Türkiyə-Rusiya gərginliyi fonunda Azərbaycanın qardaş ölkəyə verdiyi siyasi-mənəvi dəstək Kremli ciddi şəkildə narahat etməkdə, qıcıqlandırmaqdadır. Təsadüfi deyil ki, dekabrın 4-də “Günəşli” yatağının 10-cu platformasında baş verən yanğının da məhz Rusiyanın təxtibatı ola biləcəyi ilə bağlı fikirlər səslənir ki, bu da Putin hakimiyyətinin mahiyyətinə az-çox bələd olan hər kəs üçün tamamilə real görünür.
Maraqlıdır,
Azərbaycanın Türkiyəyə dəstəyindən heç cür məmnunluq duymayan Rusiya, Azərbaycan-Ermənistan
təmas xəttində yeni bir gərginliyə start
verməklə vəziyyətin bir qədər də mürəkkəbləşməsinə cəhd edə bilərmi? Mümknüdürmü
ki, Rusiya Azərbaycana olan bu qəzəbini yenidən Qarabağ kartını işə salmaqla
büruzə versin?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin
rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov bu
ehtimalın kifayət qədər ciddi olduğuna diqqət çəkdi:
“Noyabrın
24-dən bu yana dünya sanki bir savaş meydanına çevrilməkdədir. Rusiyanın “SU-24”
bombardımançı təyyarəsinin Türkiyə dövlət sərhədini pozması nəticəsində
vurulması rusların yuxusuna haram qatıb. Putin və ətrafı heç cürə sakitləşmək
bilmir. Türkiyə tərəfinin dəfələrlə bu məsələni şişirtməmək, sakit tonda, təhqirsiz,
hədə-qorxusuz, ən əsası isə şantazsız şəkildə bu məsələni müzakirəsi təklifi nədənsə
hikkəli və özündənrazı Rusiya siyasi və hərbi rəhbərliyinə çatmır. Əlbəttə ki,
belə bir gərgin atmosferda iki dost və qonşu arasında olan gərginlikdən ən çox
ziyan görən ölkələrdən biri də Azərbaycandır. Biz çox doğru olaraq bizə hər mənada
yaxın olan qardaş Türkiyənin maraqlarını nəzərə alıb onun yanında olmalıyıq və
necə ki, yanındayıq. Necə olur ki, bizim torpaqlarımızı işğal edən və həyasız
Ermənistanla Rusiyanın həm iqtisadi sahədə, həm də hərbi sahədə strateji müttəfiqlik
mövcuddur və biz buna sakit yanaşırıq, Rusiyanın da borcudur ki, bizim Türkiyə
ilə münasibətlərimizə son dərəcə ehtiramla və hörmətlə yanaşsın.
İki
ölkə arasında olan gərginlik özünü Qarabağ cəbhəsində də göstərməkdədir. Rusların
əlaltıları olan Ermənistan rəhbərliyi cəbhədə müxtəlif təxribatlar törədir və
istifadə etdiyi silahların çeşidini də bir qədər artırıb. Əvvəllər avtomat və
pulemyotlardan daha çox istifadə olunurdusa, indi minaatan və artilleriya
qurguları istifadə edilir. Azərbaycan tərəfi də düşmənə layiq olduğu cavabı
verir. Bu, bundan sonra da belə olacaqdır. Rusları əlbəttə ki, Azərbaycanın
Türkiyəyə verdiyi dəstək qıcıqlandırır, amma onlar yaxşı başa düşürlər ki, bu
belə də olmalıdr. Onlar bunu açıq biruzə verməsələr də, hardasa çalışırlar ki,
ya birbaşa, ya da dolayısı ilə bizə müəyyən çətinliklər, problemlər
yaratsınlar. Yəqin ki, yaxın zamanlarda Rusiya-Türkiyə arasında olan gərginlik
nisbətən səngiyəcək və münasibətlər yavaş-yavaş məcrasına düşəcəkdir. Bu,
Türkiyədən daha çox iqtisadi vəziyyəti daha da ağırlaşan Rusiyaya daha çox
lazımdır. Bu yumşalma özünü cəbhə bölgəsində də göstərəcəkdir. Amma ordumuz da
son dərəcə diqqətli və ayıq-sayıq olmalıdır”.
Seymur Əliyev