən inteqrativ baxışların əsaslarının və istiqamətlərinin müəyyənləşdirilməsində, müzakirə və mübadilələr zamanı yaranmış səmərəli təşəbbüs və yanaşmaların ümumiləşdirilməsində, tətbiqində, gənc məllimlər üçün pedaqoji inkişaf sessiyalarının, seminar və təlimlərin təşkilində, onlarda peşə məsuliyyəti, kompetensiyalar haqqında düşüncə tərzinin formalaşdırması istiqamətində, bütün resursları tələbələrin bilik və bacarıqlarının optimal və obyektiv qiymətləndirilməsinə yönəldilməsi yarım gün ərzində Universitetdə gördüklərimdir. İqtisad Universiteti timsalında əminliklə deyə bilərəm ki, Azərbaycanda da belə bir Universitet vardır. Düz doqquz il öncə Tartuda gördüyüm Universitet kimi... Düşünürəm ki, Təhsil Nazirliyi tərəfindən Universitetin təcrübəsinin öyrənilməsi və yayılması ümumi işə fayda verər.

Məlahət Mürşüdlü
Link kopyalandı!
Son xəbərlər