“Rusiya hər zaman Azərbaycan üçün təhlükə mənbəyi olaraq qalacaq”
4745
12 Dec 2015 | 00:58

“Rusiya hər zaman Azərbaycan üçün təhlükə mənbəyi olaraq qalacaq”

Rusiya-Türkiyə gərginliyi fonunda Türkiyəyə qarşı bütün cəbhələdə hərəkətə keçən rəsmi Moskva, anti-türk tədbirlər planının tərkib hissəsi kimi Ermənistan faktorundan da yararlanmağa qərar verib. Bu məqsədlə “Su-24” təyyarəsinin vurulmasından dərhal sonra qondarma “erməni soyqırımı”nın inkarına görə 5 il həbs cəzasını nəzərdə tutan qanun layihəsini Dumada gündəmə çıxaran Kreml, Ermənistanda rus hərbi gücünün artırılması istiqamətində də ciddi addımlara start verib. Bu məqsədlə Rusiyaya məxsus S-400 raket sistemlərinin Ermənistan-Türkiyə sərhəddində yerləşdirilməsi həyata keçirib ki, bu da Türkiyə ərazisinin 85%-nin faktiki olaraq nəzarət altına alınması deməkdir.

Bugünlərdə isə Kreml Ermənistandakı 102-ci hərbi hava bazasına əlavə döyüş təyyarələrinin gətirilməsinə qərar verib. Hansı ki, Kremlin bu qərarı Ermənistanda Rusiyanın hərbi mövcudluğunun əhəmiyyətli dərəcədə artırılması deməkdir.

Maraqlıdır, Rusiyanın Ermənistan ərazisindəki hərbi gücünü artırması Azərbaycana nə vəd edir? Həqiqətənmi Ermənistanda qərarlaşan rus hərbi gücü Qarabağ müharibəsi başlayacağı təqdirdə Azərbaycanın əleyhinə yönəlməyəcək? Azərbaycan müharibə şəraitində olduğu dövlətdə Rusiyanın bunca hərbi texnikasının cəmlənməsinə öz etirazını bildirməlidirmi?

Moderator.az-a açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy hesab edir ki, Rusiya hər zaman Azərbaycan üçün başlıca təhlükə mənbəyi olaraq qalacaq:

Geopolitik aspektdən çox önəmli məkanda yerləşən Azərbaycan üçün Rusiya və İran daima təhlükə mənbəyi olaraq qalacaq. Həm Rusiya, həm də İran hər zaman Azərbaycana dost desə də, bu, "dostluğun" arxasında pis niyyətin gizləndiyi hər kəsə bəllidir. Fikrimcə, razılaşmayan olmaz, Rusiya və İran Azərbaycanın müstəqilliyini, xüsusən də Qərbyönümlü siyasət yürütməsini həzm etmir. Bu iki dövlət Azərbaycana özünün əyaləti kimi baxmaqdadır. Bu durumda Azərbaycanın yeganə yolu düşünürəm ki, ABŞ və Qərbi Avropaya yaxınlaşmaqdır. Bu, nə qədər ağrılı olsa da, biz bunu etməliyik. 10 milyonluq geopolitik əhəmiyyətə və zəngin sərvətə malik Azərbaycanın etibarlı dosta ehtiyacı var. Rusiya və İran etibarsız dostlardır. Rəsmi dairələr də bunu gözəl bilir və bu durumda ABŞ və Qərbə yönəlik siyasətin acı nəticələr verəcəyini anlayır”.

S.Əlisoyun fikrincə, Türkiyə-Rusiya gərginliyi rəsmi Bakıdan həddindən artıq düşünülmüş və ehtiyatlı addımlar atmağı tələb edir:

 “Rusiya Türkiyə münasibətlərinin gərginləşməsi Azərbaycanı çox ciddi düşünülmüş addımlar atmaq məcburiyyətində qoyub. Hər hansı bir ölçülməmiş addım ağır fəsadlar verə bilər. Rusiyanı Türkiyəyə qarşı müharibə etməyə qoymayacaqlar. Bir müddətdən sonra onlar danışıq masasında görüşəcəklər. Rusiya cəbbəxanası isə bölgədə qalmaqda davam edəcək. O silah-sursat hər hansı bir dönəmdə bizə qarşı istifadə oluna bilər. Dövlət rəsmiləri yəqin ki, ehtiyat tədbirləri görməkdədir. Eyni zamanda ABŞ və Qərb də Rusiyanın bölgədə qubernatorluq iddiasını dərk edir və onlar Rusiyanı durdurmaq üçün gərəkən addımları atacaqlar.

Qeyd etmək yerinə düşər ki, Rusiya-Türkiyə münasibətləri gərginləşdikdən sonra Azərbaycanın dövlət olaraq atdığı addımlar təqdir olunmalıdır.

Emosiyalara söykənən hər hansı bir addım zatən qəzəbli olan Rusiyanı Azərbaycana qarşı "dostcasına" addımlar atmağa vadar edər”.

 

 

Seymur Əliyev

 

 

Link kopyalandı!
Son xəbərlər